Bir qadının həyatı və televiziya ekranlarından tanıdılan bir həkimin gerçəkləri
Bu gün gündəmi tanınmış oftalmoloq Cahid Şahbazovun keçirdiyi əməliyyatdan sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın səsinin eşidilməsi, həkimə cinayət işi açılması zəbt edib. Xanımın iddiasına görə, “Caspian Hospital”da Cahid Şahbazovun etdiyi səhv müayinə və yanlış diaqnoz həyatını alt-üst edib, rəsmi şəkildə bu iddialar əsasında Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Tibbi ekspertiza da Humay xanımın dediklərini təsdiqləyib.
Bu, təkcə bir pasiyentin faciəsi deyil. Bu, həm də ictimai etibarın, həkim peşəsinə inamın sarsılmasıdır. Daha dəqiq desək, bu hadisə sadəcə bir səhiyyə problemi yox, eyni zamanda medianın və şou-biznesin tibb sahəsinə transferi və məsuliyyətsiz yanaşmasının nəticəsidir.
Kimdir Cahid Şahbazov və niyə bu qədər “tanınmışdır”?
Cahid Şahbazovun adı televiziya ekranlarından, sosial şəbəkələrdəki "uğurlu əməliyyatlar" haqqında çəkilən videoçarxlardan, bəzi tanınmış aparıcıların “əmanət etdiyimiz dəyərli həkim” kimi təqdimatlarından yadda qalır. Amma bu reklamlar, bu təriflər hansı meyarla aparılırdı? Etik qaydalara uyğundurmu? Bu aparıcılar peşəkar jurnalistdirmi, yoxsa ödəniş müqabilində hamıya tribuna verən media simalarımı?
Bu sualları artıq cəmiyyət özü də soruşur, biganə qalmır. Çünki bir həkim tanınmışdırsa, bu onun mütləq yaxşı həkim olduğu anlamına gəlmir. Təəssüf ki, bir çox hallarda bu "tanınmışlıq" ödənişli reklamların və şəxsi PR kampaniyalarının nəticəsidir.
Həkim qədər aparıcılar və jurnalistlər də məsuliyyət daşıyır mövzu insan sağlamlığıdırsa.
Humay Əliyeva və onun kimi onlarla pasiyentin başına gələnlər, yalnız bir həkimin səhlənkarlığı deyil, həm də həmin həkimi tanıdan, reklam edən media nümayəndələrinin pula görə peşəsinə xəyanətidir. Televiziya proqramlarında səhiyyə məsələlərini peşəkar mütəxəssislərlə yox, reklam müqabilində "tərif maşınına" çevrilmiş aparıcılarla təqdim etmək biabırçılıqdır. Həkim seçimi reklamla olmamalıdır. Media məsuliyyəti sadəcə informasiyanı yaymaq deyil, yayılan informasiyanın nəticələrinə də cavabdehlik daşımaqdır.
Bu gün Cahid Şahbazovu efirə çıxarıb reklam edən, onu "möcüzə yaradan göz həkimi" kimi təqdim edən aparıcılar, həmin pasiyentlərin göz yaşına ortaqdır. Onların da adları, ən azı mənəvi baxımdan, istintaq materiallarına düşməlidir.
Hüquq müstəvisində olmasa da, vicdan müstəvisində cəzalarını çəkməlidirlər.
Bu işin hüquqi tərəfi ilə hüquq-mühafizə orqanları məşğul olacaq. Amma məsələ təkcə hüquq deyil, məsələ vicdan məsələsidir. İnsanın görmə qabiliyyətini itirməsi, sadəcə səhiyyə sistemi üçün deyil, bütövlükdə cəmiyyət üçün faciədir. Bu cür hadisələr, bir insanın yalnız fiziki deyil, psixoloji və sosial həyatını da iflic edir.
Bu hadisə bir daha göstərdi ki, tibb sahəsində şouya yer yoxdur. Tibb — reklam, tanıtım, sponsorlara görə yönləndiriləcək bir sahə deyil. Burada yalnız savad, təcrübə və vicdan əsas meyar olmalıdır.
Gözlə oynamaq asan, məsuliyyətdən yaxa qurtarmaq çətindir.
Humay Əliyevanın başına gələnlər ölkədəki həkim məsuliyyəti, səhiyyədə reklam fırıldaqları və televiziya populizmi barədə cəmiyyətə açıq mesajdır. Səssiz qalmamalıyıq. Əks halda sabah bizim, yaxınlarımızın da başına gələ bilər.
Unutmayaq: tibb şou deyil, həyatdır.
Elnurə Abuşova