EN

Bir neçə qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edildi

Milli Məclisdə bir neçə qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.
 
Moderator.az xəbər verir ki, parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında Torpaq Məcəlləsi, Mülki Məcəllə, Mənzil Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, həmçinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" haqqında qanunlara təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
 
Sənədə əsasən, istisna hallarda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüquqi və fiziki şəxslərə - vətəndaşlara verilməsi barədə hərrac keçirilməyəcək.
 
Mövcud qanunvericiliyə görə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün vətəndaşın mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
 
Layihəyə görə isə yuxarıda qeyd olunan qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilməyəcək.
 
Buna görə də qeyd olunan hallar üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsinin hüquqi bazası yaradılır.
 
Həmçinin təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli binanın tikinti prosedurları sadələşdirilir.
 
Mövcud qanunvericiliyə görə, sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.
 
Həmçinin tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir:
 
- tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini;
 
- yuxarıdakılara müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini.
 
Layihədə isə qeyd olunur ki, rəyin bildirilməsi üçün sorğunun göndərilməsi ilə bağlı tələb təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti layihəsinə şamil edilməyəcək.
 
Bundan başqa, bəzi hallarda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış yerlərində yeni evlərin tikilməsi məqsədəuyğun hesab edilməyəcək.
 
Sənədə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış yerlərinin əvəzinə həmin torpaq sahəsində yeni yaşayış sahələrinin tikilməsi aşağıdakı hallar olduqda məqsədəuyğun hesab edilməyəcək.
 
- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin gələcəkdə baş verə biləcək təbii fəlakət nəticəsində yaşayış sahələrinin tikintisi baxımından yüksək riskli ərazi olduğu müəyyən edildikdə;
 
- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin təyinatı tikinti aparılmasına icazə vermədiyi və ya kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdiyi müəyyən edildikdə.
 
Qeyd olunan hallar tikili mülkiyyətçilərinin müraciəti əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) öz təşəbbüsü ilə 30 gün müddətində apardığı araşdırma nəticəsində müəyyən edilir.
 
Müraciətin və araşdırmanın nəticəsi olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin 2-ci hissəsində göstərilən hallar barədə qərar qəbul edir və həmin qərarı 3 gün müddətində tikilinin mülkiyyətçisinə göndərir.
 
Mövcud qanunvericiliyə əsasən, yanğın, digər qəza və təbii fəlakət hadisəsi nəticəsində tikili dağıldıqda, dağılan gündən ən geci iki il keçənədək tikilini bərpa etməyə və ya həmin sahədə yeni tikili ucaltmağa başlanarsa, həmin torpaq sahəsindən istifadə hüququ saxlanılır.
 
Yaşayış məntəqəsinin planlaşdırma və tikinti layihələrində həmin torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulduğu hallarda dağılmış tikililərin bərpası üçün bu məcəllə ilə müəyyən edilmiş qaydada başqa torpaq sahəsi verilir.
 
Həmçinin dövlət bəzi hallarda torpaq sahəsinin dəyərini vətəndaşa ödəməklə ondan ala biləcək.
 
Layihəyə əsasən, qanunvericiliyə yeni maddə əlavə olunur.
 
Belə ki, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad olunmuş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerinə bələdiyyəyə məxsus torpaq sahəsində yeni evlər və çoxmənzilli binalar tikilərsə, dövlət həmin bələdiyyəyə bunun əvəzində mülkiyyətindən uyğun dəyərdə torpaq sahəsi verəcək.
 
Sənəddə qeyd olunur ki, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış yerlərinin həmin torpaq sahələrində tikilməsinin məqsədəuyğun hesab edilmədiyi halların dairəsi müəyyən ediləcək.
 
Vurğulanır ki, bu məqsədlə müvafiq araşdırmanın aparılmasının hüquqi proseduru yaradılacaq və yeni yaşayış yerlərinin həmin torpaq sahələrində tikintisi məqsədəuyğun hesab edilmədikdə bu torpaq sahəsinin əvəzinə müvafiq torpaq yerlərinin ayrılması nəzərdə tutulur.
 
Bildirilir ki, yeni yaşayış yerlərinin tikintisi üçün torpaq sahəsi dövlət ehtiyat fondu torpaqlarından, bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılacaq.
 
Əgər yeni yaşayış üçün uyğun torpaq sahəsi ayrıla bilməzsə, dağıdılmış və ya yararsız hala düşmüş evlərin yerləşdiyi torpaq sahəsi dövlət tərəfindən sahibinə dəyəri ödənilməklə rekvizisiya qaydasında alınacaq.
 
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Chosen
9
22
moderator.az

10Sources