"iPhone 17" seriyası ilə bağlı bu il bir çox iddialar ortaya atılıb. Selfi kameralarının 12 MP-dən 24 MP-ə yüksəldiləcəyi və əsas "iPhone 17" istisna olmaqla, seriyadakı bütün modellərin arxa tərəfində yeni kamera modulu ilə gələcəyi bildirilir.
Valyuta.az xəbər verir ki, əvvəllər yayılan məlumatlara görə, "iPhone 17"nin baza modelində ötənilki A18 prosessorunun istifadə olunacağı deyilirdi. Analitik Ceff Pu bu modelin yalnız A18 prosessoru ilə gələcəyini deyil, eyni zamanda 8 GB RAM-lə təchiz olunacağını da bildirmişdi. Bu da yeni model gözləyən istifadəçilər arasında narazılığa səbəb olmuşdu.
Lakin indi elə həmin Ceff Pu bu açıqlamasını təkzib edərək, baza "iPhone 17 "modelinin A19 prosessoru ilə gələcəyini bildirib. Onun sözlərinə görə, prosessorla bağlı əvvəlki gözləntilər dəyişib və artıq "iPhone 17"nin A19 ilə təchiz olunacağı ehtimal edilir. Bununla yanaşı, Ceff Pu 8 GB RAM-in baza modeldə qalacağını da təsdiqləyib:
"Artıq "iPhone 17" modelinin A19 ilə gələcəyini gözləyirik (əvvəlki gözlənti A18 idi). "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modellərində 12 GB LPDDR5X DRAM, "iPhone 17 Ai"r modelində 12 GB LPDDR5 və "iPhone 17"də isə 8 GB LPDDR5 olacaq."
Digər tərəfdən, baza "iPhone 17" modelinin "Apple"ın öz daxili Wi-Fi çipləri ilə təchiz olunacağı da gözlənilir. Üstəlik, ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı qərarlarının nəticəsi olaraq, bu ilki "iPhone" modellərində qiymət artımı yaşana bilər.
Paşa Məmmədli