ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan Muxtar Respublikasında iyun ayının əvvəlindən etibarən muxtar respublika üzrə 172 fermer tərəfindən 180 minə yaxın xırdabuynuzlu heyvan yaylaqlara aparılıb. Hazırda heyvanlar əsasən Şərur, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarının yaylaq sahələrində yerləşdirilib. Muxtar respublika üzrə icarə verilmiş yaylaq sahələrinin ümumi həcmi isə 21 min 105 hektardır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev Şahbuz rayonunun yaylaqlarında fəaliyyət göstərən fermerlərlə görüşüb, mövcud vəziyyətlə maraqlanıb. Nazirə məlumat verilib ki, yaylaq məskunlaşması baxımından Şahbuz rayonu ilk sıradadır. Hazırda rayonda 90 fermer tərəfindən 100 minə yaxın xırdabuynuzlu heyvan yerləşdirilib.
Görüşlər zamanı otlaq və torpaq sahələrindən səmərəli istifadə, otlaq mühitinin davamlılığının təmin olunması və baytarlıq xidmətlərinin təşkili məsələləri müzakirə edilib. Obalarda yaşayan sakinlərlə fikir mübadiləsi aparılıb, onların təklifləri qeydə alınıb. Eyni zamanda, yaylaq təsərrüfatlarındakı heyvanlara baytarlıq xidmətləri göstərilib, vaksinasiya və dezinfeksiya tədbirləri həyata keçirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında heyvandarlıq kənd təsərrüfatının aparıcı sahəsini təşkil edir və ümumi kənd təsərrüfatı məhsullarının 90 faizini əhatə edir. 2025-ci ilin ilk beş ayında muxtar respublikada ümumi dəyəri 86 milyon 631 min 300 manat olan kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bunun 78 milyon 64 min 400 manatı heyvandarlıq sahəsinə aiddir.
XQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.