EN

Moskvadan dollar xəbərdarlığı: “ABŞ silah kimi istifadə edir...”

İqtisadçıya görə, dolların dünyanın bir saylı valyutası rolunu itirməsi real görünmür

“ABŞ-ın dövlət borcu artıq nəzarətdən çıxıb və dollara inam sarsılıb”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS-in son sammitindəki çıxışında deyib. O, qlobal maliyyə sistemini tənqid edərək, “dollardan ”cəza" məqsədi ilə, silah kimi istifadə edildiyini" söyləyib: “Amerika valyutasına inam sarsılıb. Borc yükü sürətlə artır: 2011-ci ildən bəri yüksək borcu olan ölkələrin sayı 22-dən 59-a yüksəlib. ABŞ-da dövlət borcu 37 trilyon dollara çatıb. Vəziyyət nəzarətdən çıxıb”.

Onun sözlərinə görə, COVID-19 pandemiyası böhranı daha da pisləşdirib, sanksiyalar isə qlobal iqtisadiyyatın bölünməsini sürətləndirib: “İnkişaf etməkdə olan ölkələr indi inkişaf üçün investisiyadan çox borc xidmətlərinə pul xərcləyir”.

Yada salaq ki, iyulun 6-da Rusiya prezidenti Vladimir Putin BRİKS ölkələrini qarşılıqlı hesablaşmalarda milli valyutalardan daha aktiv istifadə etməyə çağırmışdı.

ABŞ dollarının dünyadakı aparıcı mövqeyinin sarsıldığına dair iddiaları Rusiya rəsmiləri Ukraynadakı işğalçılığa görə Qərd dövlətlərinin sanksiyalarına məruz qalmağa başladıqları 2014-cü ildən bəri mütəmadi olaraq dilə gətirirlər. Xüsusilə 2022-ci ildə Rusiyanın dollar məkanından qovulmasından sonra bu sahədə təbliğat dəfələrlə gücləndirilib. Bu prosesin arxasında ilk növbədə Rusiya ilə ticarət edən ölkələri, əsasən də Çin və Hindistanı milli valyutalarla ticarətə həvəsləndirmək dayanır. Rusiya həmçinin BRİKS-dəki digər ölkələri də stimullaşdıraraq dollardan kənarlaşmağa sövq etmək niyyətindədir.

Lavrov və digər Rusiya rəsmiləri dünyada dövlət borcunun artmasından danışarkən bir qayda olara inkişaf etmiş Qərb ölkələrini hədəfləyirlər. Lakin göstəricilər borcla bağlı inkişaf etməkdə olan ölkələrin vəziyyətinin daha ağır olmasından xəbər verir. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) “Borc içində olan dünya” adlı yeni hesabatına əsasən, dünyada qlobal dövlət borcu 2024-cü ildə rekord həddə çataraq 102 trilyon dollar olub. Bu məbləğin təxminən üçdə biri - 31 trilyon dolları inkişaf etməkdə olan ölkələrdədir. Onlar ötən il təkcə faiz olaraq 921 milyard dollar ödəyiblər. İnkişaf etməkdə olan ölkələrin dövlət borcu 2010-cu ildən bəri inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə sürətlə artıb. Bu gün 3,4 milyard insan borc faizinə səhiyyə və ya təhsildən daha çox pul xərclədiyi ölkələrdə yaşayır. Doğrudur, qlobal dövlət borcunun 36,3 faizi yalnız bir ölkəyə - ABŞ-a məxsusdur. 2025-ci il iyunun 20-də açıqlanan “Debt Clock” monitorinq resursunun məlumatlarına görə, ABŞ-ın borcu son on iki ayda 1,56 trilyon dollar artaraq 37 milyard dolları keçib. Maliyyə analitikləri proqnozlaşdırırlar ki, bu borc üzrə xalis faiz ödənişləri 2025-ci maliyyə ilində bir trilyon dollara çatacaq.

Eyni zamanda ABŞ valyutasının dünya ticarətində, ehtiyatlarında aparıcı mövqeyində də azalma nəzərə çarpır. Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin birinci rübündə ABŞ dollarının qlobal valyuta ehtiyatlarında payı 57,7 faizə enib. BVF-nin açıqladığı rəsmi valyuta ehtiyatlarının (COFER) valyuta tərkibinə əsasən, 2024-cü ilin sonunda ABŞ dollarında ifadə olunmuş qlobal valyuta ehtiyatlarının payı 57,8 faiz olmuşdu.

Qlobal ehtiyatlarda dolların azalan payını avro və İsveçrə frankı alır. Belə ki, avronun payı hesabat dövründə 19,8 faizdən 20,1 faizə yüksəlib ki, bu da 2022-ci ilin sonundan bəri ən yüksək göstəricidir. Ən kəskin artım İsveçrə frankında müşahidə olunub: martın sonuna qədər ümumi ehtiyatların 0,8 faizini təşkil edib ki, bu da avronun dövriyyəyə buraxıldığı ən azı 1999-cu ildən bəri ən yüksək göstəricidir. Funt-sterlinqin payı da artıb.

SWIFT  beynəlxalq sistemində aparılan ticarətdə dolların payı 80 faizə çatır.

Analitiklərə görə, bu ilin əvvəlindən dolların sürətli dəyərsizləşməsi dünyada onun aparıcı valyuta mövqeyi ilə bağlı müzakirələri artıran əsas amildir. Belə ki, dollar bu ilin birinci rübündə təxminən 4 faiz dəyər itirib. Bu, yenidən prezident kürsüsünə gələn Donald Tramp administrasiyasının xüsusilə ticarət, təhlükəsizlik və iqtisadi məsələlərlə bağlı əhəmiyyətli siyasət dəyişiklikləri dünyanın ən yüksək ehtiyat valyutasına olan bazar inamını sarsıtmasından irəli gəlir.

Bu amillərin dolların məzənnəsinə təsiri ikinci rübdə daha da güclənib. Tramp aprelin əvvəlində kütləvi “Azadlıq Günü” tarifləri tətbiq etdikdən sonra dollar 7 faizdən çox məzənnə itkisi yaşayıb. Digər tərəfdən, təhlükəsiz sığınacaq valyutası hesab edilən İsveçrə frankı bu il dollar qarşısında 14 faiz möhkəmlənərək ən yaxşı nəticə göstərən valyutalardan biri olub.

Valyuta məzənnəsinin dəyişməsi ehtiyat menecerlərinin onları saxlamağa hazır olduğu anlamına gəlməsə də, son hadisələr ABŞ dollarının dünyanın ən yüksək ehtiyat valyutası və qlobal pul sisteminin mərkəzi statusunu itirə biləcəyi ilə bağlı müzakirələri aktivləşdirib.  Bəziləri dedollarizasiyanın yeni əlamətlərindən danışsa da, əksəriyyət hesab edir ki, belə bir keçid baş versə də, proses çox yavaş gedcəcək

BVF-nin məlumatına görə, bu ilin birinci rübündə ABŞ dollarına olan tələb əvvəlki rüblə müqayisədə 1,4 faiz artaraq 6,72 trilyon dollar təşkil edib. Eyni vaxtda avroya tələb 2,6 faiz artaraq 2,3 trilyon dollar ekvivalentinə çatıb.

Ümumilikdə 2025-ci ilin birinci yarısında ABŞ dolları əlli ildən çox müddətdə ən böyük itkisini yaşayıb: frank və avro qarşısında 12 faizdən çox ucuzlaşıb. Dolların öz aparıcı valyuta mövqeyini itirməsi nə zaman mümkündür? Analitiklərə görə, bu, dolların ucuzlaşması prosesinin nə qədər davam etməsindən asılıdır: tez bitəcək, yoxsa ən pisi hələ qarşıdadır?. Nüfuzlu ekspertlərin qiymətləndirmələri sonuncunun doğru olma ehtimalının daha yüksək olduğunu deməyə əsas verir. Deutsche Bank-ın valyuta təhlilinin rəhbəri Corc Saravelos yeni araşdırmasında dolların öz dəyərinin daha 30-35 faizini itirə biləcəyi qənaətinə gəlir. Bu yaxınlarda dollarla bağlı yeni kitab nəşr etdirən Harvard Universitetinin professoru Kennet Roqoff da Amerika valyutasının gələcəyinə şübhə ilə yanaşır. Onun fikrincə, 25 ildən sonra dollar qlobal pul sistemində dominant mövqeyini itirəcək. Roqoff hesab edir ki, ilk növbədə Çin getdikcə ABŞ dollarının asılılığından çıxacaq, ardınca digər ölkələr gələcək.

Beynəlxalq Hesablaşmalar Bankının müvafiq statistikası göstərir ki, son aylarda məzənnəsinin aşağı düşməsinə baxmayaraq, dollar dəyərindən yüksək qiymətləndirilir. Bununla belə, dolların ədalətli dəyərinin müəyyən edilməsi onun dünyanın ehtiyat valyutası kimi funksiyasına görə çətinləşir. Təbii ki, onun hegemonluğu artıq əsrin əvvəlindəki kimi mütləq deyil. Bu müddət ərzində dolların dünya valyuta ehtiyatlarında payı 71 faizdən 57,7 faizə düşüb. Bununla belə, digər kriteriyalara görə onun üstünlüyü böyük olaraq qalır: bütün valyuta əməliyyatlarının 88 faizi hələ də dollarla aparılır.

Elman

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqova görə, dolların hətta uzunmüddətli dövrdə dünyanın bir saylı valyutası rolunu itirməsi real görünmür: “Dolların mövqeyini itirməsini arzulayan dövlətlər çoxdur. Amma dollar dəyərdən düşərsə, digər ölkələrə dəyəcək zərbə ilə müqayisədə Amerikaya heç nə olmayacaq. Bu halda daha çox Avropa, Çin və digər ölkələr problemlərlə üzləşəcək. Əslində dünyanın maliyyə sisteminin stabilliyi dollardan asılıdır. Dolların valyuta kimi sıradan çıxması heç bir dövlətə sərf etmir. Çünki dollardan dəyərdən düşməsi dünya maliyyə sisteminin çökməsi deməkdir. Nəticədə dövlətlərin valyuta ehtiyatları da bata bilər. Digərə tərəfdən, bu gün dollar sıradan çıxırsa, onu hansı valyuta əvəz edəcək? Qlobal ticarətin oturuşmuş bir sistemi, bir-birinə bağlı həlqələrdən ibarət bütöv zənciri var - bunları bağlayan dollardır. Dollar çıxdısa, bu bağlayıcı hansı valyuta olacaq? Faktiki olaraq bu gün dolları əvəz edəcək başqa bir rezerv valyuta yoxdur. Əgər Çin yuanı desəniz, Çin valyutası sərbəst dövr edən valyuta deyil. Çin zaman-zaman öz valyutasına müdaxilələr edir, tənzimləyir və ixracını dəstəkləmək üçün valyutasının qiymətini aşağı salır. Belə bir valyuta beynəlxalq valyuta kimi qəbul olunmur. Çinin özü də bunda maraqlı deyil, çünki beynəlxalq valyutaya sahib olmaq üstünlüklərlə yanaşı, ağır yük də yaradır.

Dollara alternativ kimi avronu göstərsək, Avropa Birliyi ölkələrinin iqtisadi vəziyyəti buna imkan vermir. Məsələn, Avropa Birliyinin Mərkəzi Bankı var, amma Mərkəzi Maliyyə Nazirliyi yoxdur. Yəni avronun özünün tənzimlənməsi məsələsi zaman-zaman ciddi narahatlıqlar yaradır".

Ekspert bildirir ki, ABŞ-ın dollardan təzyiq vasitəsi kimi siyasi məqsədlərlə istifadəsi halları var: “Bilirsiniz, bir vaxtlar böyük dövlətlər kiçik dövlətləri öz iradəsinə tabe etdirmək üçün müharibələrdən istifadə edirdilər. Yaxud müəyyən bir regionda kimim güclü olması müharibə yolu ilə müəyyən olunurdu. İndi bunun yerini iqtisadi rıçaqlar tutub. Zaman-zaman müxtəlif ölkələrə qarşı iqtisadi rıçaqlardan - sanksiyalardan istifadə olunur. Lakin bu hallar dolların dünya iqtisadiyyatındakı mövqeyinə təsir etmir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Chosen
8
2
musavat.com

10Sources