EN

Zəngəzur üçün inanılmaz fürsət - ilin sonunda...

Dənizə çıxışı olmayan Özbəkistanın Xəzərdə donanmasının yaranması Orta Dəhlizin inkişafına töhfə verəcək - gözlənti

Dənizə çıxışı olmayan Özbəkistan Asiya ilə Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz üzrə yükdaşımaları artırmaq üçün Xəzər dənizində öz ticarət donanmasını qurur. Türk şirkətləri yeni gəmilərin idarə olunmasında onun tərəfdaşları olacaq. Amma prosesdə Azərbaycan Özbəkistanın əsas tərəfdaşı və yardımçısı olacaq.

Özbəkistanın nəqliyyat naziri İlxom Mahkamov “Özbəkistan 24" telekanalına müsahibəsində bildirib ki, yaxın vaxtlarda Xəzər dənizində Özbəkistan bayrağı altında bərələr peyda olacaq ki, bu da ölkəni Azərbaycanla birləşdirən əsas nəqliyyat marşrutu olan Orta Dəhliz üzrə yüklərin çatdırılmasını əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Xəzərə çıxışı olan türk ölkələri - Azərbaycan, Türkmənistan və Qazaxıstandır. Artıq Özbəkistan da prosesə qoşulur. Transxəzər marşrutu Özbəkistan tərəfindən cənub və şimal istiqamətlərinə alternativ kimi, xüsusən də artan ixrac və tranzit axınları fonunda vacib hesab olunur. İlxom Mahkamov vurğulayıb ki, ölkənin öz bərə parkının yaradılması zərurəti Xəzər dənizi ilə yükdaşımaların həcminin 25%-ə qədər artması və bəzən digər ölkələrdən bərə gözləməsinin 30-40 günə çatan əhəmiyyətli gecikmələri ilə bağlıdır.

Layihənin həyata keçirilməsi üçün Özbəkistana dəstək verməyə hazır olan türkiyəli tərəfdaşlarla artıq razılıq əldə olunub. Nazir həmçinin xatırladıb ki, Azərbaycan öz ərazisi ilə konteyner dəmir yolu ilə daşımalarda güzəştli şərtləri uzadıb. 70%-ə qədər endirim 2026-cı ilin sonuna qədər qüvvədə olacaq ki, bu da Orta Dəhlizin inkişafına daha da töhfə verəcək.

Bütün bunlar bölgə üçün nə vəd edir? Orta Dəhlizin inkişafına töhfə verəcəksə, Zəngəzur koridoru üçün hansı fürsət pəncərəsi açılır?

Rusiyadan

Azər Badamov

Milli Məclisin üzvü Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin nəqliyyat infrastrukturunun yenidən qurulması və beynəlxalq daşımalar üçün açıq olması Orta Dəhlizə qlobal marağının artmasına gətirib çıxarır: “Orta Dəhlizin tərkib hissəsi olan Transxəzər beynəlxalq marşrutunda intensivliyinin artırılması logistikanın həcminin kifayət qədər artmasına yol açacaq. Transxəzər marşrutunun genişləndirilməsinə Özbəkistan kimi dənizə çıxışı olmayan ölkənin qoşulması bu dəhlizin böyük perspektivli olduğunu bir daha təsdiq edir. Özbəkistan Xəzərdə özünün donanmasını yaradacaq və bu işdə Azərbaycan da qardaş ölkənin yanındadır.  Bakı Beynəlxalq Ticarət Limanı 25 milyon ton yükü aşırmaq gücünə malik olur. Belə olan halda, Orta Dəhlizin digər həlqələrinin də genişləndirilməsinin əhəmiyyəti artır. Belə ki, Xəzərdə daşımaların həcminin artması Orta Dəhlizin digər həlqələrinin də şaxələndirilməsini zəruri edir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun yük daşıma gücü 1 milyon tondan 5 milyon tona artırılıb”.

Deputat vurğuladı ki, amma Orta Dəhlizə marağın sürətlə artması yeni bir marşrut olacaq Zəngəzur dəhlizinin açılmasını da zəruri edir: “Proqnozlara görə Zəngəzur dəhlizinin yük keçirmə gücü 5 milyon tona qədər olacaq. Bu da Orta Dəhlizin daşınma gücünün artması deməkdir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycan üçün, həm də böyük bir coğrafiya üçün əhəmiyyətli bir layihəyə çevrilib. 10 iyulda Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşdə müzakirə olunan mövzulardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı olmuşdu. Belə ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini anlamağa başlayıb. Azərbaycanın yaratdığı yeni reallıq regiona sülh və əməkdaşlıq gətirir. Bu, həm də regionumuza beynəlxalq marağın artmasına yol açır”.

Sona

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva isə qeyd etdi ki, cari ilin sonuna qədər dəhlizin açıla biləcəyini gözləyir: “Zəngəzur dəhlizinin açılması an məsələsidir. Bir çoxları bunun sentyabr-oktyabr aylarında, bəzi ”beyin mərkəzləri" isə ilin sonuna qədər reallaşacağını düşünür. Bir sözlə, dekabrın sonuna qədər Zəngəzur xəttinin açılması ehtimalı böyükdür. Hazırkı proseslər də onu göstərir ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını sürətləndirəcək iki vektor mövcuddur: bunlardan birincisi, “Bir kəmər bir yol” layihəsidir, digəri isə türk birliyinin artan nüfuzudur. Hər iki amil Ermənistanı dəhlizi açmağa sövq edir. İrəvan anlayır ki, dəhlizin açılmasını yubatmaqla özünü növbəti iqtisadi layihələrdən təcrid edəcək. Bu da gələcəkdə Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoyacaq. Bu dəhlizin açılması yalnız Azərbaycanın yox, ilk növbədə Ermənistanın məlum hərbi kapitulyasiyasını təsdiqləyən üçtərəfli Bəyanatın 9-cu bəndinin tələbidir. Ermənistandan fərqli olaraq, Azərbaycan ilk növbədə 10 noyabr Bəyanatına sadiqliyini dünyaya nümayiş etdirir. Həmçinin Zəngəzur dəhlizini gerçəkləşdirməsi ilə regionda yeni reallıqlar yaranır, ermənilərin də yararlana biləcəyi iqtisadi inkişafın təməllərini qoyur".

Analitik dedi ki, ümumi uzunluğu 110,4 kilometr və 8 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd) ibarət olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti gələn il istismara veriləcək: “Dəhlizin bir parçası olan dəmir yolu xəttinin tikinti işləri 3 mərhələdə həyata keçirilir. Yəni indi bütün yollar Zəngəzura aparır. Artıq Özbəkistan, Türkmənistan və Qazaxıstan da bu işin aparıcı iqtisadi katalizatoruna çevrilir. Görünən odur ki, Çin və Britaniya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqləri artırıblar. Rusiyanın burada hər hansı təsir və təzyiq mexanizmi işləmir. İyulun sonunda ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin açıqlaması dərc olunmuşdu. Həmin açıqlamaya görə, ABŞ Rusiya və Çindən yan keçərək Ermənistan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri ilə nəqliyyat əlaqəsi yaratmağa çalışır. ABŞ rəsmisi bunu Rusiyaya qarşı iqtisadi əks tədbirlərin görülməsi kontekstində söyləyib ki, bu da Moskvanın strateji məğlubiyyətinə gətirib çıxarmalıdır. Bir sözlə, indiki şəraitdə təkcə Avropa yox, həm də Birləşmiş Ştatlar da bu dəhlizin açılmasını dəstəkləyir. Hətta ABŞ rəhbərliyi bu dəhlizin təhlükəsizliyini də öz üzərinə götürməklə bağlı fikirlər səsləndirmişdi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Chosen
6
1
musavat.com

2Sources