EN

"ABŞ və Avropa İttifaqı İrana nüvə sazişi üçün son tarix müəyyən edib" - "Deutshe Welle"

"Əgər İran bu müddətə qədər anlaşmaya razılaşmasa, 2015-ci ildə ləğv edilmiş BMT sanksiyalarının tam bərpası gündəmə gətiriləcək..."

ABŞ Dövlət katibi Marko Rubio və Avropanın üç aparıcı ölkəsinin - Almaniya, Fransa və Böyük Britaniya xarici işlər nazirləri Tehrana nüvə sazişinə dair razılığa gəlmək üçün avqustun sonuna qədər vaxt tanıyıb. Əgər İran bu müddətə qədər anlaşmaya razılaşmasa, 2015-ci ildə ləğv edilmiş BMT sanksiyalarının tam bərpası gündəmə gətiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Məlumata görə, "snapback" mexanizmi oktyabr ayınadək istifadə oluna bilər. Çünki həmin vaxt Rusiyanın BMT Təhlükəsizlik Şurasında sədrliyi başlayır və Avropa ölkələri bu tarixdən əvvəl hərəkətə keçmək niyyətindədir.

Mexanizm işə düşərsə, 30 gün ərzində Təhlükəsizlik Şurası sanksiyaların ləğvini davam etdirmək barədə səsvermə keçirməlidir. Lakin əgər qətnamə qəbul olunmazsa, bütün əvvəlki sanksiyalar bərpa edilir. Bu ssenari hələ ki "ehtiyat plan" sayılır. Avropa diplomatları növbəti həftələrdə İranı sanksiyaların bərpasından yayınmağa inandırmağa çalışacaq. Bunun üçün iki əsas addım təklif olunur:

  •  İranın MAQATE ilə əməkdaşlığı bərpa etməsi;
  •  60 faizədək zənginləşdirilmiş təxminən 400 kq uranın ölkədən çıxarılması.

Almaniya XİN-in nümayəndəsi "Reuters"-ə bildirib ki, beynəlxalq təhlükəsizlik maraqlarını nəzərə alan "dayanıqlı və yoxlanıla bilən diplomatik həll"ə ehtiyac var. "İran heç zaman nüvə silahı əldə etməməlidir", - o, vurğulayıb.

Əməkdaşlıq dayandırılır, lakin danışıqlar açıq qalır

Tehran öz növbəsində bildirir ki, MAQATE ilə əlaqələr tam dayandırılmayıb. Sadəcə bundan sonra bu münasibətləri İranın Ali Təhlükəsizlik Şurası idarə edəcək və qərarlar "milli təhlükəsizlik baxımından" veriləcək. Xarici işlər naziri Abbas Araqçı qeyd edib ki, İranın nüvə obyektlərinə yaxınlıq indi partlayış və radiasiya sızması kimi risklər yaradır.

İran həmçinin bəyan edib ki, uranın zənginləşdirilməsindən tam imtina və raket proqramının danışıqlara daxil edilməsi mümkün deyil. İyulun 2-də prezident Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığın dayandırılmasına dair qanun imzalayıb. Bu qanunu öncədən İran parlamenti dəstəkləyib. Almaniya XİN rəhbəri bu addımı "tamamilə yanlış siqnal" adlandırıb.

Hərbi eskalasiya və ABŞ-İsrail hücumları

İyunun 13-də İsrail "Qalxan şir" adlı hərbi əməliyyata start verib. 12 gün ərzində İranın nüvə obyektləri və SEPAH-ın komanda mərkəzləri bombalanıb. İran da cavab zərbələri endirib. ABŞ isə 22 iyuna keçən gecə Fordo, Natanz və İsfahandakı nüvə obyektlərini hədəf alaraq münaqişəyə qoşulub. 24 iyunda atəşkəs razılaşdırılıb.

Fransa kəşfiyyatının qiymətləndirməsinə görə, bu hücumlar İranın nüvə proqramını bir neçə ay geri atıb. Lakin İranın bomba hazırlamaqdan nə qədər uzaqlaşdırıldığı hələ də dəqiq məlum deyil. İyulun 7-də  "Axios" yazıb ki, İsrail Tehran nüvə fəaliyyətlərini bərpa etsə, yeni hücumlara hazırdır və bu halda Trampın dəstəyinə ümid edir.

Əməliyyatlardan əvvəl Omanın paytaxtı Məsqatda ABŞ və İran arasında beş raunddan ibarət gizli danışıqlar keçirilib. İddialara görə, Tehran tətbiq olunan sanksiyaların ləğvi qarşılığında yüksək zənginləşdirmədən imtinaya hazır olub, amma nüvə proqramının tam bağlanmasına razılıq verməyib. Bu gərgin diplomatik və hərbi mühitdə ABŞ və Avropa son kartlarını oynayır: avqustun sonuna qədər razılaşma əldə olunmasa, Tehran əvvəlki beynəlxalq təcrid rejiminə qaytarılacaq.

Chosen
63
50
moderator.az

10Sources