EN

Zəfərin qığılcımı

Bu gün erməni təxribatlarının son həddə çatdığı və Azərbaycanı 44 günlük Vətən müharibəsinə aparan yolun başlanğıcı olan Tovuz döyüşlərindən beş il ötür. İkinci Qarabağ müharibəsindən öncə demək olar, hər gün Azərbaycanla sərhəddə təxribatlara əl atan düşmən "yeni müharibə - yeni ərazilər" deyərək işğalın coğrafiyasını böyütməyi hədəfləyirdi. Amma unudurdu ki, Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Bu illər ərzində ordusu təkmilləşdirilmiş, müasir hərbi silah-sursat, texnikalarla təchiz olunmuş, yüksəkixtisaslı kadrlara yiyələnmiş, müxtəlif döyüş taktikalarına bələd olan, hər şeydən öncə isə Vətən uğrunda canlarından keçməyə hazır igidləri olan Silahlı Qüvvələrə malik güclü və qüdrətli Azərbaycandır.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən şanlı səhifələridir. Məhz bu zəfərlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam təmin etdi.

Bu qələbələrin ayaq səslərinin eşidildiyi, xalqın qüdrətli ordusuna etimadının özünə qayıtdığı Aprel, Günnüt və Tovuz döyüşlərini unutmaq olmaz. Çünki məhz həmin döyüşlərdəki qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhlandırdı. Xalq Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib haqq savaşına qalxdı. Qüdrətli Sərkərdənin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu, 200 illik erməni xülyasını məhv etdi.

 

Generalı, polkovniki əsgəri ilə çiyin-çiyinə döyüşən ordu

Bu qələbələrin ilk halqası 2016-cı ildəki Aprel zəfəri idi. Aprel döyüşlərindən sonra Böyük qayıdışa Cocuq Mərcanlıdan başladıq. 2018-ci ildə isə Günnüt əməliyyatı Ermənistana növbəti dərs oldu. Amma düşmən yenə də bundan nəticə çıxarmadı. 2020-ci ilin iyul ayında yenidən çirkin əməllərini işə salıb cəbhənin Tovuz istiqamətində növbəti təxribata əl atdı. 

İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı bölmələri tərəfindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqeləri artilleriya qurğularından atəşə tutuldu. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində düşmən təxribatının qarşısı yenə də alındı. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verdi. İyulun 13-nə keçən gecə ərzində də gərginlik davam etdi. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi nəticəsində qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Bir neçə gün davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. 

Bu döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldular. Tovuz rayonunun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirildi.

Bu savaş düşmənə bir neçə həqiqəti göstərdi. Düşmən ilk növbədə onu gördü ki, Azərbaycanın generalı, yüksəkrütbəli zabitləri səngərdə, hücumda əsgərləri ilə bərabər vuruşur, onları ruhlandırır, şəxsi nümunə göstərirlər. 

Düşmən şahid oldu ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin yaratdığı vətənpərvərlik məktəbinin hər bir igidi döyüş meydanında mərdliklə savaşıb şəhidlik zirvəsinə ucalmağı özünə şərəf bilir. Onlar bu zirvəyə ucalmaqla gələcək nəsillər üçün nağıllar, dastanlar yox, əsl real qəhrəmanlıq nümunəsi yaradırlar və bu, yetişməkdə olan gəncliyi qələbələrə, zəfərlərə ruhlandırır. Bu qələbə ilə Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan silahlı bölmələri onun qarşısında aciz və cılızdır. Erməni xalqı bir daha əmin oldu ki, əgər Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat keçirsə, bir neçə günə üçrəngli bayrağımız İrəvanda dalğalana bilər. Necə ki, cəmi 44 günə Şuşaya sancıldı... 

Ermənistanı qorxuya salan mübarizlik 

Tovuz döyüşlərində düşmənin məqsədi bəlli idi. Bərbad halda olan idarəçiliyindən əhalinin narazılıqlarını azalda, dərinləşən sosial-iqtisadi böhrandan, koronavirus pandemiyası burulğanından çıxa bilmədiyi üçün baş nazir Nikol Paşinyan təxribat törədərək Azərbaycan timsalında ümumi düşmən obrazı yaradıb, ictimai rəyi daxili problemlərdən yayındırmaq istəyirdi. Amma Azərbaycan Ordusu Ermənistanın bu arzusunu puça çıxardı.

Ordumuzun qələbəsi vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in sabiq Minsk qrupunun həmsədrlərinə də xəbərdarlıq oldu. Onlar açıq şəkildə gördülər ki, mandatlarını yerinə yetirməsələr və təcavüzkarın yerində oturdulması üçün təsirli addımlar atmasalar, tamam başqa reallıqlarla üzbəüz qalacaqlar.

Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində İlham Əliyevin yürütdüyü siyasəti Azərbaycan xalqı qətiyyətlə müdafiə edir. Əli silah tutan vətənpərvər insanlar özlərini Vətənin sadiq əsgərləri hesab edir və düşmənin Vətənimizə qarşı uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdırlar.

Bu döyüşlərdən sonra Ermənistana heç bir dövlət, təşkilat dəstək vermədi. Bu isə işğalçı ölkənin siyasətinin ifşası, erməni yalanlarının iflasa uğraması istiqamətində mühüm əhəmiyyət kəsb etdi. Heç Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı da onu müdafiə edən hansısa bəyanat vermədi. Ermənilər güman edirdilər ki, bu hadisədən sonra təşkilat dərhal toplaşacaq və baş vermiş hadisəni qiymətləndirəcək. İyulun 12-də Ermənistan hadisə ilə bağlı KTMT-yə müraciət edərək təşkilatın iclasının çağırılmasını tələb etdi. Bu barədə qurumun saytında elan da yerləşdirildi. Lakin qısa müddət sonra elan saytdan silindi və KTMT-nin heç bir iclası keçirilmədi. Bu hadisə pərt vəziyyətə düşən Ermənistanın diplomatik müstəvidə növbəti uğursuzluğu oldu. Bir daha sübut edildi ki, vassal Ermənistan üzvü olduğu təşkilatlarda belə əsassız olduğu üçün ciddi qəbul olunmur.

Bu proseslərdən sonra Ermənistan təşvişə düşdü. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan hərbi müstəvidə də üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var.

"Dəmir yumruq" əməliyyatı, Zəfərə aparan yol

Tovuz döyüşlərindən beş il keçir. İllər ötsə də, bu döyüş hər zaman xatırlanacaq və bu savaşın Vətən müharibəsinin başlaması üçün bir qığılcım olduğu vurğulanacaq. 

Tovuz dövüşlərində şəhid olan generalımız Polad Həşimovun nəşinin Bakıya gətirildiyi zaman böyük izdiham yaşandı, xalq ayağa qalxdı. Gecə saatlarında minlərlə Bakı sakini müharibə tələbi ilə paytaxt küçələrinə axışdı. "Qarabağa azadlıq!" şüarları səsləndirən, əsasən gənclərdən ibarət böyük bir izdiham Şəhidlər xiyabanına yürüş etdi. Gənclər Azərbaycan Ordusunun və Ali Baş Komandanın yanında olduqlarını, onu dəstəklədiklərini bəyan edərək şəhidlərin qisasının alınması, torpaqlarımızın azadlığı üçün savaş istədilər. 

Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verən yüz minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət edərək könüllü olaraq döyüşlərdə iştirak etmək arzularını da bildirdilər. Beləliklə də, Tovuz hadisələri xalq və Prezident, xalq və ordu birliyini daha da möhkəmləndirdi. 

Tovuz döyüşlərindən 2 ay sonra başlanan Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə qadirdir. 30 ilə yaxın müddətdə torpaqlarımızda müdafiə istehkamları quran erməni hərbçilərini qovmaq üçün cəmi 44 gün yetərli oldu. 2020-ci il sentyabrın 27-də başlayıb, 8 Noyabr Zəfəri ilə bitən qələbələr silsiləsinin ilk halqası Aprel döyüşləri sayılsa da, Tovuz döyüşləri Böyük Qələbəyə aparan yol oldu. Bununla da Azərbaycan nəinki Ermənistana, bütün dünyaya gücünü, qüdrətini nümayiş etdirdi. 

İlham Əliyev həm sərkərdə kimi savaş meydanında, həm də diplomat kimi siyasi arenada düşməni və onun havadarlarını qətiyyətli qərarları ilə hər mənada susdurdu. "Qarabağ Ermənistandır" deyən Nikol Paşinyanı qarşısında diz çökdürüb "Qarabağ Azərbaycandır!" dedizdirdi və kapitulyasiya aktına qol çəkdirdi. Sonra isə diplomatik məharəti ilə Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atmadan düşməndən geri aldı. 

İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. İlham Əliyevin postmüharibə dövrünün reallıqları əsasında hazırladığı inkişaf strategiyasının icrasına start verildi. Qarabağı "dəmir yumruq" əməliyyatı ilə azad edən Azərbaycan Prezidenti dəmir iradə ilə onu yenidən qurmağa başladı. 

İlham Əliyev humanizm prinsiplərini əsas tutub yenə də ermənilərə Qarabağ və Şərqi Zəngəzurda birgəyaşayış təklif etdi. Amma Qarabağda mövcud olan qondarma qurum və onun silahlı bölmələri yenə də təxribatlarından əl çəkmədilər. 2023-cü il aprelin 23-də "Laçın" sərhəd-buraxılış məntəqəsi yaratmaqla Azərbaycan ərazi bütövlüyünün təmin olunduğunu dünyaya bəyan etdi. Bu dəfə də xristian təəssübkeşliyi Ermənistana yardım etməyə çalışdı. Onlar Azərbaycanı etnik təmizləmədə günahlandırmaq istəsələr də, arzularına çata bilmədilər.     

2023-cü ilin sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Separatçı qurum ləğv edildi. Bu Zəfərlə Azərbaycan suverenliyini tam təmin etdi. 

Bu gün Şuşada, Xankəndidə və bütün sərhədlərimiz boyu Azərbaycan bayrağının dalğalanması onu deməyə əsas verir ki, Tovuz döyüşləri bu tarixi Zəfərin dönüş anı, Böyük Qələbəmizin başlanğıc məqamıdır.

Azərbaycanın yalnız öz gücünə işğaldan azad edilən torpaqlarda həyata keçirdiyi misli görünməyən tikinti-quruculuq, yenidənqurma işləri və ən nahayət, Böyük qayıdışa başlaması bir daha sübut etdi ki, İlham Əliyev təkcə xalqının 30 illik torpaq həsrətinə son qoymayıb, həm də Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib, dünyada sözü eşidilən, sayılıb-seçilən, iqtisadi və siyasi müstəqilliyini təmin edən qüdrətli ölkə yaradıb.  

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

1Sources