EN

Masallıda 70-ə yaxın arı ailəsi tələf olub

Masallı rayonunun Sığıncaq kəndində bir neçə nəfərə məxsus arı təsərrüfatının zəhər verilərək məhv edildiyi iddia olunur.

Astaranın Miki kənd sakini Təcib Rüstəmov APA-nın cənub bürosuna bildirib ki, 35 arı ailəsini daha keyfiyyətli bal əldə etmək məqsədilə müvəqqəti olaraq Sığıncaq kəndindəki örüş sahəsinə yerləşdirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl naməlum şəxslər tərəfindən təsərrüfatındakı arılara zəhər verilib: “Axşamçağı əmim oğlu zəng etdi ki, qonşuda arıları qırıblar. Sonra dedi ki, sənin arıların da tələf olub. Gecə baxanda gördüm ki, arıların hamısı ölüb. Tam dolu yeşiklər məhv olub. Bunun üçün dərmanlardan istifadə ediblər. Cəmi 5-10 arı qalıb. Ümumilikdə 35 arı ailəsi tamamilə tələf olub”.

Bənzər hadisə kənd sakini Səid Əhmədovun həyətindəki arı təsərrüfatında da baş verib. Burada isə təxminən 40 arı ailəsi tələf olub.

Təsərrüfat sahibləri bildirirlər ki, arı yeşiklərində toplanmış bal da yararsız hala düşüb və istifadəsi təhlükəli ola bilər. Onların sözlərinə görə, hadisə nəticəsində ümumilikdə 30 min manatdan çox maddi ziyan dəyib.

Faktla bağlı polisə məlumat verilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əraziyə gələrək laborator analizlər üçün nümunələr götürüblər.

Chosen
13
4
apa.az

5Sources