Siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərləri ölkədə formalaşan siyasi dialoq mühitinin möhkəmlənməsinə hansı töhfələri verir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
"Ağdama təşkil edilən səfər Azərbaycan cəmiyyətində siyasi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu təkcə Qarabağdakı infrastrukturun nümayişi deyil, həm də siyasi institutlar arasında yaranan etimadın simvoludur. Fərqli ideoloji mövqelərə malik partiya sədrlərinin eyni məkan və gündəlik ətrafında bir araya gəlməsi siyasi rəqabət mühitinin daha konstruktiv bir platformaya çevrildiyinin göstəricisidir. Bu səfər müxalifət və iqtidar arasındakı münasibətlərin qapalı debat formatından çıxaraq ictimai müşahidə ilə müşayiət olunan açıq dialoqa keçdiyini sübut edir.
Prezident Administrasiyasının bu təşəbbüsünün ardında duran əsas məram - siyasi sabitliyin yalnız inzibati deyil, həm də ideoloji konsensus üzərində qurulmasıdır. Ədalət Vəliyevin vurğuladığı kimi, milli həmrəylik və siyasi sabitlik ölkənin inkişaf trayektoriyasının dayanıqlı olmasına xidmət edir. Bu kontekstdə Ağdamın seçilməsi təsadüfi deyil. Şəhər illərlə davam edən işğal dövründə fiziki və mənəvi zədələr almışdı. İndi isə, Konqres Mərkəzindən tutmuş sənaye komplekslərinə qədər qurulan obyektlər Ağdamın iqtisadi və siyasi dirçəlişinin fiziki sübutudur.
Sənaye parklarının yaradılması bölgənin iqtisadi xəritədə yenidən mövqe tutmasını təmin edir. Bu, Ağdamın iqtisadi reinteqrasiyası ilə yanaşı, Azərbaycanın regional ticari əlaqələrində də yeni bir dinamikaya səbəb olur. Məşğulluq imkanlarının genişlənməsi isə "Böyük Qayıdış" proqramını sosial baxımdan real və cazibədar edir. Qayıdan insanlar təkcə evlərinə deyil, həm də perspektivli iqtisadi gələcəyə qayıtmış olurlar.
Dini abidələrin və mədəni obyektlərin bərpası bölgənin yalnız infrastruktur baxımından deyil, mədəni yaddaş kontekstində də dirçəlişini təmin edir. Muğam Mərkəzi kimi mədəniyyət ocaqları Qarabağın ruhunu yaşadan strukturlar olaraq siyasi inteqrasiyanı mədəni diplomatiya ilə müşayiət edir.
Nəticə etibarilə, Ağdama edilən bu səfər təkcə siyasi jest deyil - bu, Azərbaycanın yeni siyasi mədəniyyət modelinin yerində nümayişidir. Qarabağda aparılan bərpa işləri həm ideoloji birlik, həm iqtisadi inkişaf, həm də dövlətlə cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından strateji önəm daşıyır".
Zeynəb Mustafazadə