EN

14 İyul Azərbaycanın taleyini dəyişən tarixə çevrildi



Məşhur Məmmədov,
Millət vəkili


14 iyul 1969-cu il – Azərbaycan tarixində dönüş nöqtəsi olan bu gün, müasir dövlətçiliyimizin bünövrəsinin qoyulduğu, xalqımızın gələcəyinə ümid və inam bəxş edən bir gündür. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməklə ölkədə siyasi rəhbərliyə gəldi. Bu tarixi hadisə yalnız bir kadr dəyişikliyi deyildi, bu, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması demək idi.
1960-cı illərin sonlarında Azərbaycan Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri hesab olunurdu. Sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və sosial sahələrdə durğunluq hökm sürürdü. Regionlar diqqətdən kənarda qalır, milli kimlik hissi sıxışdırılır, azərbaycançılıq ideologiyası isə zəiflədilirdi.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu mənzərə dəyişməyə başladı. Onun məqsədyönlü, uzaqgörən və xalqın maraqlarına söykənən siyasəti nəticəsində qısa müddətdə bütün sahələrdə ciddi irəliləyişlər baş verdi. Azərbaycan sənaye istehsalında SSRİ miqyasında ön sıralara çıxdı, ali və orta ixtisas məktəblərinin sayı artdı, təhsilin keyfiyyəti yüksəldi. Ulu Öndərin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilərək milli kadr potensialı yaradıldı.
Milli mənlik və azərbaycançılıq ideologiyasının dirçəldilməsi də Ulu öndərin adı ilə bağlıdır.
Heydər Əliyevin rəhbərliyi dövründə milli mədəniyyətə, dilə və milli kimliyə xüsusi önəm verildi. O, Sovet senzurasının sərt çərçivələri daxilində belə azərbaycançılıq düşüncəsini təlqin edir, xalqın tarixi yaddaşını dirçəltməyə çalışırdı. Azərbaycan dilinin inkişafı, klassik irsimizin təbliği, milli ədəbiyyatın və incəsənətin dəstəklənməsi həmin dövrün prioritetlərindən oldu.
Ulu Öndərin siyasi uzaqgörənliyi gələcək dövlətçiliyin bünövrəsini qoydu.
Heydər Əliyev SSRİ kimi bir imperiyanın sərt siyasi sistemi daxilində çalışaraq Azərbaycanın maraqlarını müdafiə etməyi, iqtisadi və intellektual potensialını artırmağı bacardı. 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi bu uzaqgörən siyasətin bariz nümunəsi idi.
Ulu Öndərin Moskvaya – SSRİ rəhbərliyinə dəvət olunması və orada da yüksək vəzifə tutması, əslində Azərbaycan üçün yeni imkanların açılmasına xidmət etdi. O, bu nüfuzlu tribunadan istifadə edərək Azərbaycanın istedadlı kadrlarının irəli çəkilməsinə, respublikamıza daha çox investisiya və diqqətin yönəldilməsinə nail oldu.
14 iyulun müasir mənası tənəzzüldən inkişafa yönələn tarixdir.
Bu gün – 14 iyul yalnız bir tarix deyil. Bu, Ulu Öndər Heydər Əliyevin xalqı üçün başladığı müqəddəs missiyanın başlanğıc nöqtəsidir. Azərbaycanın bugünkü müstəqilliyi, beynəlxalq arenadakı uğurları, güclü iqtisadiyyatı və sabitliyi həmin günün nəticəsidir. Ulu Öndərin başladığı inkişaf və quruculuq yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu davamlılıq Azərbaycanı Cənubi Qafqazın lider ölkəsinə çevirib.
Bir sözlə, 14 iyul xalqın dövlətə inamının bərpa olunduğu, Azərbaycançılıq ideologiyasının dövlət idarəçiliyində öz yerini tutduğu gündür. Ulu Öndərin zəngin irsi bu gün də ölkəmizin siyasi kursunun təməlini təşkil edir və gələcək nəsillər üçün örnək olaraq yaşayır.
Bu gün hər bir vətəndaş, xüsusilə biz dövlət və ictimai xadimlər üçün bu tarixin mənası çox dərindir. Ulu Öndərə olan minnətdarlığımızı yalnız xatirələrdə deyil, onun ideyalarını layiqincə yaşatmaqla ifadə etməliyik.



Chosen
10
4
aia.az

5Sources