EN

Azərbaycanlı alim Amerikada kibertəhlükəsizlik üzrə “Ən Yaxşı Müəllim” seçildi 

Amerika Birləşmiş Ştatlarında yerləşən Nyu Cersi Texnologiya İnstitutunda (NJIT) fəaliyyət göstərən azərbaycanlı alim, kriptologiya və kibertəhlükəsizlik üzrə tanınmış mütəxəssis, professor Fuad Həmidli kibertəhlükəsizlik sahəsində “Ən Yaxşı Müəllim” mükafatına layiq görülüb.


"Referans" bildirir ki, hazırda NJIT-də Kompüter Elmləri fakültəsində baş müəllim (Senior Lecturer) kimi çalışan Fuad Həmidli kibertəhlükəsizlik və kriptoqrafiya üzrə dərs deyir və tələbələri tərəfindən yüksək qiymətləndirilir. O, illərdir ardıcıl olaraq tələbə rəylərində institutun ən çox sevilən və nüfuzlu müəllimlərindən biri olub. Tələbələrinin sırasında JP Morgan, Goldman Sachs kimi aparıcı maliyyə qurumlarının rəhbər şəxsləri, dövlət orqanlarının mütəxəssisləri, magistrantlar və müxtəlif peşə sahibləri yer alır.


Fuad Həmidli elmə olan marağını hələ məktəb yaşlarında nümayiş etdirib. 2001, 2002 və 2003-cü illərdə keçirilmiş Azərbaycan Respublikası Riyaziyyat Olimpiadalarında dəfələrlə qızıl medal qazanıb və iki dəfə Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edərək fəxri fərmana layiq görülüb.


Ali təhsilin bütün mərhələlərini, bakalavr, magistratura və doktoranturanı, Türkiyə Respublikasında yerləşən Orta Doğu Texnik Universitetində (ODTÜ) tamamlayan Fuad Həmidli, doktorantura təhsilini Kriptoqrafiya sahəsində apararaq “Ən Yüksək GPA ilə Fəlsəfə Doktoru Tələbəsi” mükafatını qazanıb.


Təkcə akademiyada deyil, sənaye sahəsində də böyük nüfuz qazanan professor Həmidli Türkiyənin ən prestijli enerji şirkətlərindən olan SOCAR Türkiyədə kibertəhlükəsizlik rəhbəri kimi strateji layihələrə rəhbərlik edib. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş boşluqların idarə edilməsi və insidentlərə cavabvermə kimi layihələr bu gün də effektiv şəkildə işləyir. Bəzi digər irimiqyaslı şirkətlər də məhz bu layihələri nümunə götürərək öz sistemlərinə tətbiq ediblər.


Eyni zamanda, Fuad Həmidli 2021-ci ildə Azərbaycan Elm və Təhsil Nazirliyinin təşkil etdiyi xüsusi komitədə yer alaraq ölkənin ilk İnformasiya Təhlükəsizliyi üzrə bakalavr proqramının kurikulumunun hazırlanmasında bilavasitə iştirak edib. Hazırda bu kurikulum UNEC, Odlar Yurdu Universiteti, Azərbaycan Universiteti, Western Caspian University və digər ali təhsil müəssisələrində tətbiq olunur və ölkə üzrə geniş yayılıb.


Professor Həmidli həmçinin ABŞ-da keçirilən mühüm ictimai maarifləndirici tədbirlərdə də fəal iştirak edir. Onun diqqət çəkən çıxışlarından biri AARP New Jersey və NJIT-in birgə təşkilatçılığı ilə baş tutan “Fraud 360 – Awareness, Prevention & Recovery” tədbirində olmuşdur. AARP (American Association of Retired Persons) ABŞ-da milyonlarla üzvü olan və əsasən yaşlı nəsli təmsil edən nüfuzlu bir ictimai təşkilatdır. Tədbirin məqsədi vətəndaşlara fırıldaqçılıqdan necə qorunmaq barədə bilik və bacarıqlar aşılamaq idi. Tədbirdə Nyu Cersi ştatının senatoru da daxil olmaqla dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri və kibertəhlükəsizlik sahəsinin ekspertləri iştirak etmişdilər. Fuad Həmidli bu tədbirdə fişinq hücumları, sosial mühəndislik texnikaları və rəqəmsal izlərin yaratdığı risklər barədə təqdimatla çıxış edərək iştirakçılara praktiki tövsiyələr verib və böyük rəğbət qazanıb.


Bundan əlavə, NJIT-də orta məktəb şagirdləri üçün təşkil olunan Pre-College Cybersecurity Bootcamp proqramının rəhbəri kimi çıxış edərək gələcəyin kibertəhlükəsizlik mütəxəssislərinin formalaşmasına böyük töhfə verib.


Ən mühüm məqamlardan biri isə budur ki, Fuad Həmidli bəzən bir-birini tamamlamayan iki ayrı ixtisas sahəsi olan kriptologiya və kibertəhlükəsizlik üzrə eyni anda yüksək peşəkarlıq səviyyəsinə malik olan nadir mütəxəssislərdəndir. Çox zaman bu iki sahə üzrə ixtisaslaşma ayrı-ayrı şəxslərdə görülür, lakin Həmidli bu sahələrin hər ikisini dərindən bilən və tətbiq edən istisna mütəxəssislərdən biridir.


Onun beynəlxalq miqyasda qazandığı elmi və peşəkar uğurlar Azərbaycan xalqı üçün böyük qürur mənbəyidir.

Chosen
45
referans.az

1Sources