“Barselona”nın 18 yaşlı ispaniyalı ulduzu, gənc sağ cinah hücumçusu Lamin Yamal Kataloniya klubu ilə müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə “Barselona”nın rəsmi sayıtna istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Xatırladaq ki, Yamal müvafiq müqaviləni hələ cari ilin may ayında razılaşdırmışdı. “Barselona” isə müqaviləni rəsmiləşdirmək üçün Yamalın 18 yaşının tamam olmasını gözləyirdi. Bu məqam isə iyulun 13-də yetişib.
Əlavə edək ki, Yamal yeni mövsümdən etibarən “10” nömrə altında çıxış edəcək.
Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 55 oyuna çıxıb, 18 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 106 oyun, 25 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 21 oyun keçirib, 6 qol vurub, 9 məhsuldar ötürmə verib.
Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir – Yamal dünyanın ən bahalı oyunçusudur.

