Klublararası Dünya Çempionatında PSJ-ə (0:4) məğlub olaraq yarımfinalda mübarizəni dayandıran “Real Madrid” heyətdə dəyişikliklər etməyə hazırlaşır.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, Madrid klubu son turnirdə əsas heyətdə stabil çıxış etməyən üç futbolçunun satışına açıqdır. Söhbət qapıçı Andrey Lunin, yarımmüdafiəçi Dani Sebalyos və hücumçu Rodriqo Qoesdən gedir.
Xüsusilə ukraynalı qapıçı Lunin turnirdə bir dəqiqə belə şans qazanmadığı üçün klubdan ayrılmaq niyyətindədir. O, daha çox oyun praktikasına sahib ola biləcəyi komandaya keçmək istəyir. Sebalyos da turnirdə start heyətində meydana çıxmayıb, Rodriqo isə yalnız bir görüşdə əsas heyətdə yer alıb.
“Real Madrid” rəhbərliyi yay transfer dönəmində adıçəkilən futbolçular üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.