EN

"Azərbaycana qarşı təkəbbürlü davranış keçmir və keçməyəcək"

"Rusiyanın Azərbaycana təzyiq cəhdləri iki amillə bağlıdır. Birincisi, Kremldəkilər bununla Azərbaycan və Ermənistan arasında ikitərəfli format çərçivəsində keçirilən və sülh anlaşmasını yaxınlaşdıran danışıqlardan narazılıqlarını ortaya qoyurlar. Bununla Moskva artıq neçənci dəfədir təsdiqləmiş olur ki, bu regionda qonşu dövlətlər arasında normal əlaqələrin qurulmasını, sülhün yaranmasını özünün "parçala, hökm sür" siyasətinin sonu sayır və belə bir perspektivlə heç cür razılaşmaq istəmir".

"Azərbaycan" qəzetinə açıqlama verən Milli Məclisin deputatı Sahib Alıyevin sözlərinə görə, Kremldəkiləri qıcıqlandıran ikinci amil Azərbaycanın sərnişin təyyarəsini Qroznı üzərində vuran Rusiyanın təkəbbürlü və ləyaqətsiz davranışlarına dövlətimizin göz yummaması, bu ölkədəki güc strukturlarının oradakı soydaşlarımızla vəhşicəsinə davranışlarını cavabsız qoymaması, bununla da İkinci Qarabağ savaşından sonra növbəti presedent yaratmasıdır: "İmperiya sindromundan qurtula bilməyənlər digər MDB ölkələrinin də oxşar məsələlərdə Azərbaycan kimi davranacaqlarından əndişələnirlər. Ona görə də ağına-bozuna baxmadan, dəlicəsinə davranırlar. Əlbəttə, təkcə beynəlxalq normaları deyil, yazılmamış qaydaları belə ayaq altına salıb tapdalayan bir rejimin burada imic baxımından onsuz da itirəcəyi heç nə yoxdur, çünki  imicləri onsuz da süpürgəliyin altındadır. Amma bu cür siyasət Moskvaya Qafqazın tək bu tərəfində deyil, o tərəfində də çox baha başa gələ bilər".  

Deputat sual edir: "Geosiyasi fəlakət adlandırdıqlarının nəticələrini aradan qaldırmaq sevdasına düşənlər Bakı Təşəbbüs Qrupunun dekolonizasiya yönündəki ardıcıl fəaliyyəti nəticəsində Yeni Kaledoniyanın necə müstəqillik qazanma şansı əldə etdiyini görmürlərmi?" Cavab da budur ki, imperiya mərəzindən qurtula bilməyənlər sərhədlərindən minlərlə kilometr uzaqda yaşayan xalqların azadlıq əldə etmələrinə önəmli töhfə verməyi bacaran bir dövlətlə bu cür davranışların nəyə aparıb çıxara biləcəyini anlamırlarsa, bu onların problemidir. Onlar unutmamalıdırlar ki, Azərbaycan özünü böyük sayanlardan yüksəkdə durduğunu son zamanlar atdığı addımlarla dəfələrlə təsdiqləyib və bu, yumşaq gücün tətbiqi məsələsində də keçərlidir". 

S.Alıyev imperiyanın bərpa cəhdləri ilə bağlı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hələ SSRİ mövcudkən - 1991-ci il martın 7-də bu salonda "əgər digər respublikalar İttifaqda qalsalar belə, Azərbaycan oradan çıxmalı, onlarla ikitərəfli əlaqələr qurmalıdır" demişdir. Sonra da əlavə edib ki, Ağdamda Muğam Mərkəzinin açılışındakı çıxışında indiyə kimi Heydər Əliyev yolundan bir addım belə kənara çıxılmadığını bildirən, almaz iradəli bir lider - cənab İlham Əliyevə müstəqilliyimizi sual altında qoyan nəsə sırımaq mümkündürmü? "Müzəffər Ali Baş Komandanımız Rusiya və hazırda onunla üz-üzə duran əksər böyük dövlətlərin qarşı çıxmalarına rəğmən, savaş yoluyla torpaqlarımızı işğaldan qurtarıb üzərində suverenliyimizi tam təmin edib", - deyə siyasətçi bildirib. 

Onun sözlərinə görə, Bakıda aparılan İsrail-Suriya danışıqları, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri, Laçında üç liderin dünyaya səs salan görüşləri, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən Zirvə görüşü, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki ikitərəfli, tamformatlı Azərbaycan-Ermənistan danışıqları artıq "Zaqafqaziya" olmadığını göstərir: "Dağlıq Qarabağ"ın statusu kimi o da hara lazımdır ora göndərilib". 

Deputat vurğulayıb ki, bu gün Azərbaycan Yaxın Şərq kimi böyük coğrafiyada təsir gücü get-gedə artan önəmli bir oyunçu kimi çıxış edir. Bütün bu reallıqlara dayanaraq Azərbaycanla təkəbbürlü davranış nəinki keçmir və keçməyəcək, indiki kimi cavabsız da qoyulmayacaq".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources