EN

Xalq artisti Mirzə Babayevin doğum günüdür

Bu gün tanınmış müğənni və aktyor, Azərbaycan estrada sənətinin banilərindən olan Xalq artisti Mirzə Babayevin doğum günüdür.
 
Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakının Maştağa kəndində dünyaya gəlib. O, əvvəlcə Bakı Sənaye İnstitutunda memarlıq ixtisası üzrə təhsil alıb. Lakin musiqiyə olan həvəsi onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirib. M.Babayev burada məşhur vokal ustadı Bülbülün sinfində təhsil alıb və 1953-cü ildə konservatoriyanı bitirib.
 
M.Babayevin səsi, özünəməxsus ifa tərzi və səhnə mədəniyyəti onu qısa zamanda sevilən sənətçilərdən biri edib.
 
O, təkcə səhnədə deyil, kino dünyasında da unudulmaz izlər qoyub. "Dərviş Məstəli şah", "Bəyin oğurlanması", "Qorxma, mən səninləyəm", "Telefonçu qız" filmlərində canlandırdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb. Sənətçi ümumilikdə 30-dan çox filmdə rol alıb və bir çox musiqi əsərinə kino dili ilə yeni nəfəs verib.
 
Çoxşaxəli yaradıcılığa malik sənətkar həm də memar və rəssam kimi fəaliyyət göstərib. O, Azərbaycan Memarlar İttifaqının üzvü olub. Paytaxtla yanaşı regionlarda da onun layihəsi ilə inşa olunmuş tikililər mövcuddur. Keçmiş "Vətən" kinoteatrı onun layihəsi üzrə tikilmişdi. O, həmçinin Nizami muzeyinin zallarının tərtibatında iştirak edib.
 
Əmək və sənət uğurlarına görə M.Babayev "Xalq artisti" fəxri adı, "Şöhrət" ordeni və bir sıra digər mükafatlarla təltif edilib. İki dəfə "Humay" mükafatına layiq görülüb, Prezident təqaüdçüsü olub.
 
Azərbaycan musiqisinə və kinosuna töhfələri ilə yadda qalan sənətkar 2003-cü il yanvarın 13-də vəfat edib. O, II Fəxri xiyabanda dəfn olunub.
Chosen
34
2
moderator.az

3Sources