EN

NİİM: Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzaya səbəb olub VİDEO

Bakı, 14 iyul, AZƏRTAC

Yol-nəqliyyat hadisəsi ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobilində texniki nasazlıq yarandığından nəqliyyat vasitəsini yolun kənarına çəkən sürücü təhlükəsizlik qaydalarına əməl etməyib. Bu zaman hərəkətdə olan avtobus sürücüsü ara məsafəsi saxlamamaqla yanaşı, diqqətsizlik etdiyindən onu vurub. İki nəqliyyat vasitəsinin iştirakı ilə yaşanan bu hadisə səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində müddəti 25 dəqiqə çəkən nəqliyyat sıxlığı yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücülərə müraciət edərək bildirir ki, avtomobildə texniki nasazlıq yarandıqda qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir. Eyni zamanda, hərəkətdə olan digər sürücülər ara məsafəsi saxlamalı, nəqliyyat vasitəsini sürətlə idarə etməməli və yollarda diqqətli olmalıdırlar”,- deyə məlumatda bildirilib.

Chosen
13
17
azertag.az

10Sources