"Bloomberg" nəşrinin tanınmış jurnalisti və texnoloji insayder Mark Qurmanın məlumatına görə, "Apple" şirkəti 2026-cı ilin birinci yarısında geniş çeşidli yeni cihazların təqdimatını planlaşdırır.
Valyuta.az xəbər verir ki, bura həm mövcud məhsulların yenilənmiş versiyaları, həm də tamamilə yeni qurğular daxildir.
Qurmanın sözlərinə əsasən, fevral ayında yeni "iPhone 17e" modeli təqdim oluna bilər. Bu smartfon "Apple"ın yeni A19 çipi ilə təchiz ediləcək.
"Mac" kompüterləri sahəsində də yeniliklər gözlənilir – "MacBook Air" və "MacBook Pro" modelləri növbəti nəsil M5 prosessorları ilə yenilənəcək.
Planşetlər bölməsində mart və ya aprel aylarında M4 çipli yeni "iPad Air" satışa çıxarıla bilər. Həmçinin daha münasib qiymətli baza "iPad" modeli daha güclü prosessorla təchiz olunaraq yenidən təqdim ediləcək.
"Apple"ın 2026-cı ilin ilk altı ayı üçün məhsul planında bunlar da yer alır:
* "Apple Studio Display" və "Pro Display XDR" monitorlarının yeni versiyaları
* Ağıllı ev üçün yeni mərkəz qurğu (hub)
Bu yeniliklər, "Apple"ın 2025-ci ilin sonuna qədər təqdim edəcəyi məhsullardan sonra gələcək. Bu ilin sonunda əsas "iPhone 17" modelləri, yeni nəsil "Apple Watch" (Ultra və SE versiyaları daxil olmaqla) və yenilənmiş "iPad Pro" təqdim olunacaq.
Paşa Məmmədli