EN

Sülh gündəliyinin formalaşmasında yeni mərhələ

Ermənistan revanşist təzyiqlərə qarşı siyasi iradə nümayiş etdirərsə, danışıqların konkret nəticə verməsi mümkündür

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyinin formalaşmasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. 

Bu görüş təkcə regional münasibətlərin inkişafı baxımından deyil, həm də qlobal geosiyasi proseslər fonunda mühüm əhəmiyyət daşıyır. Yeni təhlükəsizlik arxitekturası formalaşan bir dövrdə Azərbaycan diplomatiyasının təşəbbüskarlığı və konstruktiv mövqeyi ölkəmizin Cənubi Qafqazda sabitliyin əsas təminatçısına çevrildiyini təsdiqləyir. Əbu-Dabi görüşünün körfəz ölkəsinin vasitəçiliyi ilə baş tutması isə danışıqların daha neytral formatda aparılmasının mümkünlüyünü nümayiş etdirir. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan artıq post-münaqişə mərhələsini uğurla keçir və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış", infrastruktur layihələri, təhlükəsizlik tədbirləri ilə beynəlxalq miqyasda nümunə kimi qəbul olunur: "Bu isə Azərbaycanın sülh prosesində yalnız tələb edən ölkə kimi deyil, eyni zamanda qurucu aktor kimi çıxış etdiyini təsdiqləyir. Digər tərəfdən, Ermənistanın hələ də daxili siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarını qoruyub saxlaması sülh danışıqlarının irəliləməsinə əngəl törədən əsas hüquqi maneələrdəndir. Bu səbəbdən, Ermənistanın sülh müqaviləsinə gedən yolda konstitusiya dəyişiklikləri həyata keçirməsi, Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət etdiyini hüquqi müstəvidə sərgiləməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda ATƏT-in Minsk qrupu kimi artıq tarixi funksiyasını tamamilə itirmiş formatın formal olaraq ləğvi də Ermənistan tərəfindən təşəbbüs kimi irəli sürülməlidir. Azərbaycan bu qurumun vasitəçilik missiyasının bitdiyini uzun müddətdir bəyan etsə də, Ermənistan beynəlxalq platformalarda bu mexanizmi yenidən dirçəltməyə çalışmaqla həm prosesi ləngidir, həm də dolayısıyla keçmişə qayıtmaq cəhdləri göstərir. Bu mənada rəsmi Yerevan ATƏT-ə müraciət edərək Minsk qrupunun mandatının rəsmi şəkildə geri çağırılmasını təmin etməlidir ki, sülh prosesi yalnız real və effektiv vasitəçilik formatları çərçivəsində davam etdirilə bilsin".

Deputat qeyd edib ki, Ermənistan tərəfindən aradan qaldırılmalı olan daha bir maneə Avropa İttifaqının sərhəddə yerləşdirdiyi müşahidə missiyasıdır. Bu missiyanın fəaliyyəti birtərəfli mövqe sərgiləməklə sülh gündəliyinə deyil, əksinə, gərginliyə zəmin yaradır. Müşahidəçilərin bölgədə Azərbaycanla razılaşdırılmamış şəkildə yerləşdirilməsi beynəlxalq hüququn və diplomatik balansın pozulması kimi qiymətləndirilə bilər. Ermənistan bu məsələni danışıqlar müstəvisinə daşımalı və Aİ müşahidəçilərinin fəaliyyətinə son verməlidir. Bütün bu faktorları nəzərə alaraq demək olar ki, sülh müqaviləsinin imzalanması üçün əlverişli geosiyasi imkanlar formalaşıb. 

E.Mirzəbəyli vurğulayıb ki, əgər Ermənistan daxili revanşist təzyiqlərə qarşı siyasi iradə nümayiş etdirərsə, qarşıdakı aylarda danışıqların konkret nəticə verməsi mümkündür: "Azərbaycanın ardıcıl və praqmatik siyasəti, bölgədə yeni reallıqların möhkəmlənməsi və beynəlxalq dəstəyin güclənməsi fonunda Ermənistan tərəfindən maneələrin aradan qaldırılması istiqamətində konkret addımlar atılacağı təqdirdə sülh müqaviləsinin imzalanması real görünür. Bu müqavilənin reallaşması ilə Cənubi Qafqaz geosiyasi fragmentasiyadan qlobal inteqrasiyaya doğru irəliləyəcək. Bu isə həm region ölkələrinin rifahı, həm də Avrasiya məkanında dayanıqlı sabitlik üçün yeni bir mərhələnin əsasını qoyacaq".

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources