"Güclü dostluq streslə mübarizəni asanlaşdırır, depressiya riskini azaldır və hətta ömrü uzadır..."
Dostluq yalnız emosional bağ deyil, həm də zehni sinxronluqdur. Şanxay Xarici Dillər Universitetində aparılan yeni bir araşdırma göstərib ki, yaxın dostlar zamanla təkcə duyğu və fikirlərdə deyil, neyron fəaliyyətlərində də bir-birinə bənzəməyə başlayır.
Moderator.az xəbər verir ki, bu barədə "snob.ru" nəşri yazıb.
Qeyd edilir ki, bu, onların gündəlik həyatdakı seçimlərinə, məsələn, nə almalı, nəyə baxmalı və kimə inanmalı kimi qərarlarına birbaşa təsir edir. Tədqiqat "Journal of Neuroscience" jurnalında dərc edilib.
"Beyinlər dostlaşır"
Tədqiqatda 175 tələbə iştirak edib. Bir il fasilə ilə onların dostluq əlaqələri və tanışlıq səviyyəsi müəyyən olunub. Daha sonra iştirakçılara müxtəlif məhsulların şəkilləri göstərilib və bu məhsulların onlar üçün nə dərəcədə maraqlı olduğunu qiymətləndirmələri istənilib. Məlum olub ki, dost olan iştirakçıların fikirləri təsadüfi tanışlardan daha çox üst-üstə düşür. Üstəlik, dostluq dərinləşdikcə bu uyğunluq daha da güclənib.
Bu mərhələdən sonra tədqiqatçılar 47 iştirakçının funksional MRT görüntülərini analiz edib. Onlara müxtəlif reklam çarxları göstərilib və beyinlərinin diqqət, yaddaş, sosial qiymətləndirmə və vizual qavrama ilə bağlı sahələrindəki aktivlik izlənilib. Nəticədə dostlar arasında bu bölgələrdə eyni anda oxşar neyron siqnallar müşahidə olunub.
Dost beynin güzgüsüdür
Bu o deməkdir ki, dostlarımızla zaman keçirdikcə onların düşüncə tərzinə, seçimlərinə və hətta dünyaya baxışlarına müəyyən mənada "tənzimlənirik". Elm adamları qeyd edir ki, bu sinxronluq sadəcə psixoloji deyil, neyrobioloji səviyyədə baş verir. Yəni beynimiz əsl mənada bir-birinə uyğunlaşır.
Bu fenomen marketinq sahəsi üçün də ciddi nəticələr doğura bilər. Tədqiqatın müəllifləri hesab edir ki, müəyyən bir fərdin istehlak davranışını analiz edərkən onun yaxın dostlarının da reaksiyasını təxmin etmək mümkündür. Başqa sözlə, bizim hansı məhsulu bəyənəcəyimizi dostumuzun beyin aktivliyi belə "proqnozlaşdıra" bilər.
Sosial dairəmiz bizim kim olduğumuzu müəyyənləşdirir
Bu tədqiqat daha böyük bir həqiqəti üzə çıxarır: insanın fərdi kimliyi təkcə genetik və tərbiyə ilə yox, həm də sosial mühitlə formalaşır. Dost seçimi təkcə zövq məsələsi deyil, həm də zehni rezonansdır. Biz özümüzə bənzəyən insanlarla dost oluruq və bu dostluq bizi bir-birimizə daha da bənzədir. Bu qarşılıqlı proses nəticəsində dünyanı necə dərk etdiyimiz və gündəlik həyatda verdiyimiz qərarlar, şüurlu şəkildə fərqinə varmasaq belə, dostlarımızla birlikdə formalaşır.
Dostluq - birgə düşünmək və hiss etməkdir
Elm artıq uzun müddətdir ki, sosial münasibətlərin sağlamlığa təsirini göstərir: güclü dostluqlar streslə mübarizəni asanlaşdırır, depressiya riskini azaldır və hətta ömrü uzadır. Yeni tədqiqat isə bir addım daha irəli gedərək göstərir ki, dostluq təkcə ruhumuzu deyil, beynimizi də formalaşdırır. Bu isə o deməkdir ki, dost seçimi əslində kimliyimizi seçmək deməkdir.