EN

“Keyfiyyətli tərcümə həm dilimizin, həm də oxucu zövqünün inkişafına xidmət edir” – Şöhlət İxtiyaroğlu

Bu gün Azərbaycan oxucusunun dünya ədəbiyyatı ilə tanışlığı əsasən tərcümələr vasitəsilə baş tutur. Çünki hər oxucu orijinal dildə oxumaq imkanı və bacarığına sahib deyil. Bu səbəbdən də tərcümənin keyfiyyəti, mətndəki orijinal ruhun qorunub saxlanılması və oxucuya doğma səslənməsi olduqca böyük əhəmiyyət kəsb edir. Amma təəssüf ki, bu gün Azərbaycanda tərcümə sahəsində bir çox problemlər yaşanır. Bu yazıda həm tərcümə mədəniyyətindəki boşluqları, həm də keyfiyyətli və natamam tərcümələrin ədəbi zövqə və dilə təsirini təhlil etməyə çalışacağıq.

Tərcümə sadəcə dil dəyişməsi deyil, bir mədəniyyətin digərinə nəql olunmasıdır. Dünya ədəbiyyatında böyük iz qoymuş müəlliflərin əsərləri yalnız tərcümə sayəsində Azərbaycan oxucusunun düşüncə dünyasına daxil olur. Əgər bu tərcümələrdə məna itir, üslub pozulur, əsərin ruhu dəyişdirilirsə, deməli, oxucuya təqdim olunan əsər artıq orijinalın təhrif olunmuş variantıdır. Əfsuslar olsun ki, bəzi hallarda klassik və müasir dünya ədəbiyyatından edilən tərcümələr ya həddindən artıq hərfi, ya da həddindən artıq sərbəst olur. Hər iki halda nəticə eyni dərəcədə uğursuzdur - orijinala bənzəməyən, nə mənaca, nə də estetik baxımdan oxucunu qane etməyən tərcümələr ortaya çıxır.

Ən geniş yayılan problemlərdən biri hərfi tərcümədir. Tərcüməçi mətnin ruhunu tutmadan, yalnız sözləri bir-birinə uyğunlaşdırmağa çalışır. Bu zaman tərcümə edilən mətn oxucu üçün ya anlaşılmaz olur, ya da son dərəcə süni səslənir. Belə əsərləri oxuyan şəxs təəssüf hissi ilə kitabı kənara qoyur və bu da ümumilikdə tərcüməyə və dünya ədəbiyyatına marağın azalmasına gətirib çıxarır. Nümunə üçün deyə bilərik ki, Şekspir, Dostoyevski, Kafka, Kamyu, Markes kimi müəlliflərin əsərləri yalnız tərcümə vasitəsilə bizə çatır. Amma bu müəlliflərin dərin fəlsəfi yükünü, dil oyunlarını, sarkazmını və ya simvolikasını qoruyub saxlamaq üçün yüksək intellekt, mədəni baza və dil duyumu tələb olunur. Bu isə hər tərcüməçinin sahib olduğu keyfiyyətlər deyil.

Tərcüməçi əsəri yalnız dildən-dilə keçirmir. O həm də müəllifin mədəniyyətini, düşüncə tərzini və ruhunu yeni bir dilə daşıyan vasitəçidir. Tərcüməçi əsərin müəllifi qədər yaradıcı olmalı, eyni zamanda əxlaqi və peşəkar məsuliyyət daşımalıdır.

Ədəbiyyat tərcüməsində iki amil vacibdir: orijinal mətni təhrif etməmək və onu tərcümə olunduğu dilin oxucusu üçün anlaşıqlı etmək. Bu isə yüksək balans tələb edir. Tərcüməçi nə qədər zəngin söz ehtiyatına, üslub çevikliyinə malikdirsə, mətn də bir o qədər orijinala yaxın olur.

Tərcüməçi çatışmazlığı - sistem problemi

Hazırda Azərbaycanda ən çox hiss olunan problemlərdən biri peşəkar tərcüməçilərin çatışmamasıdır. Tərcümə sahəsi kifayət qədər zəhmətli və uzunmüddətli iş tələb etdiyindən bu sahəyə gələn gənclərin sayı da azdır. Bundan əlavə, tərcümə sahəsi nə iqtisadi, nə də ictimai baxımdan yüksək qiymətləndirilmir. Belə olan halda bu sahəyə maraq azalır, keyfiyyət zəifləyir.

Burada dövlətin, təhsil sisteminin və ixtisaslaşmış tərcümə mərkəzlərinin üzərinə böyük iş düşür.

Son illərdə Azərbaycan kitab bazarında tərcümə əsərlərin sayı artsa da, onların əksəriyyəti kommersiya məqsədi ilə seçilən, bəzən heç ədəbi dəyəri olmayan, ancaq populyar olan kitablardan ibarətdir. Bu da oxucunun zövqünü formalaşdırmaq əvəzinə onu bəsit ədəbiyyata öyrəşdirir. Məsələn, dünya ədəbiyyatında böyük çəkisi olmayan, lakin sosial şəbəkələrdə populyarlıq qazanan kitabların tərcüməsi üstünlük təşkil edir. Bu kitablar əksər hallarda bədii dəyərdən uzaq, dil baxımından bəsit və zəif strukturlaşdırılmış olur. Nəticədə həm oxucu intellektual cəhətdən inkişaf etmir, həm də tərcümə ədəbiyyatına olan etibar sarsılır.

Əslində, bu sahədə dövlət dəstəyi vacib və qaçılmazdır. Tərcümə Mərkəzi və digər aidiyyəti qurumlar bu prosesi sistemləşdirməli, dövlət sifarişi ilə yüksək keyfiyyətli tərcümə layihələri həyata keçirməlidir. Eyni zamanda tərcüməçilərin peşəkar inkişafı üçün kurslar, təqaüdlər, xaricdə təcrübə proqramları təşkil olunmalıdır. Əgər bu sahədə davamlı qayğı və planlı iş görülərsə, Azərbaycan oxucusu dünya ədəbiyyatına daha sağlam, daha orijinal və daha dərin şəkildə yiyələnə bilər.

Mövzu ilə bağlı "Qədimqala" nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu Olaylar.az-a danışıb. Direktor bildirib ki, ədəbiyyat tərcüməsində əsas problem həm keyfiyyətsiz tərcümələrin, həm də məzmunsuz kitabların çoxluğudur ki, bu da dilin inkişafına və oxucu zövqünə mənfi təsir göstərir:

"Ədəbiyyat tərcüməsi sahəsində iki əsas problem mövcuddur: birincisi, keyfiyyətsiz və səthi tərcümələrin çoxluq təşkil etməsi, ikincisi isə dəyərsiz, məzmunsuz və oxucuya heç bir fayda verməyən kitabların dilimizə çevrilərək nəşr olunmasıdır. Bu iki məsələ, həm Azərbaycan dilinin inkişafı, həm də oxucu zövqünün formalaşması baxımından ciddi narahatlıq doğurur. Biz "Qədim Qala" nəşriyyatı olaraq çalışırıq ki, hər iki istiqamətdə - həm tərcümələrin keyfiyyətinə nəzarət, həm də seçilən əsərlərin dəyərli və faydalı olmasına xüsusi diqqət ayıraq. Çünki kitab yalnız çevrilmiş mətndən ibarət deyil, o həm də oxucuya estetik və intellektual zövq aşılamalıdır. Bu isə yalnız keyfiyyətli tərcümə və məqsədəuyğun əsər seçimi ilə mümkündür.

Təəssüflə qeyd etmək lazımdır ki, bu gün bir çox hallarda dəyərli əsərlər dilimizə kifayət qədər zəif səviyyədə çevrilir. Tərcümə sahəsində peşəkarlıq problemi yaşanır. Nəşriyyatlar çox vaxt keyfiyyətli tərcüməçi tapmaqda çətinlik çəkir, bəzi hallarda isə məcburən özləri tərcüməçi "kəşf edir", yəni yeni kadrlar yetişdirməyə çalışır. Bu, təbii ki, çox çətin və uzunmüddətli prosesdir. Lakin başqa çıxış yolu qalmadığından nəşriyyatlar bu missiyanı da öz üzərinə götürməyə məcbur olur. Bu isə bütövlükdə sistemin zəifliyini göstərir".

Ş. İxtiyaroğlunun sözlərinə görə, ədəbiyyat tərcüməsində orijinal mətnin ruhunu qorumaq və onu yerli oxucuya anlaşıqlı şəkildə təqdim etmək əsas qayələrdən biridir. Tərcüməçinin işi sadəcə sözləri çevirmək deyil, eyni zamanda müəllifin üslubunu, ideyasını, düşüncə tərzini olduğu kimi saxlamaq və oxucuya ötürməkdir. Bəzən tərcüməçilər mətnin zahiri formasına həddindən artıq bağlanaraq onun mənəvi-estetik mahiyyətini itirirlər. Bu isə o deməkdir ki, tərcümə artıq öz funksiyasını yerinə yetirmir.

"Xüsusilə qeyd edilməlidir ki, bədii ədəbiyyatda hərfi tərcümə yolverilməzdir. Çünki hərfi tərcümə çox vaxt mətnin təbiiliyini pozur, oxucu üçün anlaşıqsız və zövqsüz görünür. Ədəbiyyatda əsas olan müəllifin ideyasının və məzmununun qorunması, eyni zamanda həmin ideyanın tərcümə olunduğu dildə daha uyğun və səlis şəkildə çatdırılmasıdır. Tərcümə həm orijinala sadiq olmalı, həm də oxucu üçün doğma və təbii səslənməlidir. Bu isə yalnız peşəkar yanaşma ilə mümkündür.

Eyni zamanda tərcüməçinin dilin zənginliyindən istifadə etmə imkanları da genişdir. Məsələn, mümkündür ki, tərcüməçilər unudulmuş, işlək olmayan, lakin çox gözəl məna daşıyan sözləri mətnə uyğun şəkildə istifadə etməklə həm tərcüməyə estetik dəyər qazandıra, həm də dilimizin inkişafına töhfə verə bilərlər. Təəssüf ki, ya tərcüməçinin söz ehtiyatının zəif olması, ya da işinə səthi yanaşması ucbatından bu potensial çox zaman istifadə olunmur. Bir çox tərcümələrdə yalnız sözbəsöz yanaşma müşahidə olunur ki, bu da mətnin ruhunu korlayır, ifadələrin estetikliyini yox edir və oxucuya ötürülmək istənilən mənanı tam çatdırmır".

Direktor həmçinin qeyd edib ki, tərcümə sahəsində keyfiyyətin yüksəlməsi üçün dövlət dəstəyi, peşəkar yanaşma və həvəsləndirici tədbirlərlə gənclərin bu sahəyə cəlb edilməsi vacibdir:

"Bu sahədə mövcud problemlər isə yalnız nəşriyyatların üzərinə qoyulmamalıdır. Bu, sistemli yanaşma tələb edən məsələdir və burada dövlətin rolu olduqca böyükdür. Tərcümə sahəsində çalışanların hazırlanması, bu sahəyə gənclərin cəlb olunması və tərcüməçilərin peşəkar inkişafı üçün dövlət tərəfindən dəstək və proqramlar olmalıdır. Tərcümə Mərkəzi və digər aidiyyəti qurumlar bu sahədə daha fəal olmalı, təşəbbüslər göstərməlidirlər. Hazırda tərcümə sahəsi gənclərin və tələbələrin maraq dairəsində deyil. Çünki bu sahənin cazibəsi yoxdur, maddi sabitlik və karyera inkişafı təmin olunmur. Əgər dövlət tərəfindən bu sahəyə xüsusi diqqət göstərilərsə, planlı şəkildə layihələr həyata keçirilərsə, tərcümə peşəsi həm prestijli, həm də gəlirli sahəyə çevrilə bilər. Nəticədə daha çox gənc bu istiqamətə maraq göstərər və peşəkar tərcüməçilərin yeni nəsli formalaşar".

Ş. İxtiyaroğlu sonda əlavə edib ki, tərcümə sahəsi Azərbaycanda inkişaf mərhələsindədir, lakin bu inkişaf davamlı və keyfiyyətli şəkildə aparılarsa, Azərbaycan oxucusu dünya ədəbiyyatını daha yüksək səviyyədə, daha orijinal və daha dəyərli şəkildə oxuma imkanı əldə edəcək:

"Azərbaycan tərcümə mədəniyyəti hələ formalaşma mərhələsindədir. Bu sahədə müəyyən uğurlar olsa da, problemlər daha çoxdur. Əgər biz dünya ədəbiyyatını layiqincə tanımaq və təbliğ etmək istəyiriksə, ilk növbədə tərcümə sahəsinə ciddi yanaşmalıyıq. Keyfiyyətli tərcümə - milli ədəbiyyatın inkişafına, dilin zənginləşməsinə və oxucu səviyyəsinin yüksəlməsinə xidmət edir. Unutmayaq ki, dünya ədəbiyyatı azərbaycanca nə qədər "doğru" səslənirsə, bir millət kimi intellektual sərhədlərimiz də bir o qədər genişlənir".

Səidə Ramazanova 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
olaylar.az

1Sources