Asiya İnkişaf Bankının (ADB) Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyası çərçivəsində bərpa olunan enerji, istehsal, aqrobiznes və logistika sahələrində investisiya imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Söhbət təkcə xarici mənbələrdən deyil, həm də qarışıq həm xarici, həm də milli valyutada maliyyələşdirmə ilə olan layihələrdən gedir.
“Report” ADB-yə istinadən xəbər verir ki, bu barədə yeni Strategiyada deyilir.
Sənəddə bildirilir ki, Azərbaycan hökumətin bir sıra dövlət müəssisələrinin korporativləşdirilməsi planında öz əksini tapmış dövlət sektorunun payını azaltmaqla yanaşı, şaxələndirilmiş, rəqabətqabiliyyətli və “yaşıl” iqtisadiyyata keçidi davam etdirməyə çalışır.
“Hökumət bərpa olunan enerji mənbələrinə, iqlim dəyişikliklərinə və fəlakətlərə davamlı infrastruktura investisiyaları təşviq etməklə, eləcə də fəlakət risklərinin idarə edilməsini təkmilləşdirməklə daha dayanıqlı iqtisadiyyat qurmaq üzərində çalışır. Biz də öz növbəmizdə sərt və yumşaq “ticarət” infrastrukturunun inkişafını dəstəkləməklə, yerli biznesə sərmayələr yatırılmasına həvəsləndirməklə və investisiyaları təşviq etməklə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirməyə kömək etmək niyyətindəyik. Bundan əlavə, biz həmçinin yerli kapital bazarının inkişafına dəstək verməyi planlaşdırırıq”, - Strategiyada deyilir.
Sənədə əsasən, ölkənin ixracının diversifikasiyası daha yüksək əlavə dəyərli məhsul və xidmətlərin inkişafını tələb edəcək.
Bank qeyd edir ki, qeyri-neft ixracının artması daha məhsuldar birbaşa xarici investisiyaların cəlb edilməsinə, iş yerlərinin yaradılmasına və iqtisadiyyatın karbon intensivliyinin azalmasına kömək edə bilər.
“Qalıq yanacaq ixracının biliyə əsaslanan məhsul və xidmətlərin xeyrinə şaxələndirilməsi davamlı inkişaf modelinin yaradılmasına kömək edəcək. Azərbaycanın ixrac məhsullarının şaxələndirilməsi üzrə tədbirlər bazara girişin asanlaşdırılması, sahibkarlığın dəstəklənməsi, həmçinin yerli və xarici investisiyaların cəlb edilməsi, dövlət müəssisələrinin korporativləşdirilməsi, davamlı innovasiya ekosisteminin inkişafına dəstək, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və inkişaf etməkdə olan bazar ölkələrində ixtisaslı mütəxəssislər üçün daha yaxşı imkanların yaradılması ilə istehsal və ya rəqəmsal xidmətlər kimi yeni sənaye sahələrinin yaradılmasının təşviqini əhatə edə bilər”, - Strategiyada deyilir.
ADB hesab edir ki, yeni bazarlara çıxışın genişləndirilməsinə yönəlmiş regional əməkdaşlıq Azərbaycanın ticarətin şaxələndirilməsi və Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesinin irəlilədilməsi strategiyasında əsas rol oynayır.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox, o cümlədən 1,5 milyard dolları nəqliyyat layihələri, 1,7 milyard dolları isə enerji layihələrinə kredit ayırıb.