Yeni inşa edilən çoxmərtəbəli binalarda mərkəzi istilik sistemi tətbiq olunacaq. “İstilik təchizatı haqqında” yeni qanuna əsasən çoxmənzilli binalarda fərdi kombi sistemlərinin quraşdırılması yalnız icazə əsasında mümkün olacaq.
Əsas məqsəd daha təhlükəsiz və qənaətli istilik infrastrukturunun qurulmasıdır. Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənovun sözlərinə görə, “İstilik təchizatı haqqında” yeni qanunda əsas məqsəd mərkəzi istilik sistemlərinin inkişafına nail olmaqdır: “Nəzərə alınmalıdır ki, fərdi istilik sistemlərində müəyyən qədər təhlükələr var. Bu, təbii qazdan yaranan partlayış, zəhərlənmə hallarıdır. Xərclərə gəldikdə isə, təbii ki, hər bir istehlakçı istifadə etdiyi qaza görə pul ödəyir. Amma bütün hallarda, fərdi sistemlərlə müqayisədə mərkəzi istilik sistemi daha qənaətcildir”. İllərdir paytaxtda və böyük şəhərlərdə kombi sistemlərinə geniş keçid olsa da, bu proses heç də nəzarətli və planlı getməyib. Bir binada 20 mənzil kombidən istifadə edir, digərləri mərkəzləşdirilmiş sistemlə işləyir. Nəticədə, təzyiqdə fərqlər təchizatda qeyri-bərabərlik yaranır. Yeni qanun bu xaosu aradan qaldırmağı hədəfləyir. İqtisadi baxımdan da bu keçid sərfəli hal hesab edilir. Çünki fərdi kombi sistemlərində qaz istehlakı yüksəkdir, xərclər və tariflər dəyişkəndir. Mərkəzləşdirilmiş istilik sistemi isə itkiləri azaldır, tariflərin sabit tənzimlənməsinə şərait yaradır. Qiymətlər isə MTK-lar tərəfindən müəyyən ediləcək. Ekspertlər hesab edir ki, bu sistem gələcəkdə digər binalara da şamil edilə bilər. Bəs bu qərarın üstün və mənfi tərəfləri nədən ibarətdir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində qazdan istifadə olunmur. Mərkəzi istilik sistemi və mətbəx qızdırıcıları yalnız elektriklə işləyir. Bu, bir tərəfdən təhlükəsizlik baxımından daha faydalıdır. Digər tərəfdən isə binalarda hər bir mənzildə kombi aparatının quraşdırılması ekologiyaya ciddi zərbə vurur.
Onun sözlərinə görə, Bakıda minlərlə çoxmənzilli yaşayış binası var və bu binalardakı yüzlərlə mənzildə quraşdırılmış kombilərin hər birindən çıxan zəhərli qazlar havaya yayılır və ekologiyanı çirkləndirir. Əgər bu sistemlər mərkəzləşdirilmiş formada elektriklə işləyən istilik sistemi ilə əvəz olunsa, bu, həm ekoloji baxımdan daha məqsədəuyğun olar, həm də vətəndaşların aylıq ödənişlərini azaldar.
Ekspert qeyd edib ki, otaq sayı çox olan geniş mənzillərdə sakinlər təkcə qazın istifadəsinə görə qış aylarında 150-200 manat ödəyirlər: “Mərkəzi istilik sistemi tətbiq olunsa, bu daha sərfəli olar. Üstəlik, son vaxtlar mənzillərdə baş verən yanğınların da qarşısı alına bilər”.
Elnur Fərzəliyev əlavə edib ki, əgər hər hansı bir sahə üzrə qadağa tətbiq olunursa, məsələn, qaz çəkilişi qadağan edilirsə, onun alternativi mütləq şəkildə hazırlanmalı, ondan sonra məhdudiyyət tətbiq edilməlidir: “Əgər vətəndaşın evi istilik sistemi ilə təmin olunmur və ora qaz da çəkilmirsə, təbii ki, bu narazılıqla qarşılanacaq. Bu mərhələyə qədər yəqin ki, alternativ sistemlər hazırlanacaq”.
Kommunal sahə üzrə ekspert Nüsrət Qasımov isə hesab edir ki, müasir dövrdə mərkəzləşdirilmiş istilik sistemlərinin yenidən tətbiqi bir sıra çətinliklərlə üzləşə bilər: “Bu yanaşma iqtisadi baxımdan da məqsədəuyğun deyil. Mərkəzi istilik sistemlərinin bərpası üçün hər bir yaşayış massivində ayrıca qazanxana inşa edilməli, geniş boru şəbəkəsi çəkilməlidir. Halbuki bu gün şəhər infrastrukturunda belə sistemlərin yerləşdirilməsi üçün yer məhduddur. Sovet dövründə mövcud olan doqquz istilik qazanxanasından yalnız üçü fəaliyyət göstərir, digərləri isə sıradan çıxıb. Qalanlarının da bərpası mümkün deyil, çünki borular yerin altından keçir və üstü asfaltla örtülüb. Bu səbəbdən yolların qazılması və sistemin yenidən qurulması faktiki olaraq mümkünsüzdür”.
Qasımovun fikrincə, əksinə, fərdi kombi sistemləri həm daha çevik, həm də təhlükəsizlik baxımından üstün sayılır: “Mərkəzləşdirilmiş istilik yalnız müəyyən saatlarda işlədiyi halda, kombi sistemi istifadəçiyə istənilən vaxt onu işə salmaq imkanı verir. Bu cihazlar texnoloji baxımdan da üstün qurulub, avtomatik rejimdə tənzimlənir və yanma prosesi tam getdiyindən dəm qazı ayrılması riski yaranmır. Amma qazanxanalarda bu proses tam təmin olunmadığı üçün əvvəllər partlayış hadisələri də qeydə alınmışdı”.