EN

"Apple"dan nadir torpaq elementlərinə investisiya: 500 milyon dollar...

Amerika texnologiya nəhəngi “Apple” ölkədəki təchizat zəncirini genişləndirmək məqsədilə 500 milyon dollarlıq nadir torpaq maqnitləri sərmayəsi həyata keçirəcəyini açıqlayıb. Bu investisiyanın, “Apple”ın qarşıdakı dörd il ərzində ABŞ-da 500 milyard dollardan çox xərcləmə öhdəliyinin bir hissəsi olduğu vurğulanıb.

Valyuta.az xəbər verir ki, şirkətdən verilən açıqlamada nadir torpaq istehsalçısı “MP Materials” ilə bağlanan çoxillik müqavilə çərçivəsində 500 milyon dollarlıq yeni investisiya öhdəliyinin verildiyi bildirilib.

Bu çərçivədə “Apple”ın “MP Materials” şirkətinin Texas ştatının Fort-Uort şəhərində istehsal etdiyi, ABŞ istehsalı olan nadir torpaq maqnitlərini alacağı qeyd olunub. Bildirilib ki, hər iki şirkət Kaliforniya ştatında yüksək texnologiyalı nadir torpaq elementlərinin təkrar emalı üzrə istehsal xətti quracaq və maqnit performansını artırmaq üçün yeni materiallar və innovativ emal texnologiyaları inkişaf etdirəcək.

Açıqlamada bu investisiyanın eyni zamanda “Apple”ın ABŞ innovasiyası, qabaqcıl istehsal texnikaları və yeni nəsil təkrar emal texnologiyalarına uzunmüddətli sərmayələrinin davamı olduğu bildirilib.

“Apple”ın istehlak elektronikası sahəsində təkrar emal olunmuş nadir torpaq elementlərindən istifadə edən ilk şirkətlərdən biri olduğuna diqqət çəkilən açıqlamada, şirkətin cihazlarında istifadə olunan maqnitlərin demək olar ki, hamısının 100 faiz təkrar emal edilmiş nadir torpaq materiallarından hazırlandığı qeyd olunub.

“MP Materials” ilə əməkdaşlığın bu strateji materialların ölkə daxilində təchizatını təmin edəcəyi vurğulanıb.

“Apple”ın baş direktoru Tim Kuk mövzu ilə bağlı açıqlamasında deyib:

"Amerika innovasiyası gördüyümüz hər işin mərkəzində dayanır və ABŞ iqtisadiyyatına yatırımlarımızı dərinləşdirməkdən qürur duyuruq".

Nadir torpaq materiallarının inkişaf etmiş texnologiyaların istehsalında əhəmiyyətinə toxunan Kuk “MP Materials” ilə tərəfdaşlığın bu materialların ABŞ daxilində təchizatını gücləndirməyə yardımçı olacağını bildirib.

Paşa Məmmədli

Chosen
58
33
valyuta.az

10Sources