Beynəlxalq birlik Əbu-Dabi görüşünü dayanıqlı sülhə gedən yolda ciddi irəliləyiş kimi dəyərləndirir
İyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) geniş tərkibdə, vasitəçisiz görüşü müzakirə mövzusu olaraq qalır. Çünki konstruktiv keçən görüşdə sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Hər iki ölkədə aparılan danışıqlar, əldə edilən razılaşmalar müsbət qiymətləndirilib. Təbii ki, liderlərin görüşünə beynəlxalq ictimaiyyətin də marağı yüksək idi. Vaxtı ilə sülh müqaviləsinin bağlanması üçün vasitəçilik müssiyasını üzərilərinə götürən təşkilatlar və bəzi ölkələr indi tərəflərin yalnız birbaşa danışıq aparmalarının müsbət nəticələr verdiyinə şahidlik edirlər. Görüşdən sonra beynəlxalq ictimaiyyətin nəticəyə dair mövqeyi də onu deməyə əsas verir ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyən təşkilat və dövlətlər indi ikitərəfli formatın davam etməsinin tərəfdarıdırlar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Azərbaycan və Ermənistan liderlərinin görüşünə münasibəti bu fikirləri söyləməyə əsas verir. BMT baş katibinin sözçüsü Stefan Dujarrik baş katibin iki lider arasında keçirilən görüşə münasibətinə dair suala cavab olaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən son görüş bölgədə dayanıqlı sülhə gedən yolda ciddi irəliləyiş kimi dəyərləndirilir: "İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər". Onun fikrincə, Antonio Quterreş iki ölkə arasında müsbət yöndə davam edən prosesləri çox yaxından izləyir: "Uzun müddət gərginlik yaşamış iki ölkə arasında bu dialoqu alqışlayırıq. Mart ayında sülh müqaviləsi üzrə əldə olunan razılığı xatırlayırıq və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük. Bu görüş sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər. Baş katib bu prosesləri çox yaxından izləyir", - deyə S.Dujarrik vurğulayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus isə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib ki, ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir: "Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-in məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur".
Amerika Birləşmiş Ştatları da prosesləri yaxından izlədiyini bəyan etməklə proseslərdən heç bir halda kənarda qalmaq istəmədiyini və maraqlı olduğunu açıq şəkildə ifadə etməyə çalışır. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq birlik iki ölkə arasındakı sülh danışıqlarını yüksək qiymətləndirir. Əbu-Dabi görüşü dayanıqlı sülhə gedən yolda ciddi irəliləyiş kimi dəyərləndirilir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"