İspaniya Avropanın ikinci ən böyük turizm istiqaməti olsa da, bu sektorda artım tempi gözləniləndən daha zəif ola bilər.
Valyuta.az xəbər verir ki, “Bloomberg” agentliyinin “Exceltur” turizm biznes qrupu məlumatlarına istinadla verdiyi xəbərə görə, ölkədə iqtisadi və geosiyasi qeyri-müəyyənliklər səyahət marağını azaldır.
“Exceltur”un açıqladığı proqnoza görə, İspaniyada turizm sektoru 2025-ci ildə cəmi 3,3% artacaq ki, bu da aprel ayında gözlənilən 4%-dən aşağıdır. Bununla belə, artım hələ də İspaniya iqtisadiyyatına dair gözlənilən 2,4%-lik ümumi artımı üstələyəcək.
“İl yaxşı keçəcək, amma gözlədiyimiz kimi olmayacaq”, deyə “Exceltur”un vitse-prezidenti Oskar Perelli 10 iyul 2025-ci ildə Madriddə keçirdiyi mətbuat konfransında bildirib.
2024-cü ildə İspaniya iqtisadi artım baxımından Almaniya və Fransanı geridə qoyaraq Avrozonanın aparıcı ölkələrindən biri olub. Bu artımda əsas hərəkətverici qüvvə turizm sektoru sayılıb. “Exceltur”un hesablamalarına əsasən, 2025-ci ildə ölkə iqtisadiyyatının 13,2%-i turizmin payına düşəcək.
Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, İspaniya 2024-cü ildə turistlərin gecələdiyi məkanlara görə Avropa İttifaqının ən populyar istiqaməti olub. “CaixaBank”ın tədqiqat şöbəsi bildirir ki, ötən il ölkəyə 94 milyon xarici turist səfər edib – bu da 2023-cü illə müqayisədə 10% artım deməkdir.
Turist axınının kəskin artması isə yerli əhali arasında narazılıq yaradıb. İspaniyanın müxtəlif şəhərlərində turistlərə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Yerli sakinlər, xüsusilə də sahil şəhərlərində, turizmi mənzil çatışmazlığından tutmuş ekoloji problemlərə qədər bir sıra sosial-iqtisadi çətinliklərin əsas səbəbi kimi göstərirlər.
Bununla belə, “Exceltur” nümayəndələri qeyd edirlər ki, turistlərin yaratdığı yükü artıran əsas amil daimi əhalinin sayının artmasıdır. Təşkilat bildirir ki, qısamüddətli kirayə mənzillərin çoxluğu da İspaniyaya gələn xarici turistlərin sayının artmasını izah etməyə kömək edir.
COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimindən sonra İspaniyada turizm sektoru ölkə iqtisadiyyatının əsas lokomotivinə çevrilib. Əsas turist axını isə ölkənin çimərlik bölgələrinə yönəlib.
Paşa Məmmədli