EN

Hazırkı universitetlərin riyaziyyat tədrisi qənaətbəxşdir

"Ötən gün Elm və təhsil naziri Emin Əmrullayev 2025-ci ilin sertifikasiya nəticələri ilə bağlı çıxış edib və bir çox dataları ictimaiyyətə təqdim edib. Həmin dataların da maraqla qarşılanan hissəsindən biri riyaziyyat müəllimləri ilə bağlı olub"

Bu sözləri AzEdu.az-a açıqlamasında STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib.

Ekspertin sözlərinə görə, sinif otağına elementar riyazi bilikləri olmayan, amma riyaziyyat müəllimliyi statusunu daşıyan şəxslər daxil olublar:

164264

"2025-ci ilin nəticəsinə əsasən birinci dövr, yəni 2022–2025-cı illərdə keçirilmiş sertifikasiyada iştirak edən riyaziyyat müəllimlərinin 47%-i yüksək nəticə göstərib. Bu, 4122 müəllim deməkdir. 46%-i isə orta qənaətbəxş nəticə göstərib. 7%-i isə təkrar sertifikasiyadan kəsilib. Yəni onlar həm birinci il, həm ikinci il onlara verilən bu şansdan istifadə edə bilməyiblər, kəsiliblər.Onların sayı 558-dir. Yəni 558 riyaziyyat müəlliminin əmək müqaviləsinə xitam veriləcək.

Doğrudur, 7% o qədər də böyük rəqəm görünməsə də, amma çox kiçik rəqəm də deyil. Təsəvvür edin ki, 558 riyaziyyat müəllimi bizim şagirdlərimizə, övladlarımıza illərdir ki, riyaziyyat tədris ediblər. Hətta aralarında eləsi var ki, mən sizə əminliklə deyə bilərəm ki, onlar repetitorluqla da məşğul olublar. Bir sözlə, sinif otağına elementar riyazi bilikləri olmayan, amma riyaziyyat müəllimliyi statusunu daşıyan şəxslər daxil olublar. Onların sayı 1 deyil, 2 deyil düz 558-dir.

Amma sevindirici məqam nədən ibarətdir? Həmin 558 müəllimin çox böyük əksəriyyəti 86%-i hazırda fəaliyyət göstərməyən universitetlərin məzunlarıdır. Məsələn, ABU, yəni keçmiş Azərbaycan Beynəlxalq Universiteti (fəaliyyətini çoxdan dayandırıb) 180 nəfər, yəni 44%, Gəncə Dövlət Pedaqoji Universiteti 27% , Kirovabad Dövlət Pedaqoji Universiteti 78 nəfər, yəni 36%, BDU-nun Şəki filialı 71 nəfər, yəni 14% təşkil edib.

Riyaziyyatdan ən zəif nəticə göstərən müəllimlərin oxuduğu universitetlər arasında hazırda fəaliyyət göstərən universitet Azərbaycan Texniki Universitetini (AzTU) qeyd edə bilərik.Belə ki, 78 kəsilən müəllim məhz AzTU-nun yetirməsidir. Sevindirici hal ondan ibarətdir ki, kəsilən müəllimlərin 86%-i hazırda fəaliyyət göstərməyən universitet məzunları olublar. 

Hazırda fəaliyyət göstərən universitetlər arasında riyaziyyat müəllimliyi və ümumi riyaziyyat ixtisasının tədrisi o qədər də pis olmayıb. Çünki bu faizlər arasında biz bir neçə universitetlərin adını görmürük. Məsələn, ADPU, BDU, ADNSU, BMU, MDU, NDU, LDU-nun riyaziyyat müəllimliyi ixtisasının yetirmələrini biz bu siyahıda görmürük. Ən azından bu bizə ümid verir ki, hazırda fəaliyyətdə olan ali məktəblərimiz riyaziyyat müəllimliyi ixtisası ilə bağlı bərbad tədris vermir".

Chosen
11
azedu.az

1Sources