EN

“Yay Fest 2025”in ilk həftəsi başa çatıb

Prezidenti İlham Əliyevin elan etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Yay Fest 2025”in ilk tematik həftəsi - “Milli-mənəvi dəyərlər” düşərgəsi uğurla yekunlaşıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətindən bildirilib ki, ölkə gəncləri arasında milli şüurun gücləndirilməsi, vətəndaş məsuliyyətinin artırılması və dövlətçilik dəyərlərinin təbliği istiqamətində təşkil edilən builki festivalın ilk dürşərgəsində 250 gənc bir araya gəlib. Düşərgə çərçivəsində iştirakçılar üçün dövlətçilik və milli suverenlik mövzularını özündə birləşdirən zəngin və məqsədyönlü proqram həyata keçirilib. Düşərgə boyunca təşkil edilən “Vətəndaş ruhu rənglə görünsün” adlı master-klass, “İdeyadan imzaya: Suveren düşüncə, yerli innovativ təşəbbüs” panel müzakirəsi, “Zəfərin səsi: Dövlətçilikdən qələbəyə” adlı görüş, “Hüquqla yaşamaq: Vətəndaşlıq mədəniyyətinin kodu” interaktiv sessiya və rektorlarla “Təhsildə milli kimlik və suveren fikrin uğurlu sinerjisi” adlı görüş gənclərin milli dəyərləri daha da yaxşı mənimsəməsinə xidmət edib. Eyni zamanda, gənclərin şəbəkələşməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən məhkəmə simulyasiyası, intellektual oyun, müxtəlif idman turnirləri, stolüstü oyunlar, haykinq və airsoft təlimi düşərgənin əsas fəaliyyətləri sırasında yer alıb. Həmçinin rəsədxanaya maarifləndirici ekskursiya zamanı gənclər Astronomiya Muzeyi ilə yaxından tanış olublar. Hər günün sonunda DJ parti, gənclərin fərqli konseptlərdə təqdim etdiyi səhnə performansları və tonqalətrafı səmimi söhbətlərlə yadda qalıb.

Avqustun 29-dək 2 mindən çox gəncin iştirakı ilə davam edəcək festival çərçivəsində “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalip Diplomatiya” mövzularında mərhələli şəkildə daha yeddi düşərgə keçiriləcək.

Qeyd edək ki, möhtəşəm gənclər festivalı –“Yay Fest 2025” Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün seçimlərə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.

Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.

Chosen
4
2
xalqqazeti.az

3Sources