EN

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar İsrailin Suriyaya hücumlarını pislədi

BAKI, 17 iyul. TELEQRAF

Bir çox ölkələr, Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Suriyanın ərazisinə endirdiyi hava zərbələrini qınayıb.

Telelqraf xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Aİ- nın xarici əlaqələr təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Anuar Əl-Anuni İsrailə çağırış edərək Suriyaya hücumları dərhal dayandırmağa və ölkənin suverenliyi ilə ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də İsrailin Suriyaya hava hücumlarını qınayıb və İsrail tərəfini bölgədəki gərginliyi daha da artıracaq birtərəfli addımlardan çəkinməyə çağırıb.

Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniya da iyulun 16-da yayımladıqları birgə bəyanatda İsrailin Suriyaya hücumlarını pisləyib. Onlar bildirib ki, bu cür hücumlar regionda sabitlik və sülhə nail olmaq üçün görülən səylərə zərbə vurur.

Küveytin Xarici İşlər Nazirliyi də Dəməşq və Suveyda vilayətlərindəki hökumət obyektlərinə edilən hava zərbələrini pisləyib və Suriyanın suverenliyinə hörmət olunmasına çağırıb. Nazirlik bildirib ki, Küveyt Suriya hökumətinin ölkədə təhlükəsizlik və sabitliyi qorumaq üçün atdığı addımları tam dəstəkləyir.

Oman Sultanlığı isə İsrailin Suriyaya qarşı hücumlarını sərt şəkildə qınayıb və beynəlxalq ictimaiyyəti məsuliyyət daşımağa, İsrailin işğal etdiyi Suriya ərazilərindən tam çıxarılmasını təmin etməyə çağırıb.

Fransa da Suriya hökuməti ilə Suveyda bölgəsindəki maraqlı tərəflər arasında dialoqun bərpası səylərini dəstəklədiyini və uzunmüddətli sabit razılaşmaya nail olunacağına ümid etdiyini bildirib.

Chosen
89
43
teleqraf.com

10Sources