EN

Paşinyan öz qiymətini artırmaq istəyir - Etibar Məmmədov

Yazını böyüt
Yazını kiçilt

AMİP-in fəxri lideri Etibar Məmmədovla hafta.az üçün növbəti söhbətimizdə ABŞ-ın Zəngəzur dəhlizinə dair son təkliflərini, Ermənistanın daxili siyasi vəziyyətini, Rusiyada soydaşlarımızla bağlı baş vermiş son olaylardan sonra iki ölkə arasında yaranmış durumu və digər geosiyasi məsələləri müzakirə etdik.

- Ötən həftə ABŞ-nin Ermənistana Zəngəzur dəhlizini 100 illiyə icarə götürmək təklifi haradan qaynaqlanır? Doğrudanmı, bu yol ABŞ üçün bu qədər əhəmiyyətlidir?

- Amerika üçün Zəngəzur müəyyən əhəmiyyət daşıyır. Birincisi, ona görə ki, Rusiyanı regiondan sıxışdırıb-çıxarmaq vacibdir. Bu, Zəngəzur dəhlizinin Qərbin nəzarətinə keçməsi üçün vacib bir yol ola bilər. Bundan əlavə, ümumi “Şərq-Qərb” dəhlizinə ABŞ-nin özünün nəzarət etməsi Zəngəzur dəhlizinin nəzarətini ələ keçirməklə, bütövlükdə, Ermənistanı nəzarətdə saxlamasına yol açır. Bu, Birləşmiş Ştatlar üçün ümumi strateji məsələlərdən biridir. O, Güney Qafqazda üstünlüyünü qorumaq istəyir. Odur ki, bu, Amerika üçün çox önəmli bir addım olardı...

Bir başqa səbəb də Tramp Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək istəyidir. Bu onun üçün vacibdir, çünki o, beynəlxalq məsələlərdə böyük uğurlar əldə etməyə çalışır. Bu səbəbdən o, hansısa münaqişədə tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nail olmalıdır. ABŞ Prezidenti Ukraynada müharibəni dayandırmağı vəd etmişdi, amma bu, alınmadı, Qəzzada insan qırğınını durdurmaq istədi – o da baş tutmadı. İndi isə yeganə şansı Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanması və Zəngəzur dəhlizinin açılmasıdır. Əgər bunlara nail olsa, Tramp birbaşa ona Nobel Sülh Mükafatı verilməsini tələb edəcək...

- Belə çıxmırmı ki, Zəngəzur dəhlizinin Azərbaycan-Türkiyə-Amerika xətti ilə açılmasına əsas əngəl olan Rusiya, Çin və İrandır?

- Rusiya beş ildir ki, Zəngəzur dəhlizinin 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinə əsasən açılmasını və “FSB”nin nəzarətində olmasını tələb edir. O, Rusiyaya hava-su kimi lazımdır. Bu dəhliz vasitəsilə Kreml Güney Qafqazda öz mövqeyini qorumağa çalışır. Həm də o səbəbdən ki, Ermənistanda olan mövcud bazalarının və ticarət əlaqələrinin təminatını Zəngəzur dəhlizi vasitəsilə reallaşdırmaq istəyir. Digər bir variant isə Rusiyanın kənarlaşdırılması və Zəngəzur yolunun ABŞ-nin nəzarəti altında olmasıdır. Belə bir təklif verildi, ancaq Ermənistan öz dəyərini qaldırmaq üçün ondan imtina etməyi üstün tutdu. Yəni bazarlıqda öz qiymətini qaldırmaq istəyir...

- Necə düşünürsünüz, İranla yanaşı, Çin də Birləşmiş Ştatların Zəngəzur yoluna nəzarət etməsinin əleyhinədir?

- Əslində, Çin üçün Zəngəzur dəhlizinin açılması vacibdir, kimin nəzarətində olması ondan ötrü prinsipial əhəmiyyət daşımır. İran isə bu məsələdən tamamilə kənara qoyulub və buna görə də ən ciddi müqavimətləri göstərən ölkə o ola bilər.

- Trampın Putinin guya onu aldada bilməməsi və ona 50 gün vaxt verməsi fikrinə necə baxırsınız? Nə qədər ciddi səslənir bu fikirlər?

- Trampın 50 gün vaxt verməsi ciddi bir məsələyə işarə edir və bu, hələ birinci addımdır. Məsələ ondadır ki, həmin o müddət ərzində ABŞ administrasiyasının Ukrayna məsələsinə yanaşması dəyişəcəkmi, Tramp Ukraynanın silahlanmasını gücləndirəcəkmi, Rusiyaya qarşı beynəlxalq sanksiyaları genişləndirəcəkmi? Əgər bütün bunlar gerçəkdən edilərsə, bu, Rusiyanın daha da təzyiq altına alınması ilə nəticələnə bilər. Əks halda, 50 gün vaxt vermə sadəcə boş söz olacaq. Əvvəllər də Ukraynaya “Patriot” kompleksinin verilməsi haqda söz vermişdi, hədə-qorxu da gəlmişdi, amma nəticəsiz oldu...

Yəni, məsələ deyilənlərin reallıqda necə həyata keçirilməsidir. Ukraynaya güclü dəstək və kömək verilməli, onun müqavimət göstərməsi təmin edilməlidir ki, Rusiyanın hücumlarına qarşı mübarizəsi daha effektli olsun. Yalnız bundan sonra Rusiyanın dişini sındırmaq olar...

- İlham Əliyevin Nikol Paşinyanla Əbu-Dabidə keçirdiyi 5 saatlıq görüşün nəticələrini necə qiymətləndirirsiniz?

- Mən bu görüşə müsbət baxıram. Əvvəldən məlum idi ki, nə ABŞ, nə də Avropa, nə də Rusiya bu məsələdəki qərarlara müdaxilə edəcək. Hətta münaqişə tərəfləri öz maraqlarını ortaya qoyaraq birbaşa görüşməlidirlər. Ermənistanın da burada vacib rolu var. Hazırkı vəziyyət, xüsusən də sülhün təmin edilməsi vacibdir, amma sülhün əldə olunması asan olmayacaq. Tərəflər arasında maraqlar var və bunlar çox zaman bir-birinə zidd ola bilər. Sülh müqaviləsi üçün qərar qəbul edildikdə, bunun beynəlxalq zəmanətləri olmalıdır.

Rusiyanın bu məsələlərdəki rolu hələ də müəyyən deyil. Rusiya, təbii ki, Cənubi Qafqazdakı nüfuzunu qorumağa çalışacaq. Amma bu məsələdəki güclü təsirini itirmiş ola bilər. Rusiyanın vasitəçilik potensialı hələ də qalır, amma bu, nə dərəcədə təsirli olacaq, bunu zaman göstərəcək...

- Ermənistandakı daxili ictimai-siyasi proseslərə və Paşinyanın rusiyapərəst müxalifətlə mübarizəsinə necə baxırsınız?

- Paşinyanın hakimiyyəti, həm daxili, həm də xarici təzyiqlərdən asılıdır. Onun qarşısında həm ölkə daxilində, həm də xaricdə ciddi təzyiqlər mövcuddur. Daxildə öz mövqeyini qorumağa çalışan Paşinyan bunun üçün müxtəlif siyasi manipulyasiyalar etmək məcburiyyətində qalır. Hələlik daxili müxalifətlə mübarizədə öz etimadını qoruyub. Hakimiyyətdə qalması və müxalifət qarşısında uğurlu strategiya yürütməsi heç də asan olmayacaq. Ermənistanda son dövrlər onun əleyhdarlarının sayının artması, vəziyyətini daha da çətinləşdirə bilər...

Ermənistanın daxili siyasəti olduqca mürəkkəbdir. Paşinyan müxtəlif daxili qüvvələrə qarşı mübarizə aparır, amma indiyə qədər mövqeyini qorumaqda bacarıqlıdır. Daxildəki etirazlar və müxalifətin təsiri də nəzərə alınmalıdır. Rusiya, Paşinyanla münasibətlərində müəyyən təzyiqlər quraraq, onun müxalifətini dəstəkləyə bilər. Rusiyanın Paşinyanla münasibəti əsasən regiondakı geosiyasi maraqlarla bağlıdır. Lakin Paşinyan daxildəki etirazları daha da gücləndirə bilər, xüsusilə də müxalifətinin bir hissəsi xarici dövlətlər tərəfindən dəstəkləndikdə...

- Paşinyan əleyhdarlarının həbsi ilə bağlı etirazlar artmaqdadır. Bu etirazların gələcəyi haqqında nə düşünürsünüz?

- Etirazların artması Paşinyanın hakimiyyətdəki mövqeyini zəiflədə bilər. Hələlik, onun etimadını qoruması mümkün görünür. Həbslər və müxalifətin sıxışdırılması, əksinə, ona qarşı etirazları daha da artırmağa səbəb olacaq. Bu cür addımlar yalnız daxili müxalifəti gücləndirir və xarici müdaxiləyə şərait yaradır. Həbslər, eyni zamanda, ölkə daxilində siyasi gərginliyi artıra bilər. Bununla belə, Paşinyan hələ də hakimiyyətini qorumağa çalışır, amma nəticələrin necə olacağı hələ də qeyri-müəyyəndir...

Ermənistanın siyasi vəziyyəti, regionda baş verən hadisələrin və geosiyasi gərginliyin təsiri altında sürətlə dəyişir. Paşinyanın rəhbərliyi altında ölkədəki daxili mübarizə və müxalifətlə əlaqəli inkişaflar həm Ermənistanın gələcəyinə, həm də qonşu dövlətlərlə münasibətlərə ciddi təsir göstərir...

- Türkiyədə “PKK”nın silahlarını təhvilvermə qərarını necə dəyərləndirirsiniz? Bu prosesdən real nəticələr gözləmək olarmı?

- Təbii ki, silahların təhvil verilməsi yaxşı bir addımdır, amma “PKK” hələ də siyasi məqsədlərindən əl çəkməyib və bu, təhlükə yaradır. Təhlükə də ondan ibarətdir ki, onlar hətta silahları təhvil verdikdən sonra belə, siyasi arenada öz mövqelərini gücləndirməyə çalışacaqlar. Və bu, onları hələ də təhlükəli edir. Digər tərəfdən, “PKK”nın içərisində terrorçuluqla əlaqəli, cinayət törətmiş kifayət qədər şəxslər var. Bu şəxslərə münasibət necə olacaq? Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?  Bu da hələ qeyri-müəyyəndir. Əslində, onlar həmişə müəyyən siyasi məqsədlər üçün istifadə edilib və bu, təkcə Türkiyə üçün deyil, region üçün də ciddi təhdid ola bilər. Bu baxımdan, Türkiyə cəmiyyətinin münasibəti də birmənalı deyil. Əslində bu, “PKK” tərəfindən tam təslimiyyət kimi anlaşılmır. Sanki bir bazarlıq edib MHP-nin rəhbərliyi ilə ümumi ortaq məxrəcə gəliblər və bunun nəticələri qeyri-müəyyəndir...

Bütün bunları nəzərə alaraq “PKK”nın silahlarını təhvil verməsinin tezliklə müsbət nəticələrə gətirəcəyini düşünmürəm. Bu təşkilatın digər qanadları və gizli bazaları hələ də mövcuddur. Silahlar təhvil verilsə də, bu o demək deyil ki, “PKK”nın bütün fəaliyyətləri dayandırılıb. 50 ilə yaxın fəaliyyət göstərən o boyda terrorçu təşkilatın tərksilah olması asan məsələ deyil. Həm də ona görə ki,  “PKK”nın istər  canlı qüvvələri, istərsə də silahları hansısa bir rəsmi qurum tərəfindən qeydiyyata alınmayıb. Odur ki, 5-10 avtomatın, qumbaraatanın təhvil verilməsi ilə məsələ bitmir. Bundan əlavə, onların silahlarının bir hissəsini təhvil versələr belə,  “PKK”nın  gizli hücrələri və komanda heyətləri hələ də mövcuddur. Bütün bunların hamısının müəyyən edilib sülh yoluyla zərərsizləşdirilməsi, zənnimcə, çox uzun və ağır proses ola bilər...

Onu  da unutmaq olmaz ki, “PKK”nın Suriya, İraq və İranda fəaliyyət göstərən ““YPG”, “PYD”, “PEJAK” kimi müxtəlif qolları da var və həmin qolların gələcəyi, onların hansı yollarla zərərsizləşdiriləcəyi də hələ məlum deyil...

- İyunun sonunda Yekaterinburqda həmvətənlərimizə qarşı rəsmi qurumların törətdiyi işgəncə, ölüm və kütləvi həbslərlə, deportasiyalarla nəticələnmiş məlum olaylardan sonra Rusiya və Azərbaycan arasında baş verənlər haqda gəldiyiniz son nəticə nədən ibarətdir?

- Son nəticə ondan ibarətdir ki, Rusiya Azərbaycanı təzyiq altında saxlamaq üçün miqrantları vasitə olaraq istifadə etməyə davam edir. Yekaterinburqdakı hadisələr də bunu göstərdi. Rusiya Azərbaycana qarşı təzyiq etmək üçün orada yaşayan soydaşlarımıza işgəncələr verərək, onları hədəf alır. Bu, Azərbaycanın Rusiya ilə olan münasibətlərində ciddi bir problemə çevrilib.

İkinci əsas məsələ Rusiyada yaşayanların idarə olunması məsələsidir. İndi məlum oldu ki, Azərbaycanda fəaliyyət göstərən diaspora təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı da bu məsələdə ciddi çətinlik yaradır. Bu da lazım olanda müqavimət göstərmələrinə imkan vermir. Rusiya isə bu boşluqdan istifadə edir, oradakı diasporlarımızın kriminallaşmasına şərait yaradır və bundan Azərbaycana qarşı istifadə edir. Yəni Azərbaycan Rusiya içərisində səviyyəli diaspor yarada bilməyib. Bu mənada da Moskvanın əlində bizə qarşı təzyiq vasitələri çoxdur.

İndiyə qədər də dəfələrlə azərbaycanlılara qarşı təzyiqlər olub, onlara qarşı hücumlar, qətl halları, onların kütləvi şəkildə deport olunması və s. baş verib. Bu dəfə o cür hadisələr çox nümayişkaranə şəkildə həyata keçirildi. Kütləvi şəkildə onlarla azərbaycanlı ailəsinin evinə hücum edilməsi, uşaq, qadın, qoca, xəstə demədən ailə üzvlərinin döyülməsi, işgəncələrə məruz qalması və s. səbir kasamızı daşdırdı. Bütün bunlar göstərir ki, miqrant məsələsi Azərbaycan dövləti üçün doğrudan da böyük bir problemdir.

Odur ki, Rusiya ərazisində daha güclü və mütəşəkkil bir diaspor təşkilatları qurulmalı və soydaşlarımızın haqq və hüquqlarının pozulması məsələlərində daha sərt mövqe tutulmalıdır...

Bu hadisələr Rusiya ilə əlaqələrin daha da gərginləşəcəyini və Azərbaycanın orada yaşayan soydaşlarını qorumaq üçün daha ciddi tədbirlər görməsinə ehtiyac olduğunu göstərir. Azərbaycana qarşı təzyiqlərin davam etməsi, məsələnin dərinləşməsinə yol aça bilər...

Chosen
29
1
hafta.az

2Sources