EN

Coy Lens Mikels: İnanırıq ki, geridönüş edəcəyik

BAKI, 11 iyul. TELEQRAF

"Çətin oyun keçdi. “Tsele” çox güclü rəqibdir. Heyətlərində kifayət qədər yaxşı futbolçular var. Lakin biz də onlardan geri qalmırdıq".

Bunu Teleqraf-a açıqlamasında "Sabah" komandasının futbolçusu Coy Lens Mikels evdə Sloveniya "Tsele"sinə 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

31 yaşlı hücumçu matça yaxşı başladıqlarını söyləyib: "Erkən qol vurduq. Təəssüf ki, yekunda uduzduq. Son dəqiqələrdə qol buraxmaq üzücüdür. Qarşıda hələ cavab oyunu var".

O, komandanın oyun üslubu barədə söz açıb: "Öz oyunumuzu oynadıq. Elə keçən mövsümkü kimi çıxış etdik. Bu, bizim tərzimizdir. Gələn həftə, cavab matçında da öz oyunumuzu nümayiş etdirəcəyik".

Mikels mərhələ adlayacaqlarına inandığını bildirib: "İnanırıq ki, geridönüş edəcəyik və mərhələ adlayan tərəf olacağıq".

Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu iyulun 17-də Sloveniyada keçiriləcək.

Chosen
6
teleqraf.com

1Sources