Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.
Modern.az "report"a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi deyib.
“Bu mühüm danışıqları qeyd etdiyiniz üçün təşəkkür edirik. Biz regionda baş verənləri diqqətlə izləyirik, həmçinin hər iki tərəfi münasibətləri normallaşdırmağa və sülh danışıqlarını uğurla yekunlaşdırmağa təşviq edirik”, - o vurğulayıb.
Bununla belə, onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələ Aİ Xarici İşlər Nazirləri Şurasının gələn həftənin əvvəlində Brüsseldə keçiriləcək iclasının gündəliyinə daxil edilməyib.
“Lakin xarici işlər nazirləri tərəflər arasında sülh prosesinə öz dəstəyini ifadə etmək istəyə bilər”, - Aİ nümayəndəsi əlavə edib.
Qeyd edək ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Liderlər sülh yolu ilə nizamlanma məsələlərini müzakirə edib və ikitərəfli danışıqların davam etdirilməsi, eləcə də ölkələr arasında etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar barədə razılığa gəliblər.