EN

Azərbaycan–Suriya enerji əməkdaşlığı

Bu əlaqələr Yaxın Şərq bazarında ölkəmizin mövqeyini möhkəmləndirir

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşündə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, bu respublikanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Eyni zamanda, yaxın vaxtlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəyi xatırladılıb. Bununla bərabər, Azərbaycanın Suriyanın energetika sisteminin bərpasına töhfə vermək iqtidarında olduğu da diqqətə çatdırılıb.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycanın enerji strategiyası son illərdə ardıcıl şəkildə genişlənir. Cənubi Qafqazın lider dövləti kimi enerji resurslarını dünyanın müxtəlif bölgələrinə ixrac edən Azərbaycan bu gün artıq yalnız ənənəvi tərəfdaşlarla deyil, həm də yeni regional bazarlarla əlaqələrini möhkəmləndirir. İndiyədək 12 ölkəyə, əsasən də Avropa dövlətlərinə təbii qaz ixrac edən Azərbaycan üçün indi yeni bir coğrafiya – Yaxın Şərq istiqaməti də formalaşır. Bu isə ölkəmizin enerji diplomatiyasında növbəti mərhələnin başlandığını göstərir.

Qeyd edək ki, Azərbaycan qazının Yaxın Şərqə ixracı ilə bağlı mühüm texniki və logistika məsələləri də sürətlə həll olunur. Məlum olduğu kimi, Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri artıq bərpa edilib və bu xətt yaxın vaxtlarda kommersiya qaz nəqlinə hazır olacaq. Daha önəmli isə odur ki, Suriyanı İordaniya ilə birləşdirən, lakin müharibə illərində dağıdılmış digər qaz kəmərinin də yenidən qurulması perspektivləri dəyərləndirilir.

Bu layihənin reallaşması Azərbaycan qazının Suriyadan keçməklə İordaniyaya, hətta Misirə qədər nəqlinə geniş yol açacaq. Belə bir marşrutun formalaşması Azərbaycanın qaz ixrac coğrafiyasını daha da şaxələndirəcək və enerji bazarlarında nüfuzunu artıracaq.

Suriyanın bu prosesdə yalnız istehlakçı yox, həm də tranzit ölkə qismində iştirakı mühüm önəm daşıyır. Bu, həm regional əməkdaşlıq formatlarının genişlənməsinə, həm də Azərbaycan qazının ərəb dünyasına çıxışına real zəmin yaradır. Beləliklə, Azərbaycan Avropa ilə yanaşı, həm də Yaxın Şərq ölkələri üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edir.

Azərbaycanın enerji strategiyası yalnız qaz ixracı ilə məhdudlaşmır. Son illərdə ölkəmizdə elektrik enerjisi istehsalında böyük artım müşahidə olunur. Xüsusilə “yaşıl” enerji layihələrinin genişlənməsi bu sahədə ixrac potensialını getdikcə artırır. İndi respublikamızın qarşısında Yaxın Şərqə elektrik enerjisi ixracı imkanları açılır. Texniki baxımdan elektrik enerjisinin regional şəbəkələr vasitəsilə ötürülməsi və bu sahədə də yeni əməkdaşlıq formatlarının yaradılması gündəmdədir. Azərbaycanın geoiqtisadi mövqeyi və inkişaf etmiş enerji infrastrukturu belə bir addımı reallaşdırmağa imkan verir. Bu, təkcə iqtisadi deyil, həm də diplomatik uğur kimi qiymətləndirilə bilər. Enerji sahəsində əməkdaşlıq ölkələr arasında sabitliyi və qarşılıqlı asılılığı gücləndirir.

Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artıq 13-ə çatmaq üzrədir. Əgər Suriyaya qaz nəqli reallaşarsa və İordaniya ilə Misirə doğru istiqamət genişlənərsə, bu sayın artması qaçılmaz olacaq. Bu isə Azərbaycanın enerji ixrac siyasətinin dinamik və çoxşaxəli xarakter aldığını göstərir. Azərbaycan qazı artıq yalnız Avropanın enerji təhlükəsizliyinə töhfə vermir, həm də Yaxın Şərq ölkələrinin enerji balansının formalaşmasında rol almağa başlayır. Bu, enerji siyasətinin beynəlxalq əlaqələrə inteqrasiyası və regionlararası körpülərin yaradılması baxımından strateji uğurdur.

Azərbaycanın Yaxın Şərqə qaz və enerji ixracı ilə bağlı atdığı addımlar ölkənin enerji siyasətində yeni mərhələnin başlandığını göstərir. Bu, həm iqtisadi mənfəət, həm də geosiyasi təsir baxımından önəmli strateji xəttdir. Region ölkələri ilə əməkdaşlıq, yeni enerji marşrutlarının yaradılması və alternativ bazarların formalaşması Azərbaycanın mövqelərini daha da gücləndirir.

Beləliklə, Azərbaycan dünya enerji bazarında getdikcə daha çox tanınan, güvənilən və strateji tərəfdaş kimi çıxış edir. Yeni coğrafiyalar, yeni imkanlar və dayanıqlı əməkdaşlıq perspektivləri Azərbaycanın enerji diplomatiyasını qlobal miqyasda yeni zirvələrə daşıyır.

Sonda bir məqamı da xatırlatmaq istərdik. Dünən Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, Dövlət Neft Şirkəti Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Azərbaycan Dövlət Neft Şirkəti ilə Suriya Ərəb Respublikası Hökuməti arasında imzalanan Anlaşma Memorandumu iki ölkə arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənədə əsasən, yaxın gələcəkdə Azərbaycan təbii qazı Suriyaya ixrac olunacaq. Bu təşəbbüs Azərbaycanın regional enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirəcək, eyni zamanda, Suriyada enerji təminatının sabitliyinə və iqtisadi dirçəlişinə mühüm töhfə verəcək.

Suriyaya qaz ixracı Türkiyə üzərindən ildə 1 milyard kubmetr həcmində planlaşdırılır və bu məsələ Suriya Prezidentinin Bakıya səfəri çərçivəsində ətraflı müzakirə olunub. Suriya həm istehlakçı ölkə, həm də tranzit rolunu oynaya bilər. Artıq Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib. Həmçinin Suriyanı İordaniya ilə birləşdirən qaz kəmərinin də bərpası nəzərdən keçirilir ki, bu da Azərbaycan qazının gələcəkdə Misirə qədər çatdırılması imkanlarını artırır. Bundan əlavə, Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı sahəsində də yeni imkanlar yaranır. Yaxın Şərq bazarı bu baxımdan perspektivli istiqamətlərdən biri kimi qiymətləndirilir. Beləliklə, bu əməkdaşlıq nəticəsində Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatır və bu, ölkənin enerji diplomatiyasının uğurlu genişlənməsinin göstəricisidir.

V.BAYRAMOV
XQ

Chosen
12
xalqqazeti.az

1Sources