EN

İstanbulun tarixi Hünkar Qəsrində azərbaycanlı rəssamın əsərləri nümayiş olunur

İstanbul, 11 iyul, Günel Karatepe, AZƏRTAC

İstanbulun tarixi Yeni Cami Hünkar Qəsrində “Tarixin rənglərində İstanbul” mövzusunda rəsm sərgisi açılıb. Sərgidə Azərbaycan və türkiyəli rəssamlar Vaqif Zeyidquliyev və Fatma Kılıçın əsərləri nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, İstanbul Ticarət Palatasının (İTP) mədəniyyət və incəsənət tədbirləri çərçivəsində açılan sərgidə İstanbulun tarixi abidələrini sulu və akril boya ilə təsviri yer alıb.

Sərginin açılışında İstanbul Ticarət Palatası sədr müavini Mehmet Develioğlu, məclis üzvləri və sənətsevərlər iştirak ediblər.

Tədbirdə çıxış edən Mehmet Develioğlu palatanın ticarətlə yanaşı, mədəniyyət və incəsənət sahəsinə də dəstək verdiyini bildirərək deyib: “İllər əvvəl bərpasını tamamladığımız və hər ay fərqli tədbirə ev sahibliyi edən Hünkar Qəsrində bir çox sənətsevəri qonaq etməkdən məmnunluq duyuruq. Sərgi salonumuzun İstanbulun mərkəzində yerləşməsi, sənətsevərlərlə sənətçilər arasında güclü bağ qurulmasına imkan yaradır. İTP olaraq incəsənətə və sənətçiyə dəstək verməyə davam edəcəyik”.

Tarixi binaların möhtəşəmliyini bu günə daşıyan sərgidə Vaqif Zeyidquliyevin sulu boya ilə çəkilmiş 44 , Fatma Kılıçın isə 23 əsəri yer alıb.

Sərgi avqustun 3-dək davam edəcək.

Qeyd edək ki, Vaqif Zeyidquliyev 2023-cü ildən etibarən İstanbulun dünyaşöhrətli Sultan Ahmet Camisində başladılan restavrasiyanın qələm işlərində yaxından iştirak edib. O, daha sonra yenə İstanbulda yerləşən Sultan Əbdül Məcidə aid köşkdə aparılan restovrasiyada yer alıb. Vaqif Zeyidquliyev köşkün tavanında yerləşən kətan üzərindəki rəsmin yenidən canlanmasına vəsilə olub.

 

 

Chosen
6
1
azertag.az

2Sources