EN

"İsrailin yeni kosmik uğuru: "Dror-1" rabitə peyki ilə yeni dövr başlayır" - İsrail mətbuatı

"Texnoloji müstəqillik və təhlükəsizlik üçün strateji addım..."
 
İsrail özünün ən müasir rabitə peyki olan "Dror-1"i uğurla orbitə çıxararaq kosmik texnologiyalar sahəsində yeni bir mərhələyə qədəm qoyub. 
 
Moderator.az xəbər verir ki, bu barədə "lechaim.ru" nəşri yazıb.
 
Məlumatda deyilir ki, ABŞ-ın Florida ştatındakı Kanaveral burnundan həyata keçirilən buraxılış İlon Muaska məxsus "SpaceX" şirkətinin "Falcon 9" raketi vasitəsilə baş tutub. Bu peyk İsrailin tam milli rabitə şəbəkəsinə malik ilk peyki olmaqla yanaşı, ölkənin texnoloji və strateji suverenliyini təmin etmək üçün hazırlanıb.
 
"Kosmosda smartfon" - 200 milyon dollarlıq layihə
 
Təxminən 200 milyon dollara başa gələn bu layihə İsrail dövlətinin artıq kommersiya peyklərindən asılı olmayaraq, öz rabitə ehtiyaclarını, ilk növbədə Müdafiə Nazirliyinin tələbatını müstəqil şəkildə qarşılamaq imkanına sahib olduğunu göstərir. "Dror-1"in xidmət müddətinin ən azı 15 il olması planlaşdırılır.
 
Peykin çəkisi 4,5 ton, tam açıldıqda isə "qanadları" 18 metrə qədər uzanır. Üzərindəki iki nəhəng, hər biri 2,8 metr diametrində olan antenaları ilə bu peyk İsrail tarixində yaradılmış ən iri rabitə qurğusudur. Peyk 36 min kilometr yüksəklikdə geostasionar orbitə yerləşdiriləcək və sabit nöqtədə dayanaraq, fasiləsiz və təhlükəsiz rabitə təmin edəcək.
 
Müharibədən doğan texnoloji ehtiyac
 
"Dror-1"in hazırlanması İsrailin İranla baş vermiş son 12 günlük müharibə zamanı 2 min kilometr uzaqlıqda aparılan hərbi əməliyyatlar zamanı yaşanan rabitə problemlərindən sonra aktuallıq qazanıb. Hərbi qüvvələrin effektiv fəaliyyəti üçün sabit və yüksək keyfiyyətli rabitə vacib idi,  bu peyk həmin boşluğu doldurmaq məqsədi daşıyır.
 
Milli istehsal və texnoloji irəliləyiş
 
Peykin texnologiyası demək olar ki, tamamilə İsrailin öz resursları ilə hazırlanıb. "Israel Aerospace Industries" (IAI) şirkətinin baş direktoru Boaz Levi peyki "kosmosda bir smartfon" adlandıraraq, onun üzərində yerləşən rəqəmsal rabitə sistemlərinin ölkənin mühəndis gücünün zirvəsi olduğunu vurğulayıb. Levi həmçinin bildirib ki, "Dror-1" təkcə texnoloji sıçrayış deyil, həm də kiber və informasiya müharibələrinin artdığı dövrdə İsrailin öz strateji təhlükəsizliyini qorumaq üçün atdığı vacib addımdır.
 
Bir dövrün başlanğıcı
 
1988-ci ildə ilk "Ofek-1" peykini orbitə çıxaran İsrail bu gün artıq onlarla hərbi, elmi və mülki peyk layihəsinə imza atıb. "Dror-1" isə bu uğurların kulminasiyasıdır. O, İsrailin təkcə texnologiya sahəsində deyil, həm də milli təhlükəsizlik və informasiya müstəqilliyi sahəsində gələcək 15 ilini formalaşdıracaq bir infrastrukturun təməlidir.
Chosen
42
moderator.az

1Sources