EN

Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...


İlyas Hüseynov: “Bunun arxasında bir sıra məqamlar gizlənir”

“Ermənistan dəmir yollarının idarə edilməsi Rusiya şirkətinə verilib. Bu o deməkdir ki, Ermənistanın rezident şirkəti olan və Ermənistan Respublikasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən Ermənistanda Cənubi Qafqaz Dəmir Yolu adlı şirkət yaradılıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında Sünikdən (Qərbi Zəngəzur-İ.S) keçən yolun da Rusiya şirkətinə autsorsinqə verilə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

"Cənubi Qafqaz Dəmiryolunun nəzarətində olan bir kvadrat millimetr ərazi yoxdur ki, orada Ermənistan polisinin və hər hansı dövlət orqanının səlahiyyətləri məhdudlaşdırılsın. Bu ərazi bütünlüklə Ermənistanın yurisdiksiyası və suverenliyi altındadır. Söhbət eyni modeldən gedir...

Sual qaldırılıb ki, ABŞ maraqlıdırmı? Bəli, belədir. Bəs bizi ABŞ-ın maraqları maraqlandırırmı? Bəli, belədir. Təkcə ABŞ deyil, Aİ də maraqlıdır.

Biz də bunda maraqlıyıq. Hansı modellər ola bilər? Məsələn, erməni-amerikan birgə müəssisəsi. Hansı variant müzakirə olunursa, biz bunu Ermənistan Respublikasının suverenliyi və yurisdiksiyası çərçivəsində nəzərdən keçiririk, necə ki, Zvartnots hava limanında və ya Cənubi Qafqaz Dəmir Yolunda. Nəzəri cəhətdən Rusiya investisiyaları istisna deyil, biz kimin ən yaxşı şərtləri təklif edəcəyini və hansı razılaşmanın əldə olunacağını müzakirə edirik. Hazırda təklif Amerikanındır və biz onu müzakirə edirik. Razılıq əldə olunan kimi siz bundan xəbər tutacaqsınız”, - deyə Paşinyan bildirib.

Paşinyan Zəngəzur dəhlizinin ABŞ-a verilməsi fikrinə məqbul yanaşır və bunu Ermənistanın dəmir yollarının idarəçiliyinin Rusiyaya verilməsi ilə müqayisə edib deyir ki, birgə idarəetmə ziyanlı deyil, bizdə birgə idarəçilik nümunələri var. Paşinyan Ermənistan dəmir yollarını Rusiyaya verdiklərini, amma bunun Ermənistanın suverenliyinin pozulması olmadığını deyib. Paşinyanın Zəngəzur dəhlizinə nəzarətin ABŞ-a verilməsini Ermənistanda dəmir yollarının Rusiya verilməsi ilə müqayisə etməsinin arxasında nə gizlənə bilər?

“Paşinyanın Zəngəzur dəhlizinə ABŞ-ın nəzarəti məsələsinin Ermənistan ərazisində dəmiryol şəbəkəsinin Rusiyaya verilməsi ilə müqayisəsi daxildə narazı kütlələri...”

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bir sıra mühüm məqamlara toxunub və Ermənistan ictimaiyyətini düşündürən, narahat edən sualları cavablandırıb. “Zəngəzur dəhlizinə təhlükəsizlik nəzarəti baxımından bu səlahiyyətlərin ABŞ-a verilməsi ciddi müzakirə olunur və bir sıra önəmli şəxslər bu fikri siyasi dövriyyəyə buraxıblar, çalışırlar ki, ABŞ-ın maraqları Ermənistan ərazisində təmin olunsun. Bunun arxasında bir sıra məqamlar gizlənir. Məsələn, onu qeyd edə bilərik ki, ABŞ-ın Ermənistan ərazisində çox böyük bir səfirliyi var və məlumdur ki, o səfirlik heç də tamamilə diplomatik fəaliyyətləri tənzimləmir. Eləcə də ABŞ-ın Ermənistan ərazisində Zəngəzur dəhlizinə təhlükəsizlik zəmanəti verməsi geosiyasi qarşıdurmalara yol aça bilər. Nikol Paşinyanın Zəngəzur dəhlizinə ABŞ-ın nəzarəti məsələsini Ermənistan ərazisində dəmir yolu şəbəkəsinin Rusiyaya verilməsi ilə müqayisəsi daxildə narazı kütlələri sakitləşdirmək məqsədi daşıyır. Çünki Paşinyan izah edir ki, Rusiya dəmir yolu şirkətinin Ermənistanda dominant qüvvəyə malik olması heç də suverenliyin, müstəqilliyin, ərazi bütövlüyünün məhdudlaşdırılması deyil və bugünə qədər də bu formada yaşayıblar. İndi isə ABŞ şirkəti Zəngəzur dəhlizinə təhlükəsizlik təminatı verəcəksə onu da qəbul etmək olar. Əksinə, Nikol Paşinyan bunu Rusiyanın Ermənistanın dəmir yolu üzərində inhisarının sıxışdırıb çıxarılması kontekstində nəzərdən keçirib. Paşinyanın fikirlərimizi və sözlərimizi möhkəmləndirən digər tezisi də bundan ibarətdir ki, Ermənistan qarşıdakı dövrdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) nəinki fəaliyyətini donduracaq, hətta bu hərbi-siyasi blokdan çıxmaq haqqında da düşünür. Dolayısı ilə Paşinyan izah etməyə çalışır ki, Rusiyanın Ermənistan ərazisində müxtəlif sahələrdə olan üstün mövqeyini məhdudlaşdıracaqlar. O cümlədən də Rusiya Dəmir Yolları Şəbəkəsinin Ermənistanda olması daha da qısalacaq. Necə ki, Samvel Karapetyanın həbsindən sonra Ermənistanın elektrik şəbəkəsinin birlışdirilməsi haqqında fikirlər geniş vüsət alır”-deyə İ.Hüseynov vurğuladı.

İ.Hüseynovun fikrincə, bu baxımdan, Paşinyan həm izahat xarakterli çıxış edib, həm də ondan istənilən fikirlərin geniş auditoriyaya çatdırılmasını icra edib.

İradə SARIYEVA

Chosen
48
baki-xeber.com

1Sources