EN

Suriya prezidentinin Azərbaycan səfəri: Yeni dövrün başlanğıcı

Suriya Prezidenti Əhməd əş-Şaraa Azərbaycana işgüzar səfərə gəlib. Onun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə mühüm dönüş nöqtəsidir. Bu səfər yalnız ikitərəfli əlaqələrin genişləndirilməsi deyil, eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasətində artan diplomatik fəallığının daha bir təzahürüdür.

Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev və Prezident Əhməd əş-Şaara Antalyada keçirilən beynəlxalq forum çərçivəsində ilk dəfə bir araya gəlmişdilər. Bu təmaslar əsasında formalaşan siyasi dialoq bu gün strateji əməkdaşlığa doğru inkişaf edir.

Azərbaycan Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkənin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini açıq şəkildə ifadə edən ilk ölkələrdən biri olub. Bununla yanaşı, Bakı Ankarayla birlikdə Suriyanın post-münaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib.

Mayın 4-də Prezident İlham Əliyevin tapşırığı ilə baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb.

Azərbaycan-Suriya münasibətləri Azərbaycanın regional siyasətində, xüsusən Yaxın Şərq strategiyasında mühüm yer tutur. Bakı artıq təkcə Avropa və Mərkəzi Asiya deyil, eyni zamanda Yaxın Şərq regionunda da sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə fərqlənir. Prezident İlham Əliyevin balanslı və çoxşaxəli xarici siyasəti sayəsində Azərbaycan bu bölgədə də etibarlı tərəfdaş kimi qəbul olunur.

Vətən müharibəsində qələbə və ərazi bütövlüyümüzün bərpasından sonra Azərbaycan öz xarici siyasətində yeni bir mərhələyə keçib. Artıq ölkəmiz yalnız regional deyil, qlobal siyasətdə də aktiv rol oynayır. Bu proses Azərbaycanın yeni diplomatik tərəfdaşlıqlara açıq olduğunu göstərir və Əhməd əş-Şaaranın səfəri də bu kontekstlərdən biridir.

Maraqlı məqamlardan biri də enerji sahəsində əməkdaşlıq imkanlarıdır. Bu aspektdə Azərbaycan qazının Yaxın Şərq bazarına çıxarılması məsələsi də gündəmdədir. Suriya bazarı bu baxımdan yeni istiqamət hesab olunur.

Ümumiyyətlə, tarixən Azərbaycanla Suriya arasında yaxşı münasibətlər mövcud olub. Lakin əvvəlki dövrlərdə, xüsusilə Bəşər Əsəd rejimi dövründə bu münasibətlər arzulanan səviyyəyə çata bilməyib, Əsəd rejimi bu münasibətlərə xələl gətirib. Əhməd əş-Şaaranın prezidentliyi dövründə isə ikitərəfli münasibətlərdə yeni üfüqlər açılır.

Bütün bunların fonunda deyə bilərik ki, Əhməd əş-Şaaranın Bakıya səfəri Azərbaycan-Suriya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu səfər həm diplomatik baxımdan, həm də regional sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətli hadisədir. Qarşıdakı dövrdə hər iki ölkə arasında enerji, bərpa, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşəcəyi gözlənilir.

Chosen
10
50
editor.az

10Sources