EN

Regionlara yönəldilən investisiya

Yazını böyüt
Yazını kiçilt

Bəzi mənfi məqamlara baxmayaraq, hökumət bu proqramı uğurlu hesab edir

Azərbaycan iqtisadiyyati neft amilindən asılılığın tədricən azaldıldığı, yeni dövrə keçid etdiyi bir mərhələdədir. Bu mərhələnin əsas çağırışlarından biri regionların iqtisadi inkişaf potensialının reallaşdırılması və onların ölkə üzrə balanslı inkişafına nail olmaqdır. Regionların iqtisadi aktivliyinin artırılması isə yalnız daxili resursların səfərbərliyi ilə deyil, eyni zamanda yerli və xarici investisiyaların daha çox cəlb olunması ilə mümkündür.

2024-cü il ərzində Azərbaycan regionlarına yönəldilən investisiyalar ölkə iqtisadiyyatında balanslı və dayanıqlı inkişaf strategiyasının davam etdiyini bir daha təsdiqləyir. Rəsmi statistik göstəricilərə əsasən, ötən ildə əsas kapitala qoyulan ümumi investisiya həcmi 21 milyard 435 milyon manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 0,7 faiz azalma ilə müşahidə olunsa da, qeyri-neft-qaz sektorunda 3,3 faizlik artım, xüsusilə regionlar üçün müsbət dinamikanı əks etdirir.

Daha konkret təhlil aparmaq üçün rayon və şəhərlər üzrə investisiyaların bölgüsünə baxdıqda, maraqlı mənzərə yaranır. Siyahının birinci pilləsində Bakı şəhəri qərarlaşır. 2024-cü ildə ölkə paytaxtına 11 milyard 998 milyon manat investisiya yatırılıb. Bununla yanaşı, azad edilmiş ərazilər ən çox investisiya cəlb edən bölgələr sırasında ilk yerlərdədir. Belə ki, Kəlbəcər rayonu 1 milyard 381 milyon manatla ikinci, Laçın rayonu isə 923 milyon manatla üçüncü sırada yer alıb. Ağdam rayonu 838 milyon, Şuşa rayonu isə 758 milyon manat investisiya cəlb etməklə lider rayonlar sırasına daxil olublar. Bundan başqa, Zəngilan və Füzuli rayonlarına müvafiq olaraq 553 milyon və 551 milyon manat, Cəbrayıla isə 451 milyon manat sərmayə yönəldilib. Bu faktlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını inkişaf etdirmək istiqamətində ardıcıl və strateji siyasət apardığını göstərir.

2024-cü ildə investisiya cəlb edən sənaye şəhərləri də diqqətdən kənarda qalmayıb. Sumqayıt şəhərinə 339 milyon manat, Mingəçevir şəhərinə isə 335 milyon manat investisiya qoyulub. Siyahının sonlarında isə Qobustan rayonu qərarlaşır. Bu rayona cəmi 875 min manatlıq sərmayə yatırılıb.

Ölkənin sənaye zonalarına qoyulan investisiyalar isə xüsusilə diqqətəlayiqdir. 2024-cü ildə ölkə üzrə sənaye zonalarına 6,9 milyard manat dəyərində investisiya yatırılıb. Bu zonalarda fəaliyyətə başlayan 84 yeni müəssisə vasitəsilə təxminən 10 700 daimi iş yeri yaradılıb. Həmin müəssisələrin ümumi məhsul satışının 1 milyard 70 milyon manatı ixraca yönəldilmişdir ki, bu da ixrac potensialının artırıldığını göstərir.

Kənd təsərrüfatı sahəsində də investisiyaların artımı müşahidə olunur. Hazırda Azərbaycanda fəaliyyət göstərən 22 aqropark ümumilikdə 900 milyon manat özəl sərmayə cəlb edib. Dövlət dəstəyi ilə birlikdə bu layihələrin ümumi maliyyə dəyəri 1,1 milyard manata çatır. Bu aqroparklar regionlarda kənd təsərrüfatının modernləşdirilməsi, məhsuldarlığın artırılması və ixrac potensialının gücləndirilməsi baxımından mühüm rol oynayır.

2025‑ci ilin I rübündə Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların ümumi həcmi isə 3 467 691 min manat təşkil edib.

Bu investisiyaların 1 916 079 min manatı (55,2 faiz) Bakı şəhərinə yönəlmişdir və şəhər regionlar arasında investisiya baxımından lider olaraq qalır. Xızı rayonuna 2025‑ci ilin birinci rübündə 229214 min manat investisiya yatırılıb ki, bu da onu ölkədə ikinci ən investisiya cəlb edən bölgə edir. Laçın rayonu 123 670 min manatlıq investisiya ilə üçüncü yerdə qərarlaşıb. Ağdam rayonuna 110 876 min manat investisiya qoyulub və beləliklə o, regionlar sıralamasında dördüncü yerdə dayanır. Zəngilan rayonu investisiya cəlbində beşinci yerdədir. Bu rayona 107698 min manat yatırım edilib. Qubadlı rayonuna 96 306 min manat investisiya edilərək yeddinci sıradadır. Şirvan şəhəri 89 602 min manatlıq sərmayə ilə səkkizinci, Şuşa rayonu isə 88 236 min manatla doqquzuncu yerdədir. Kəlbəcər rayonu bu dövrdə 57 267 min manat investisiya almış və onuncu yerdə qərarlaşmışdır.

Ümumilikdə, son illər regionlara yönələn investisiyalar göstərir ki, dövlətin strateji baxışında mərkəzi yer tutan Qarabağ və ətraf bölgələr sürətlə yenidən qurulur. Qeyri-neft sektoru üzrə artan investisiyalar, sənaye parklarının inkişafı, aqroparkların genişlənməsi və diaspor sərmayələrinin təşviqi – bütün bu tədbirlər Azərbaycanın regional iqtisadiyyatını gücləndirən əsas amillərdəndir.

Beləliklə, son illər regionlara edilən investisiyalar Azərbaycanın iqtisadi inkişaf xəritəsində yeni konturlar yaratmaqla yanaşı, post-münaqişə dövründə azad edilmiş ərazilərin potensialını reallaşdırmaq istiqamətində mühüm addımların atıldığını təsdiqləyir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bu gün ölkəmizin sürətli inkişafında paytaxtla yanaşı, regionlar da önəmli rol oynayır.

Onun sözlərinə görə, bölgələrin sosial-iqtisadi mənzərəsi 20 il əvvəllə müqayisədə tamamilə dəyişib:

“Görülən işlərin nəticəsidir ki, artıq ölkənin bir sıra şəhər və rayonları büdcədən maliyyələşmir. Bu sırada paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir və digər rayonların adları var. Növbəti illərdə bu sayın daha da artacağı gözlənilir. Regionların inkişafı naminə uğurla reallaşdırılan Dövlət proqramları qeyri-neft sektorunun, sosial infrastrukturun yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və nəticədə rifah halının yaxşılaşmasına güclü stimul yaradıb. Regionlarda turizm potensialı sürətlə inkişaf edir. Kənd təsərrüfatı sahəsində irəliləyişlər göz önündədir. Yaradılmış münbit şərait, əlverişli imkanlar nəticəsində yerli və xarici investorlar bölgələrimizə sərmayə qoyur, yerli istehsalın artmasına dəstək verirlər”.

F.İbrahimov onu da qeyd edib ki, ölkə başçısının müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələrdə iqtisadiyyatın, kiçik və orta sahibkarlığın inkişafını sürətləndirir, biznes mühitinin yaxşılaşdırılması üçün geniş imkanlar açır:

“Həyata keçirilən tədbirlər regionların iqtisadi inkişafında mövcud olan fərqin aradan qaldırılmasını və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı, ölkəmizin iqtisadi gücünü, qüdrətini daha da artırır. Bu gün Azərbaycan “aşağıgəlirli ölkələr” sırasından “yuxarı - ortagəlirli ölkələr” sırasına yüksəlib. Ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulub və modernləşdirilib. Təbii ki, Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına, regionların sosial-iqtisadi inkişafına əsaslanan ölkə iqtisadiyyatının formalaşdırılmasıdır. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi isə şübhəsiz ki, Qarabağın işğaldan azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Qarabağ Zəfəri, eyni zamanda, regionlarımızın sosial-iqtisadi inkişafı, dövlət və ordu quruculuğu sahəsində apardığı siyasətin uğurunu ortaya qoydu. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdi ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu gün həmin bölgələrimizdə nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, ölkəmizdə 25 ildir regionların inkişaf proqramını həyata keçirilir:

“Bəzi mənfi nüanslara baxmayaraq hökumət bu proqramı uğurlu hesab edilir. Qarşıya qoyulan məqsədlərin bir çoxuna çatıldığı düşünülür. Bu istiqamətdə sərmayələrin artırılması, sahibkarların regionlara cəlb edilməsi üçün müəyyən təşviqedici addımlar atılmalıdır. Onlar öz bizneslərini istədikləri yerdə qurub, davam edib, inkişaf etdirə bilərlər. Sahibkarı buna məcbur etmək olmaz. Sahibkarlar müştəriyə yaxın yerdə yaşamaq, biznesinin isə daha əlçatan olmasını istəyir. Bu baxımdan sahibkarların bölgələrə daha çox investisiya yatırması üçün əlverişli mühit olmalıdır”.

Chosen
54
hafta.az

1Sources