Bu sözləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi qeyd edib ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryusun sülh danışıqlarına dəstək ifadə edən bəyanatı isə Vaşinqtonun prosesə təmkinli yanaşdığını və indiki mərhələdə tərəflərin iradəsinə hörmət etdiyini göstərir. Deyərdim ki, bu açıqlamada vasitəçilikdən çox, dəstək və təşviqedici mövqe ön plandadır. Bu, əslində postsovet məkanında dəyişən diplomatik yanaşmanın əlamətidir. Əbu-Dabi formatı göstərdi ki, vasitəçisiz, birbaşa dialoq həm daha səmərəli, həm də siyasi nəticələr doğuran modeldir. Bu görüş, Azərbaycanın prinsipial mövqeyinin və güclü liderliyinin nəticəsidir. Ermənistan da artıq bu reallıqla barışmaq məcburiyyətindədir. Vasitəçilərsiz format həm zaman baxımından operativlik təmin edir, həm də milli maraqlara daha uyğun şəkildə məsələlərin həllinə imkan yaradır. Elə düşünürəm ki, ABŞ-nin indiki ritorikasında birbaşa vasitəçilik cəhdi görünmür. Bunun əvəzinə, Vaşinqton regional sülh təşəbbüslərinə dəstək göstərmək, tərəflərin suverenliyinə hörmətlə yanaşmaq və sabitlik yönündə diplomatik balans saxlamaq xəttini izləyir. Bu, Azərbaycanın milli maraqları baxımından daha uyğun və məqbul mövqedir. Amma bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan öz hərbi-siyasi gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi və diplomatik bacarığı ilə vasitəçiyə ehtiyac olmadan nəticə əldə edə biləcək gücdədir. Vasitəçilər uzun illər bu prosesi dondurdu, status-kvonu qorumağa çalışdılar. Lakin indi regionda yeni güc balansı formalaşıb - və bu balansın mərkəzində Azərbaycan dayanır. Bu baxımdan, Əbu-Dabi görüşü yalnız danışıqların davamı üçün razılıq əldə olunması ilə deyil, həm də Cənubi Qafqazda diplomatik müstəqilliyin təməlini qoyması ilə tarixi əhəmiyyət daşıyır. Azərbaycan sülh prosesində öz şərtlərini, öz maraqlarını və öz gələcəyini özü müəyyənləşdirir. Bu, 44 günlük Zəfərin siyasi təntənəsidir.
Səidə Ramazanova