İllərin çirklənməsi Mərmərə dənizini demək olar ki, məhvə doğru aparır. Dənizin dərin dib sularında oksigen səviyyəsi sıfıra yaxınlaşdıqca qığırdaqlı balıqlar, xüsusilə köpək balıqları sağ qalmaq üçün sahilyanı ərazilərə qaçırlar.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilir ki, təmizlənməmiş məişət, kənd təsərrüfatı və sənaye tullantıları Mərmərə dənizinə axan dərələrə və çaylara atılır ki, bu da çirklənməyə səbəb olur. Ekoloqların illərlə etdiyi xəbərdarlıqlara baxmayaraq, vəziyyət dəyişməz olaraq qalır.
Qığırdaqlı balıqlar üzrə məsləhətçi Hakan Kabasakalın son araşdırmasına görə, Mərmərə dənizinin bir çox dərinliklərində həll olunmuş oksigen səviyyəsi 2 mq/l-dən aşağı düşüb. Bəzi ərazilərdə 100 metr dərinlikdən başlayaraq bu göstərici hətta 1 mq/l-dən aşağı düşür, Mərmərə dənizinin şərq hissəsində isə 200 metrdən çox dərinlikdə oksigen səviyyəsi sıfıra enir. Bu vəziyyət dəniz heyvanları üçün ölüm hökmüdür. Maddələr mübadiləsi yüksək səviyyədə oksigen tələb edən köpək balıqları və buna bənzər növlər ya ölür, ya da sahilə çıxaraq sağ qalmaq uğrunda mübarizə aparır.
Mərmərə dənizindəki ölümcül çirklənmənin əsas mənbələrindən biri Bursadakı Nilüfer çayıdır. Zifir və qara qatran rəngi olan bu çay kimyəvi çirkab su axınıdır. Bursanın Ergenesi kimi tanınan Nilüfer çayı, Susurluk çayı ilə birləşmədən və Karacabeydə Mərmərə dənizinə tökülmədən əvvəl keçdiyi sənaye bölgələrindən və yaşayış məntəqələrindən bütün tullantıları toplayır. Türkiyə Təbiəti Mühafizə Dərnəyinin elmi müşaviri Dr. Erol Kesicinin fikrincə, lazımi ehtiyat tədbirləri görülməsə, Mərmərə dənizi 2021-ci ildə baş vermiş lil dağılması fəlakətindən daha ciddi vəziyyətlə üzləşə bilər.
Ekologiya və Şəhərsalma Nazirliyinin keçmiş müşaviri professor Mustafa Öztürk iddia edir ki, Mərmərə hövzəsindəki 180-ə yaxın dərə və çayın əksəriyyəti həm sənaye, həm də məişət tullantıları ilə çirklənir və tədbir görülməsə, azalma mümkün olmayacaq. Gönen çayının çox çirkli bir su yoluna çevrildiyini qeyd edən Öztürk deyib: "Regionda ümumi çirklənmənin qarşısını almaq üçün infrastruktura təxminən 10 milyard dollar investisiya lazımdır. Müasir bioloji təmizləyici sistemlərə keçmədən Mərmərə dənizinin xilası mümkün deyil".