EN

Süni intellektlə pəhriz yazanları nə gözləyir? Canımızı ChatGPT yə etibar edə bilərikmi?

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Son zamanlar “ChatGPT”nin ifrat həddə istifadəsi insanların bir çoxunun sağlamlıqla bağlı məsələləri də onunla müzakirə etməsinə gətirib çıxarıb. Hətta bəzi "mütəxəssislər" süni intellektdən kömək alaraq boya və çəkiyə uyğun diet proqramları hazırlayır, yaxud müştərinin probleminə uyğun psixoloji məsləhətlər verir. Bəzən isə həkimlik edir.

Bəs görəsən, bunlar nə qədər etik və etibarlıdır? Çəki itirmək yaxud almaq üçün qidalanmanı süni intellektin verdiyi cədvələ uyğun planlamaq doğrudurmu? “ChatGPT” 100% doğru məlumatları təqdim edir?

Lent.az mövzu ilə bağlı araşdırma edib.

Rəqəmsal marketinq mütəxəssisi Müzəffər Qaraxanlı Lent.az-a açıqlamasında bildirib ki, həkim xəstənin analizlərini olduğu kimi “ChatGPT”yə daxil edərək, onun problemi ilə bağlı bütün detalları tək-tək düzgün formada yerləşdirirsə, süni intellekt ona doğru diaqnozu qoya bilər:

“Tibb elmi protokola əsaslanır. Buna görə də, dəqiq elmlər süni intellekt (AI) vasitəsi ilə yazıla bilər. Bu gün bəzi ölkələrdə əməliyyatları belə, süni intellektlər icra edə bilir. Amma bu məsələnin təməlində yanaşma dayanır. Həkim xəstəyə diaqnoz qoyarkən, onu fiziki olaraq analiz edir, analizlərdən sonra təcrübəsinə və protokola əsasən müalicə yazır. Süni intellekt də bunun eynisini edə bilər, ancaq bir şərtlə: Xəstə ilə bağlı hər bir detal düzgün qeyd edilməlidir.

“ChatGPT” saxta məlumatlar vermir

Müzəffər Qaraxanlı bildirir ki, süni intellekt “fake” məlumat yazır deyə, bir anlayış mövcud deyil:

"Əksinə, ona dəqiq məlumatı yazdırmaq anlayışı var. Süni intellektdən məsləhət aldıqda, bütün detalları qeyd etmək lazımdır. Əgər siz məsləhət alarkən bədənimdə filan vitamin çatışmazlığı var, problemlərim bunlardır, 6 ay əvvəl bu xəstəliyi keçirmişəm, filan dərmanları qəbul etmişəm, aktiv həyat tərzim yoxdur, “X” adlı işlə məşğulam, daha çox oturaq həyat keçirirəm və s. qeyd etsəniz daha dəqiq cavablar alacaqsınız. Amma mənə məsləhət ver, gündəlik hansı qidaları qəbul edim desəniz, o zaman sizi tanımadığı üçün qeyri-dəqiq cavablar yazacaq. Eyni proses həkimə də aiddir. Əgər analiz vermədən müalicə yazdırmaq istəsəniz, düzgün diaqnoz qoyulmadığı üçün problemləriniz arta bilər. Hər şeyin təməlində qarşı tərəfə ötürülən informasiyalar dayanır.

“ChatGPT”nin məlumat bazası da elmi araşdırmalar, məqalələr, tibbi protokollar, kitablar və internetdə olan ciddi resurslara istinad verir. Hansı ki, universitetlərdə də həmin kitablardan istifadə olunur. O, saxta məlumatlar vermir, onun cavabı birbaşa bizdən asılıdır”.

M.Qaraxanlı qeyd edib ki, AI rasional mövzularda daha dəqiq cavablar verir:

“AI rasional mövzularda daha dəqiq və əsaslanmış cavablar yazır. Çünki həmin mövzular birbaşa detallara əsaslanır. Lakin soruşsaq ki, 10 ildir hansısa yaxınımla aramızda küslülük var və onu necə həll edim? Artıq bu məsələdə doğru yanaşma ortaya qoymaya bilər. Çünki o, 10 il ərzində yaşanılan hər şeyi bilmir.

Tövsiyə edirəm ki, rasional mövzu olsa belə, süni intellektdən əldə olunan məlumatlar bir qədər araşdırılsın. Lakin cavabların həyati təhlükə yaradıb-yaratmamağı birbaşa süni intellektdən istifadə edən adamdan asılıdır. Dəqiqliyi ilə işlədilsə, o, həyati təhlükə yarada bilməz. Amma heç bir detalı qeyd etmədən, sadəcə mənə tövsiyə ver demək risklidir. Təsəvür edin, sizin qlükozaya qarşı allergiyanız var, amma süni intellekt qidalanmada sizə üzüm tövsiyə edir. Siz özünüzdəki problemdən xəbərsiz bu addımı atsanız, əlbəttə ki, problemlə üzləşəcəksiniz. Buna görə də, bütün detalı qeyd edin”.

Tibbdə AI-nin rolu həkimi avtomatlaşdırmaq məqsədi daşımır

“Süni intellektin rolu tibbdə həkimə kömək etməkdir. Həkim birbaşa analizi AI-yə etdirirsə, bu nə etik, nə də profesional hərəkətdir. Həmçinin AI-nin təlim keçdiyi baza individual deyil. O, böyük datasetlər üzərində qurulub. Ola bilər ki, pasiyentin xəstəliyini süni intellekt yaxşı öyrənməyib. Buna görə də səhv diaqnoz qaçılmazdır və insan mühakiməsi vacibdir. Lakin bundan fərqli olaraq, həkim müəyyən datalarla, analizlərlə, dəqiq təhlillərlə süni intellektdən yardım istəyirsə, bu normaldır.

Operativlik baxımından isə həkimin bütün dataları toplayaraq, özünün diaqnoz qoyması daha tezdir. Çünki AI-yə bütün məlumatları yerləşdirmək vaxt tələb edən prosesdir və hansısa detal unudulsa, o zaman dəqiqlik şübhə altına düşür. Həmçinin bu hüquqi baxımdan da etik deyil. AI səhv diaqnoz qoysa, məsuliyyəti kim daşıyacaq?

İnsan bədəni individual olduğu üçün o, rasional olmaya bilər. Həkim baxışı, nəzəri və yanaşması burada çox önəmlidir. Nəzərə almaq lazımdır ki, AI datanı görüb dərk etməyə bilər, amma həkim insanı görüb, dərk edir. Üz-gözünə baxaraq, onun vəziyyətini ən azından təhlil edə bilir. Sağlamlıq məsələsində həkimin iştirakı çox vacibdir. Tövsiyəm odur ki, insan amili olan mövzularda süni intellektdən sadəcə kömək məqsədli istidadə edilsin”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.

İnformasiya Kommunikasiya Texnologiyaları İnformasiya Mərkəzinin direktoru, mütəxəssis Fərid Kazımov isə Lent.az-a bildirib ki, səhiyyə və insan səhhəti ilə bağlı məsələlərdə birbaşa həkimə müraciət edilməlidir:

“Süni intellektdən istənilən sahə ilə bağlı məlumatlar almaq olar. Amma bu məlumatları birbaşa öz bədənimizə tətbiq etmək üçün ya problem barədə geniş fikirlərə sahib olmalıyıq, ya da həkimlərlə danışmalı, diaqnoz alıb, sonra süni intellektə müraciət etməliyik. Məsələn, həkim bizdə A,B,C yaxud digər vitamin çatışmazlığı olduğunu bildirir və həmin vitaminlərlə zəngin qidalar yeməyimizi tövsiyə edirsə, bu zaman o qidaların hansı olduğunu süni intellektdən öyrənə bilərik. Amma həkim olmadan birbaşa onlayn formada süni intellektin qərar qəbul etməsi məsələsi böyük bir sual altındadır”.

F.Kazımov qeyd edib ki, araşdırmalara əsasən, süni intellektdə xəstəyə dair tibbi məlumatlar olarsa, o, həkimlərdən 85% daha dəqiq diaqnoz qoya bilir:

“Süni intellekt geniş və dar olur. Geniş süni intellekt əsl insan beyninə oxşayır və hələ də, test mərhələsindədir. Bizim istifadə etdiyimiz süni intellekt isə yazdığı məlumatları müxtəlif açıq mənbələrdən (saytlardan və s.) yığaraq, təqdim edir.

Dieta üçün süni intellektə müraciət etmədən öncə analizlər verilməli və onlar təhlil edilməlidir. AI ümumiləşmiş məlumatları təqdim edir. Bunlar isə bəzi hallarda düzgün olmaya bilər. Digər mənfi tərəf isə süni intellektin “uydurmalar” etməsidir. O, bunu hüquqi, riyazi və bir çox sahələrdə tətbiq edir. Nəzərə almaq lazımdır ki, səhiyyə məsələlərində süni intellektə tam güvənmək olmaz. Ən çox inkişaf etmiş Çin təbabəti belə, 80% insanın xəstəliklərdən sağalmasının birbaşa qida ilə bağlı olduğunu qeyd edir. Qidalanma doğru deyilsə, əksinə xəstəliklər arta bilər”.

Bəs dietoloqlar bu məsələyə necə yanaşır?

Dietoloq Nigar Qarəhmədova Lent.az-a bildirib ki, sağlamlığı qeyri-peşəkar və nəzarətsiz texnologiyaya əmanət etmək olmaz:

“Son zamanlar bəzi şəxslərin süni intellekt ilə hazırlanmış pəhriz proqramlarını insanlara təqdim etdiyini müşahidə edirik. Lakin bu olduqca təhlükəli tendensiyadır. Çünki insan orqanizmi unikal və kompleks sistemdir. Burada bir çox amillər, o cümlədən, yaş, çəki, cins, xəstəliklər, dərman qəbulu, fiziki aktivlik səviyyəsi, psixoloji durum nəzərə alınmalıdır. Çünki bu məlumatların hər biri qidalanma planına təsir edir. Süni intellekt isə bu məlumatları obyektiv dəyərləndirə bilmədiyi halda, standart cavablar və ya yanlış yönləndirmələrlə sağlamlığa zərər verə bilər. Məsələn, şəkərli diabet xəstələrinin insulin dəyərlərini nəzərə almadan ona pəhriz proqramı hazırlasaq, vəziyyətini ağırlaşdıra bilərik. Yaxud hipertoniya və ya ona bənzər böyrək xəstəliyi olan şəxslərin həddindən çox protein qəbul etməsi onun həyatını təhlükəyə ata bilər.

Məsləhətimiz odur ki, süni intellekt yalnız köməkçi vasitə kimi istifadə edilsin. Onu həkim və ya dietoloq yerinə qoymaq nə etik, nə də sağlamlıq baxımından doğru deyil.

Bir çox insan tez nəticə almaq üçün bu formada hazır proqramlara üz tutur. (Bu yalnız süni intellekt yox, hazır dieta proqramı da ola bilər). Qısamüddətli faydanın uzunmüddətli fəsadları olur. Sağlamlıq ciddi məsələdir. Onu qeyri-peşəkar və nəzarətsiz texnologiyaya əmanət etmək olmaz”.

Bəs görəsən, dietoloqun süni intellektə əmanət etdiyi xəstənin səhhətində problem yaransa, məsuliyyət məsələsi necə tənzimlənəcək?

Hüquqşünas Şamil Paşayev Lent.az-a bildirib ki, həkim-dietoloq köməkçi vasitələrdən istifadə etsə belə, sonda məsuliyyəti özü daşıyır:

“Həkim-dietoloq işləmək üçün ali tibb təhsilli olmaq lazımdır. Əgər həmin diplom xarici ölkələrdə əldə edilibsə, o zaman mütləq Azərbaycanda tanınmadan keçməlidir. Şəxsin diplomu yoxdursa və özünə klinika açıbsa, inzibati məsuliyyətə cəlb olunur.

Əgər şəxs həkim-dietoloqdursa, köməkçi vasitələrdən (məsləhətçi, assistent, sosial media və ya süni intellekt) istifadə etməklə pəhriz proqramları yazmasında hər hansısa məhdudiyyət yoxdur. Nəticədə şəxs özü buna cavabdehlik daşıyır. Amma şəxs bu sahənin mütəxəssisi deyilsə və pəhriz yazmaq səlahiyyəti yoxdursa, ən azından tibb, biologiya sahələrində universitet yaxud kollec məzunu olmayıbsa, sertifikat almayıbsa, kurslarda iştirak etməyibsə və özünü dietoloq adlandırıb pəhrizlər yazırsa, (elmi, emprik biliklərə əsaslanmayan) pasiyentin sağlamlığına zərər vururusa, bu zaman onu həm məsuliyyətə cəlb etmək, həm də təzminat almaq mümkündür.

Qeyd edim ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Bundan əlavə qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə-dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir”.

Qeyd edək ki, bir neçə gün əvvəl keçmiş aparıcı Günel Musəvinin aylıq 130 dollara aldığı pəhriz proqramının "ChatGPT" ilə yazılması barədə xəbər vermişdik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
lent.az

1Sources