EN

"Xalq Bank"ın xalis mənfəəti 22 %-ə yaxın azalıb

“Xalq Bank” ASC bu ilin I yarısını 26,623 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,7 % azdır.

Yanvar-iyun aylarında “Xalq Bank”ın gəlirləri 128,016 milyon manat (illik müqayisədə 15,3 % çox), xərcləri 84,911 milyon manat (24,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 7,258 milyon manat (6,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 9,224 milyon manat (21,9 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Xalq Bank”ın aktivləri 3 milyard 440,522 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,2 % çoxdur. Bunun 1 milyard 797,252 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,6 % kiçilib.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 11,1 % artaraq 2 milyard 906,473 milyon manat, o cümlədən depozit portfeli 15,2 % azalaraq 1 milyard 835,384 milyon manat, balans kapitalı isə 11,5 % artaraq 534,048 milyon manata, o cümlədən nizamnamə kapitalı 13,9 % artaraq 415,597 milyon manat olub.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.

Chosen
68
report.az

1Sources