ABŞ prezidenti Donald Tramp hesab edir ki, onun siyasi rəqibləri amerikalı maliyyəçi Ceffri Epşteyn işi üzrə əlavə sənədlərin mövcudluğu barədə versiyanı saxtalaşdırıblar.
"Report"un məlumatına görə, o, bu barədə "Truth Social" platformasında yazıb.
"İllərdir Epşteyn mövzusu ortaya çıxır", - deyə Tramp qeyd edib və əlavə edib ki, bu işin müzakirəsi "keçmiş prezident Barak Obama, keçmiş dövlət katibi Hillari Klinton, keçmiş Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Ceyms Komi, keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brennan, həmçinin sabiq prezident Co Baydenin administrasiyasının üzvləri tərəfindən tərtib edilmiş" sənədlərin reklamına xidmət edir.
"Onlar sənədləri mənim əleyhimə istifadə etdikləri Hillari Klintonun və Birləşmiş Krallığın xarici kəşfiyyat xidməti MI-6-nın keçmiş agenti Kristofer Stilin yalan dosyesini yaratdıqları kimi yaradıblar. Niyə bu radikal solçu dəlilər Epşteyn sənədlərini dərc etmirlər? Əgər onlarda MAGA (Make America Great Again, "Amerikanı yenidən güclü edək" - red.) hərəkatına zərər verəcək bir şey olsaydı, niyə onlardan istifadə etmədilər?" - o sual edib.
Bununla yanaşı, ABŞ lideri Epşteyn işi üzrə əlavə materialları dərc etməkdən guya imtina etdiyi üçün tənqid olunan baş prokuror - ədliyyə naziri Pem Bondini müdafiə edib.