EN

Doğru sözün dəyişməz ünvanı 

Söz var deyəndə unudulur, söz  də var tarixə yazılır. Söz var xəbərdir, söz də var ideologiya. Söz var qələmdən çıxmasa yaxşıdır, söz də var millətə taleyini, yolunu, gələcəyini göstərir. 

"Azərbaycan" qəzeti Azərbaycan gerçəklərinin daşıyıcısıdır. O, xalqın səsi, dövlətin sözü, bu günlə sabah arasında körpüdür. Harada dövlətin səsi var iradəsi görünür, harada xalqın problemi, rahatsızlığı var, orada bu qəzetin mövqeyi, "Azərbaycan"ın  sözü yer alır. Harada xalqın birliyi, milli ideologiyanın möhtəşəm siması varsa, onu qəzetin hər səhifəsində görmək mümkündür. Bu qəzet sadəcə kütləvi informasiya vasitəsi deyil, o, vətəndaşlıq və vətənpərvərliyin, dövlətin və dövlətçiliyin təbliğatçısıdır. 

150 yaşlı mətbuatımızın "Azərbaycan"ı 107 illik bir zaman kəsiyində (70 illik fasilə ilə) milli mətbuatımızın inkişafında mühüm rol oynamış, xalqın maarifləndirilməsi, milli ideyaların təbliği və ictimai fikrin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Qəzet 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) mətbu orqanı kimi nəşr olunmağa başlamış, 1991-cı ildən isə müstəqil dövlətimizin qanunverici orqanının rəsmi tribunasına çevrilmişdir. Bu tarixi ardıcıllıq "Azərbaycan" qəzetinə ictimai etimad dəyəri qazandırır, onu tarixi legitimlik baxımından unikal edir. Zəngin tarixi ilə bu qəzet həm siyasi, həm iqtisadi, həm də ədəbi-mədəni həyatın güzgüsünə çevrilmiş, bütün zamanlarda cəmiyyətin nəbzini tutmağı bacarmışdır. Tarixin müxtəlif dönəmlərində "Azərbaycan" öz missiyasını unutmamış, dövrün çağırışlarına cavab verməyə çalışmışdır. Qəzetin səhifələrində təkcə xəbərlər və təhlillər deyil, xalqın düşüncə tərzi, arzuları və dəyərləri də öz əksini tapmışdır. O, xalqın tribunasına çevrilmiş, onun arzusuna, mövqeyinə çevik reaksiya verən bir mətbuat orqanı kimi tanınmışdır.

İndi isə "Azərbaycan" qəzeti informasiya cəmiyyətinin tələblərinə uyğun yenilənərək milli kimliyimizi yaşadan əsas publisistik platformalardan biri kimi fəaliyyətini uğurla davam etdirməkdədir. Qəzetin zəngin irsi gənc jurnalist nəsli üçün həm ilham, həm də məsuliyyət nümunəsi olaraq qalır. Çünki zaman sürətlə axıb gedir, cəmiyyət dəyişir,  saysız-hesabsız mənbədən informasiya gəlir. Belə bir dövrdə hadisələrə yön verən, onları ayırd edib dəyərləndirən mətbuat orqanlarına ehtiyac daha da artır. "Azərbaycan" məhz bu ehtiyacı həm rəsmi, həm analitik, həm də ideoloji baxımdan qarşılamağı bacarır. Bəs bu ehtiyac fonunda bu gün əsasən nədən yazır?

Bu sual əslində sadə görünsə də, arxasında böyük bir informasiya və ideologiya yükü dayanır. "Azərbaycan"  hazırda cəmiyyətin gündəmini müəyyən edən hadisələri yalnız xəbər və təhsil dili ilə deyil, dövlətçilik və milli ideologiya prizmasından təqdim edir.  O, sadəcə kağız üzərində mətn deyil, bir millətin düşünən beyni, danışan ruhu, görünən vicdanıdır. "Azərbaycan" təkcə dövrü əks etdirmir, dövrün özünü yazır. Bu gün mətbuat məkanında müxtəlif ideoloji yönlərə və janr üslublarına malik qəzetlər fəaliyyət göstərir. Lakin bu rəngarənglik fonunda "Azərbaycan" rəsmi, milli və ictimai baxımdan xüsusi statusa malik olan bir nəşr kimi seçilir. Rəsmi dövlət qəzeti və Milli Məclisin orqanı kimi yüksək və məsuliyyətli statuslar "Azərbaycan"a dövlətin qanunverici, hüquqi və siyasi mövqeyini oxucuya ideoloji əsaslarla təqdim etmək imkanı verir. Dövlətin qərarları, qanunları, eləcə də dövlət qurumlarının rəsmi açıqlamaları "Azərbaycan" qəzetinin əsas vəzifəsi və öhdəliyidir. Bu baxımdan   "Azərbaycan"  rəsmi xəbər və məlumat ilə ideoloji şərh arasında bir körpü yaradır.

Qəzet Ulu Öndər Heydər Əliyev siyasi irsinin təbliği, Prezident İlham Əliyevin strateji xəttinin izahı, dövlət siyasətinin ruhu, Heydər Əliyev Fondunun timsalında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanizm ideyaları, postmüharibə dövrünün vəzifələri, azərbaycançılıq, milli kimlik, dövlət suverenliyi, dövlətə sədaqət, dövlətçiliyə xidmət, vətənpərvərlik kimi mövzularla hər gün oxucunun "qapısını döyür". Bu mövzular  "xəbər üçün xəbər" deyil, dövlətçiliyi və siyasi sabitliyi gündəmdə saxlayan davamlı düşüncə platforması kimi qəzetin strateji mətbu orqan olduğunun göstəricisidir. Əsas  diqqətçəkən məqamlarından biri, heç şübhəsiz, Prezident İlham Əliyevin çıxış və təşəbbüslərinin geniş təhlilidir. "Azərbaycan" dövlət başçısının strategiyasını oxuculara dərindən çatdırır, ölkənin sosial-iqtisadi inkişafı, xarici siyasəti və milli təhlükəsizlik sahəsində atılan addımları ətraflı şərh edir. 

Dövlət başçısının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə apardığı siyasət qəzetin prioritet mövzusudur. Belə mövzularda təhlillər cəmiyyətin doğru məlumatlanmasına və dövlətin inkişaf strategiyasına dəstək verməyə xidmət edir. Xeyli sayda  qəzet və digər KİV operativ xəbərçiliyə üstünlük verdiyi halda,  "Azərbaycan" siyasi, sosial və ideoloji hadisələrin dərin təhlili və doğruluğu ilə seçilir. COP29, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT)  və digər beynəlxalq  qurumların keçirdiyi tədbirlərin ölkə maraqları prizmasından izahı qəzetin səhifələrində davamlı yer alır. Ardıcıl olaraq oxuculara postmüharibə dövrünün təhlili, gənclərin ideoloji tərbiyəsi, ailə və milli dəyərlər kimi mövzulara dair publisistik və analitik yazılar təqdim edilir. Bu mövzular həm də qəzetin maarifləndirici missiyasından irəli gəlir.

"Azərbaycan" Qarabağda keçirilən beynəlxalq tədbirlərdən geniş bəhs edir və bununla regionun yenidən dirçəldilməsi və dünya ictimaiyyətinin diqqətinin Azərbaycan ərazilərinə yönəldilməsi baxımından əhəmiyyətini önə çəkir. Bu mətbu nəşr həmin görüşlərin iqtisadi, mədəni və diplomatik aspektlərini işıqlandıraraq Qarabağın  və Şərqi Zəndəzurun sülh, əməkdaşlıq və inkişaf məkanı kimi təqdim olunmasına öz töhfəsini verir. Bu tədbirlər vasitəsilə bölgənin yenidən qurulması, multikultural mühitin qorunması və qarşılıqlı anlaşmanın gücləndirilməsi kimi mühüm məqsədlər ön plana çıxarılır. 

Qəzetin ideoloji əsaslarından biri də Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya milli-mənəvi dəyərlərin, dilimizin, tariximizin və mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsinə əsaslanır. Həmin ideologiyadan çıxış edərək ana dilinə hörmət, milli-mənəvi irsimizin təbliği diqqət mərkəzində saxlanılır. Bu mənada "Azərbaycan" qəzeti azərbaycançılıq ideologiyasının təkcə daxildə deyil, xaricdə də təbliği üçün mühüm platformadır. Bu, onu milli şüurun formalaşmasına xidmət edən strateji nəşr səviyyəsinə qaldırır. 

44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni dövrdə "Azərbaycan" qəzeti Zəfər salnaməsini yazan mətbuat orqanı kimi də fərqlənir. Müharibə xatirələrinə, şəhid ailələrinə, qazilərə həsr olunan məqalə, reportaj, oçerklər təkcə məlumat deyil, həm də Zəfərin söz aynası və milli yaddaş kimi diqqət çəkir. 

"Azərbaycan"ın səhifələrində Böyük qayıdışa dair yazılar davamlı yer alır. Bu yazılarda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı və dövlətin regionda həyata keçirdiyi sosial proqramlar geniş işıqlandırılır. Qəzet demək olar hər sayında doğma yurda dönən insanların talelərini, kənd və şəhərlərin dirçəlişini, bölgənin gələcək inkişaf perspektivini özündə əks etdirən geniş materiallarla oxucuların görüşünə gəlir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi, böyük sənaye obyektlərinin fəaliyyətə başlaması bölgənin iqtisadi dirçəlişinə və dayanıqlı inkişafına güclü təkan verir və bütün bu faktlar qəzet səhifələrində geniş işıqlandırılır, həmin prosesin bölgənin gələcək iqtisadi inkişafına, iş yerlərinin yaranmasına və əhalinin rifahının yüksəlməsinə mühüm təsir göstərəcəyi vurğulanır.

"Azərbaycan" bu gün daha  nədən yazır? Daha doğrusu, daha  nəyə işıq tutur, nəyi yaşadır? Bu sual bizi sadəcə qəzetin gündəminə yox, cəmiyyətin mənəvi xəritəsinə aparır. Cəmiyyətin mənəvi xəritəsi  bir xalqın keçmişindən gələcəyinə uzanan, onun düşüncə tərzini, inanc sistemini, milli kimliyini, dəyərlərini və ruhunu əks etdirən görünməz bir məkandır. Bu, sadəcə ideoloji və ya əxlaqi ölçülər deyil, həm də kollektiv yaddaşın, tarix boyu formalaşmış mənəvi kodların toplusudur. Hər xalqın özünəməxsus mənəvi coğrafiyası var. Bu coğrafiyada şəhidlik zirvəsi, ana dili qayəsi, mədəniyyət bulağı, ədəbiyyat vadisi, tarix çinarı və milli dəyərlər kimi müqəddəs məkanlar yer alır. "Azərbaycan" qəzeti hər kəsi məhz bu mənəvi məkanda səyahətə çıxarır. O, oxucunu gündəlik hadisələr içində itirmir, əksinə, onu öz köklərinə, milli yaddaşına, tarix və mədəniyyətin dərin qatlarına doğru yönəldir.

 "Azərbaycan" sadəcə bir rəsmi qəzet deyil, həm də cəmiyyətin ruhuna toxunan, onu yaşadan və gələcəyə daşıyan mənəvi kompasdır. Təhsildə və səhiyyədə  aparılan islahatların cəmiyyətə təsirindən, gənclərin milli ruhda formalaşmasının vacibliyindən  bəhs edən yazılar oxucunu düşündür, bir millətin sabahını kağız üzərində qurur. Qəzetdə sosial sahədən bəhs edən əmək bazarı, məşğulluq, gənclərin məşğulluğu, ailə institutları və s. barədə analitik yazılar da oxucuların ciddi maraq dairəsindədir.

"Azərbaycan" qəzeti hər hansı kommersiya və ya senzura marağından uzaq olduğu üçün etibarlılıq baxımından yüksək nüfuza malikdir. Oxucu bilir ki, buradakı yazılar rəsmi və yoxlanılmış dövlət mənbələrinə, ya da səlahiyyətli şəxslərin açıqlamalarına əsaslanır, tərəfsiz və ideoloji baxımdan doğru-dürüst faktlara söykənir. Peşəkar jurnalistikanın tələblərinə uyğun olaraq yazılarda şaiyə, dedi-qodu xarakterli məlumatlara və manipulyativ yanaşmalara yer verilmir. Sosial rifah, iqtisadi strategiya və ictimai proseslərə dair dərin təhlillər qəzetin publisist  fəlsəfəsinin ayrılmaz hissəsidir. Məhz bu  üstünlük xüsusən informasiya müharibəsinin gücləndiyi indiki dövrdə onun ictimai rəyi formalaşdırmaq baxımından strateji media platforması olduğunu göstərir. 

Elə qəzetlər var ki, rəqəmsallaşma prosesindən geri qalır. Amma  "Azərbaycan" özünün rəsmi veb-saytında yenilənən xəbər və məqalələri ilə "Feysbuk", "Yutub", "İnstaqram" üzərindən oxucularla canlı əlaqə saxlayır. Bu da onun yalnız məzmunla deyil, texnoloji yeniliklərlə də ayaqlaşdığını göstərir, müasir informasiya dövrünün çağırışlarına çevik reaksiya verdiyini və ənənəvi media ilə rəqəmsal platformalar arasında uğurlu körpü yarada bildiyini təsdiq edir.

Rəsmi statusu, ideoloji mövqeyi, tarixi legitimliyi, dərin təhlil qabiliyyəti və ictimai etimadı ölkəmizin adını daşıyan qəzetimizi milli mətbuat məktəbi və ideoloji platforma səviyyəsinə yüksəldib. Qəzeti oxumaq, əslində, Azərbaycanın bu günü və sabahı ilə bağlı aydın mövqe formalaşdırmaq deməkdir. Çünki "Azərbaycan" dövlətin mövqeyi, cəmiyyətin gözüdür.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

1Sources