
“Birləşmiş Ərəb Əmirliklərinin təqdim etdiyi platforma əsasında Azərbaycan və Ermənistan liderlərinin və nümayəndə heyətlərinin görüşünü müsbət qiymətləndirirəm. Xüsusilə, burada diqqət çəkən məqam kimi tərəflərin vasitəçi olmadan bir araya gələrək müzakirələr aparmasını qeyd etmək lazımdır. Aydındır ki, vasitəçilərin olması o deməkdir ki, proseslərin gedişatında daha çox vasitəçi dövlətin maraqları nəzərə alınır, onun tərəflərə təsir imkanları olur ki, bu da ümumi nəticəyə gəlmək işini çətinləşdirir. Ancaq tərəflərin vasitəçi və kənar təsir olmadan bir araya gələrək danışıqlar aparması uğurlu variantdır və tərəflərin maraqlarına tam uyğundur”.
Bu fikirləri “Reytinq” qəzetinin əməkdaşına Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə dünən Əbu-Dabidə baş tutan Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında sülh danışıqlarını şərh edərkən səsləndirib.
Asim Mollazadə diqqəti görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin açıqlamalarına çəkərək deyib ki, tərəflər aparılan müzakirələrdən razı qalıblar: “Verilən açıqlamlarda konstruktiv danışıqların aparıldığı qeyd edilib, müzakirələrin davam etdiriləcəyi vurğulanıb. Bunun özü müsbət hadisədir. Sözsüz ki, son nöqtəyə çatana qədər danışıqlar davam edəcək. Eyni zamanda xüsusi işçi qrupları çərçivəsində tərəflər arasında müzakirələr və kontaktlar davam etdiriləcək. Müsbət nəticələr gözləniləndir”.
Deputat qeyd edib ki, burada mühüm olanı vasitəçilər olmadan müzakirələrin aparılmasıdır:
“Vasitəçilərin olmaması ilə eyni zamanda region xarici təsirlərdən qorunmuş olur. Qənaətimcə, bu vacib məqamdır və tərəflər ikitərəfli formatda görüşlərini davam etdirməlidir. Təcrübə göstərir ki, vasitəçilərin olması prosesin ümumi axarına hər zaman müsbət təsir etmir”.
Sülh sazişinin bağlanmasının hansı mərhələdə mümkün olacağına gəldikdə, Mollazadə deyib ki, bunun üçün Ermənistan iddialarına son qoymalı, normal qonşuluq münasibətlərinə gəlməlidir. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə dəfələrlə normal qonşuluq münasibətlərinə hazır olduqlarını bəyan ediblər: “Ermənistan normal qonşuluq münasibətləri istəməli, qonşularına münasibətdə əsassız iddialara yer verməməlidir. Eyni zamanda bu ölkə hansısa qüvvələrin hərbi bazası kimi deyil, müstəqil və normal dövlət kimi çıxış etməlidir. Bu halda heç bir problem olmaz. Əksinə, danışıqlar uğurla davam edər və müsbət nəticələr əldə olunar. İndiki halda prosesin davam etməsi də müsbət haldır”.
Y. QACAR
Reyting.az