EN

Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix


Azərbaycan xalqının tarixində elə günlər var ki, bu günlər milli yaddaşda bir dönüş nöqtəsi kimi əbədiləşib. Bu baxımdan 14 iyul 1969-cu il müasir, müstəqil və qüdrətli Azərbaycan dövlətinin ideoloji, siyasi və iqtisadi əsaslarının formalaşmasına təkan verən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə mühüm strateji mərhələnin başlanğıcını qoydu. 1969-cu ilin 14 iylunda Sovet Azərbaycanının rəhbərliyinə gələn H. Əliyev, qısa müddətdə dərin zəka, güclü idarəçilik bacarığı və uzaqgörənliyi ilə bütün diqqəti respublikanın inkişafına yönəltdi. O dövrdə Azərbaycan Sovet İttifaqının geridə qalmış respublikalarından biri idi. Sosial-iqtisadi göstəricilər aşağı, kənd təsərrüfatı və sənaye sahələri isə iflic vəziyyətdə idi. İdarəçilikdə laqeydlik, korrupsiya və səriştəsizlik geniş yayılmışdı. Belə bir mürəkkəb şəraitdə Heydər Əliyev rəhbərlik estafetini qəbul edərək, xalqın taleyini dəyişəcək islahatlara start verdi. Heydər Əliyev ilk gündən nizam-intizamın bərpasını, elm, təhsil, mədəniyyət və iqtisadiyyatın yüksəlişini strateji hədəf kimi müəyyən etdi. Kənd təsərrüfatı və sənaye sahəsində struktur islahatları aparıldı, yeni zavodlar, fabriklər, istehsalat müəssisələri yaradıldı. Regionların inkişafına xüsusi diqqət yetirildi, yollar, elektrik və su təchizatı yaxşılaşdırıldı, kadr siyasəti yenidən quruldu. Xüsusilə Azərbaycanlı gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsi siyasəti, milli intellektual potensialın formalaşmasında mühüm rol oynadı. Bu addım Azərbaycanın gələcək müstəqilliyi üçün yetişən beyinlərin, vətənpərvər kadroların təminatına çevrildi. Heydər Əliyevin rəhbərliyi altında milli kimliyin qorunması, ana dilinin, milli-mənəvi dəyərlərin inkişafı istiqamətində də mühüm addımlar atıldı. Azərbaycan xalqının milli ruhunun dirçəlməsi və öz tarixi köklərinə qayıdışı prosesinə təkan verildi. Bu, sovet ideoloji mühitində olduqca cəsarətli və strateji bir mövqe idi. Məhz bu dövrdə Heydər Əliyev tərəfindən milli teatrlar, musiqi və mədəniyyət ocaqları dəstəkləndi, Naxçıvanın, Qarabağın, Şuşanın tarixi abidələri qorundu, elmi-tarixi araşdırmalar təşviq edildi. Azərbaycançılıq ideologiyasının əsas toxumları da məhz bu illərdə səpilmişdi. 14 iyul 1969-cu ildən başlanan bu dövr yalnız Sovet Azərbaycanının yüksəlişi ilə deyil, gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarının qoyulması ilə əlamətdar oldu. Heydər Əliyevin SSRİ rəhbərliyində yüksək vəzifələrdə çalışarkən də Azərbaycana qayğı ilə yanaşması, milli maraqları müdafiə etməsi bu siyasətin davamı idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, artıq özünün təməlini 1969-cu ildə qoyduğu yolun qurtuluş və quruculuq yolunun müstəqillik şəraitində davamını təmin etdi. 14 iyul 1969-cu il təkcə bir siyasi təyinatın tarixi deyil, bu tarix Azərbaycan xalqının milli taleyində dönüş nöqtəsi olmuş, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri ilə ölkəmizin müstəqillik və tərəqqi yoluna çıxmasının əsasını qoymuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında inkişaf edir və regionda söz sahibinə çevrilib. 14 iyul hər bir azərbaycanlının qəlbində iftixar doğuran, milli ruhun, dövlətçilik təməlinin rəmzi olan unudulmaz gündür.

Lamiyə İsazadə, Yazıçı-publisist, QHT sədri

Chosen
14
50
baki-xeber.com

10Sources