Sırğa və boyunbağı kimi taxıla bilən cihazlar hazırlanacaq
Texnologiya nəhəngləri süni intellekti (AI) daha geniş auditoriyaya çatdıracaq yeni elektron cihazlar üzərində çalışdıqları bir vaxtda, Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" da fərqli bir istiqamətə yönəlir. Metbuat.az xəbər verir ki, şirkət süni intellektlə təchiz olunmuş sırğa və boyunbağı kimi geyilə bilən cihazlar hazırlamağı planlaşdırır. Samsung-un mobil təcrübə bölməsinin rəhbəri Von-Jun Çoi CNN-ə verdiyi açıqlamada bildirib ki, süni intellektlə işləyən bu yeni cihazlar istifadəçilərə telefonlarını ciblərindən çıxarmadan ünsiyyət qurmaq və gündəlik işlərini daha sürətli yerinə yetirmək imkanı verəcək. Onun fikrincə, bu cür cihazlar istifadəçinin boynuna, qulağına və ya barmağına taxdığı əşyalar ola bilər: “Yəni bu cihazlar eynək, sırğa, ağıllı saat, üzük və ya bəzən boyunbağı formasında ola bilər”.