Əvvəla onu qeyd edim ki, bu görüş bir daha sülh və əməkdaşlıq gündəliyinin müəllifinin məhz Azərbaycan olduğunu təsdiqlədi. Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Əbu-Dabi görüşünün yekunlarına dair yaydığı məlumatda qeyd edilir ki, görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edildi. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqləndi və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırıldı. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verdilər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəldilər.
Əbu-Dabi görüşü 2020-ci ildəki 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar fonunda, Azərbaycan və Ermənistan arasında baş tutan danışıqlar zəncirinin davamı olaraq dəyərləndirilməlidir. Görüşdə vasitəçi və ya xarici aktorların iştirakı olmadan, liderlərin təkbətək və geniş tərkibdə apardığı danışıqlar formatı sülh danışıqları prossesinin keyfiyyətini və dərinliyini artıran əsas faktor idi. Görüşün təxminən beş saata qədər davam etməsi və ardınca hər iki ölkənin Xarici İşlər Nazirliklərinin səsləndirdiyi pozitiv mesajlar göstərdi ki, danışıqlar konstruktiv atmosferdə keçib. Bu, həm də onu sübut edir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün birbaşa təmaslar daha effektiv və məhsuldardır.
Əbu-Dabinin indiyə qədər görüşlərin keçirildiyi məkanalardan fərqli olaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında səmimi olduğunu və öz maraqlarını masaya yatırmaması xüsusi olaraq qeyd edilməlidir. Üçüncü tərəflərin iştirakı ilə keçirilən görüşlərdə həmin tərəflərin öz maraqlarını da masaya yatırması danışıqların effektini azaltmaqla yanaşı bu və ya digər məsələdə razılaşma əldə etməyi də çətinləşdiridi. Bu dəfə isə BƏƏ tam neytral platforma yarada bilmişdi və biz gördük ki, bu ölkənin hər hansı rəsmi şəxsləri danışıqlar prosesində ümumiyyətlə iştirak etmədilər.
Beş saata yaxın davam edən görüşdə sülh sazişi ilə yanaşı kommunikasiyaların açılması, Zəngəzur dəhlizi, delimitasiya prossesi və digər vacib məsələlərin müzakirəsi onu deməyə əsas verir ki, danışıqlar istənilən istiqamətdə davam edir. Əlbəttə ki, prosesin gələcək dinamikası bir çox amillərdən asılı olacaq. Həm Ermənistan daxilindəki siyasi sabitlik, həm də beynəlxalq güc mərkəzlərinin bu prosesi nə dərəcədə dəstəkləyəcəyi həlledici rol oynayacaq.
Ümumiyyətlə, baş tutan görüşün təkcə iki ölkənin münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi baxımından mühüm hadisə kimi tarixə düşəcəyini deyə bilərik. Bu görüş regionda uzunmüddətli sabitlik və sülhün təmin olunması baxımından yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Yusif Bağırzadə, politoloq