EN

“Sabah”a ümid var

Dünənki matçın ədalətli nəticəsi bərabərlik idi. Hətta məğlubiyyətə rəğmən “Sabah” rəqibindən daha yaxşı oynadı. Futbol olaraq “Çelye”dən nəinki geri qalmadıq, üstələdik də.

Təbii ki ammalar da var. Az deyil, onları da yazacam.

Statistika deyir ki, rəqibin demək olar heç bir komponentdə üstünlüyü olmayıb. Top saxlama təxminən eynidir. “Çelye”nin oyun ərzində çərçivəyə cəmi 3 zərbəsi (“Sabah”da 6 idi) oldu, onlar da birbaşa tabloda öz əksini tapdı. Bundan başqa qonaqların xüsusi nə iləsə yadda qaldığını mən də xatırlamıram. Bunun üçün oyuna təzədən baxdım. Noqeyranın öz dirəyimizi nişan aldığı epizoddan başqa təhlükəyə də şahidlik etmədik. Yəni “Çelye”ni “Barselona” kimi qələmə verməyək. Bəli, yaxşı komandadılar, enerjilidilər, dinamikdilər, amma nəhəng deyillər. Oynamaq da, qalib gəlmək də olar.

Buraxdığımız qollardan ikisinin fərdi səhvlərdən, daha doğrusu, mövqe səhvlərindən, lap dəqiq desək, Solvetin mövqe səhvlərindən baş verdiyini deyə bilərik. Fransız müdafiəçinin yaxşı ötürməsi, texnikası, gücü olsa da, müdafiədə biabırçı idi. Bunun düzəlməyəcəyini demək yanlış olar, çünki 1 oyunla oyunçuya qiymət vermək düz deyil. Ancaq fakt odu ki, məhz onun mövqe səhvlərindən qapımızda qollar gördük. Bunu həm də uyğunlaşma probleminə də bağlamaq lazımdı. Solvetin komandada ilk rəsmi matçıdır, Noqeyrayla anlaşmanın yüksəltmək üçün vaxt lazımdı. Anlaşma müdafiənin mərkəzində xüsusi əhəmiyyət daşıyan məfhumdur. Məşqçi də yenidir, onun da taktiki baxışının oturtması üçün da zaman tələb olunur. 4 müdafiəçidən ikisi – Zedadka da ilk matçını keçirirdi – təzə olanda, biri isə – Rəhman mərkəzdə daha effektivdir, cinahda Letiçin zədəsi səbəbindən yer aldı – öz doğma mövqeyində oynamayanda ortaya çıxan problemlərin səbəbini tapmaq olur.

Berezutskinin, elə Renduliçin də dövründə olduğu kimi Dambrauskasın da yaxşı pleymeyker yoxluğundan əziyyət çəkdiyi göründü. Startda Nuriyev bu işin öhdəsindən gəlsə də, sonra yoruldu və onsuz da az olan effektivliyi lap aşağı düşdü. Xüsusilə ikinci hissədə “Çelye”nin təzyiqi zamanı müdafiədən çıxartdığımız toplar orta xəttimizdə ilişib qalır, itirilir, hücumlarımız başlamamış bitirdi. Belə məqamlarda oyunu öz üzərinə götürən, oyun qurmağı bacaran birinə ehtiyac olur. Dambrauskas bu işi Anatolidən sonra növbə ilə Umaraliyə, İvana, Abdullaya tapşırsa da, səmərə olmadı. Ancaq dayaq zonasından uzun ötürmələrlə də çıxa bildiyimiz məqamlar olurdu, onlardan birində Sekidika yaxşı şansı qaçırdı.

Son qolu isə yorğunluqdan (toplanışlar təzə başlayıb, proses heç yarılanmayıb. Adətən bu vaxtlarda məşqçilər fiziki yüklənmələrə daha çox üstünlük verir, yeni mövsümün atletik hazırlığının təməlini formalaşdırır. Ona görə də ilk matçlarda futbolçuların 60-75 dəqiqədən artıq tonusda qalması mümkün olmur) irəli gələn konsetrasiya dağınıqlığına yaza bilərik. Hamı kimi komanda da oyunun belə bitəcəyinə inanmışdı. Cəmi 1 dəqiqə əvvəl Zinəddin 2 metrdən qapıya düşməyəndə bunun son epizod olduğu qənaəti vardı. Amma “Çelye”nin avrokubok təcrübəsi başqa şeyi deyirdi. Bu qol göstərdi ki, Avropada nəsə əldə etmək, uğur qazanmaq istəyirsənsə, təkcə istedad, bacarıq, çalışqanlıqla yanaşı, döyüşkənlik və mübarizliyin də olmalıdır.

Chosen
9
2
vaxt.az

3Sources