Bəstəkar Tural Baküvinin Laçında sakinlərlə söhbətindən sonra yazdığı sosial şəbəkə paylaşımı cəmiyyətin diqqətini Qarabağda yenidən qurulan yaşayış məntəqələrindəki evlərin eyvanlarında Azərbaycan bayrağının olmamasına yönəldib. O, öz haqlı təəssüfünü bu sözlərlə ifadə edib:
“O evlər sahibləri üçün qazanc mənbəyinə çevrilib, bu heç, amma sakinlər də bir bayraq alıb eyvanlarından assalar nə olar ki?! Soruşanda dedilər ki, əvvəl hər evdə bayraq var idi, dövlət asmışdı, sonradan soldular, bir-bir çıxartdıq... Amma hər işi, xüsusən bu cür xırda, eyni zamanda isə ülvi bir işi dövlətdən gözləmək lazım deyil axı…”
Sosial şəbəkələrdə bəzi istifadəçilər iddia ediblər ki, mövcud qanunvericiliyə görə, şəxsi yaşayış evlərindən dövlət bayrağının asılması qadağandır. Bu iddianın doğru olub-olmadığını araşdırmaq üçün “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanuna nəzər salaq.
Qanun nə deyir?
“Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun (https://e-qanun.az/framework/6198) 8 iyun 2004-cü il tarixində qəbul olunub və bayrağın istifadəsi ilə bağlı hüquqi əsasları müəyyənləşdirir.
Bu qanunun 5.1-ci maddəsi isə müzakirə edilən məsələ üçün birbaşa cavab verir:
“Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.”
Bu bənd nə deməkdir?
Sadə dillə desək, qanun şəxsi yaşayış evlərindən bayraq asmağı tam şəkildə qanuni sayır. Yəni, hər bir vətəndaşın öz evinin önünə və ya eyvanına Azərbaycan Respublikasının Dövlət bayrağını asmağa tam hüququ var.